KÖŞƏ

Taleh Turqut

Milli təhlükəsizliyimizi təhdid edən saytlar

13 iyul 2018 16:24
1471
Onlara qarşı necə mübarizə aparmalı?

Müasir dövrümüzü internet texnologiyalarsız təsəvvür etmək çətindir. Onlayn resurslar və sosial şəbəkələr təkcə işimizlə bağlı deyil, şəxsi həyatımızla da bağlı bir çox məsələlərə nüfuz edib.

Təəssüflə qeyd etmək lazımdır ki, internet resurslarından istifadənin müsbət tərəfləri ilə yanaşı, mənfi, hətta bəzən olduqca təhlükəli yönləri də vardır. İndi bir çox güc mərkəzləri cəmiyyəti yönləndirmək məqsədilə məhz sosial medianın imkanlarından istifadə edirlər. Son illərdə dünyanın bir çox bölgələrində baş verən böyük ictimai-siyasi hadisələr zamanı bəzi qüvvələrin ondan necə “məharətlə” istifadə etdiyi hər kəsin yadındadır.

Azərbaycan əhalisinin təqribən 80 faizi internet istifadəçisidir. Bu o deməkdir ki, bizim cəmiyyətimizdə də internet resurslarının böyük təsiri var. Lakin bu təsirdən bəzi qüvvələr bir sıra hallarda öz çirkin məqsədləri üçün istifadə etməyə çalışırlar. Bu özünü ölkəmizdə baş verən əlamətdar hadisələr zamanı daha çox büruzə verir.

Son günlər Azərbaycanda baş verən hadisələr zamanı marığa yatan belə internet resursları yenidən fəallaşdılar və təxribat xarakterli  informasiyalar yaymağa başladılar. Mingəçevirdə baş verən qəza və Gəncə şəhərindəki terror hadisəsi zamanı bu tipli saytlar birdən-birə üzə çıxdılar və çaşdırıcı xəbərlər yaymağa, təxribatçı çağırışlar səsləndirməyə başladılar.

Haradan və kimlər tərəfindən idarə olunduğu bilinməyən belə saytlar xüsusilə Gəncə hadisələri zamanı guya Azərbaycanda böyük etiraz dalğasının yarandığı, insanlara qarşı zor tətbiqi haqqında saxta məlumatlar yayır, videoçarxlar nümayiş etdirirdilər.

Haqlı olaraq sual yaranır: bu saytların məqsədi nədir, onlar haradan idarə olunur və belə halların qarşısnı necə almaq mümkündür? 

Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli qəzetimizə açıqlamasında bildirdi ki, hazırda dünyada bu praktikadan istifadə edilməsi yeni deyil: “İlk növbədə ona baxmaq lazımdır ki, internet media resurslarından və sosial şəbəkələrdən bu cür hallarda təxribat məqsədilə istifadə etmək praktikası yeni deyil. Bilirsiniz ki, bu üsul “Ərəb baharı” zamanı təcrübədən keçirilib. O zaman bu planı həyata keçirən qüvvələr sosial şəbəkələr vasitəsilə cəmiyyətdə çaşqınlıq yarada bildilər. İkincisi, gözümüzün önündə Türkiyə nümunəsi var. Vaxtilə “Gəzi olayları” zamanı başqa ölkələrdə baş verən dağıntı və iğtişaş hallarını bilərəkdən Türkiyədə olubmuş kimi sosial şəbəkələrdə yayaraq beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışırdılar.

Oxşar hallar Azərbaycanda da dəfələrlə sınaqdan çıxarılmağa cəhd edilib. Məsələn, 2016-cı ilin aprel döyüşləri və digər əlamətdar hadisələr zamanı Azərbaycana qarşı bu cür təxribatlar oldu”.

M. Ələsgərli vurğuladı ki, belə vəziyyətdə internet resursları üzərindən bu işlərin aparılması daha məqsədəuyğundur: “Ona görə ki, internet şəbəkələri belə təxribatları yaymağa daha uyğun imkanlar yaradır. Birincisi, burada hansısa informasiya resursu yaratmaq maddi baxımdan çox sərfəlidi, çox asan başa gəlir. İkincisi, burada mənbəni gizlətmək də çox asandır. Yəni, konkret bir saytın harada yaradıldığını, kimlər tərəfindən idarə olunduğunu müəyyənləşdirmək çətin olur. Burada izi azdırmaq da mümkündür. Tutaq ki, hansısa sayt Almaniyada yaradılıb, ancaq bu, o demək deyil ki, o oradan idarə edilir”.

Əməkdar jurnalist, media eksperti Azər Həsrət bildirdi ki, belə saytlara nəzər saldıqda görünür ki, onlar sakit və sabit dövrlərdə normal saytlardır və adi formada fəaliyyət göstərirlər: “Mən şəxsən müşahidə etmişəm, onların arasında konkret olaraq elə saytlar var ki, normal dini təbliğatla məşğul olurlar, “Quran”ın təfsirindən yazırlar, insanları dinə dəvət edirlər və sair. Yəni, hər şey qanunlara uyğun olur, heç bir qeyri-adi yazılara və davranışlara rast gəlinmir. Amma bu cür kritik məqamlarda həmin saytlar dönüb olurlar təbliğat ruporu, insanları hərəkətə keçirmək üçün çağırış tribunası. Bəzən görürsən ki, radikal paylaşımlar edirlər, onların “əməkdaşları” gedib müəyyən hadisələr zamanı olay yerindən hətta canlı yayımlar edirlər və daha çox da qızışdırıcı tonda təqdimatlarla efirə çıxırlar. Bu da bir daha onu göstərir ki, onların əsas məqsədi bəlli bir dönəmdə komanda verildiyi zaman ortalığı qarışdırmaq, insanları təxribata cəlb etmək, onların emosiyalarını qızışdırmaqdır”.

Bəs dövlətin və cəmiyyətin təhlükəsizliyi, sabitliyi məqsədilə belə “xəbər” mənbələrinə qarşı necə mübarizə aparmaq mümkündür? Doğrudanmı indiki texnoloji imkanlar şəraitində bu cür təhlükəli və təxribatçı saytları zərərsizləşdirmək çətindir?

JuHİ-nin sədri Müşfiq Ələsgərli hesab edir ki, bütün bunlara baxmayaraq belə hallara qarşı mübarizə vasitələri də formalaşıb: “Mənim fikrimcə, ən yaxşı mübarizə formalarından biri cəmiyyətin ayıq-sayıq olmasıdır. Yaxşı haldır ki, bu cür vəziyyətlərdə Azərbaycanın media mənsubları, vətəndaş cəmiyyəti institutları ictimaiyyəti düzgün istiqamətləndirə bilirlər.

İkincisi, əlamətdar haldır ki, 2017-ci ildə Azərbaycanda “İnformasiya, informasiyalaşdırma və informasiya təhlükəsizliyi haqqında” Qanun qəbul edilib. Bu qanun lokal da olsa, belə saytlara qarşı tədbirlər görməyə imkan verir.

Üçüncü mübarizə üsulu isə hüquq mühafizə orqanlarının üzərinə düşür. Bizim də müvafiq dövlət qurumları bu istiqamətdə işlər görürlər”.

Əməkdar jurnalist Azər Həsrətin sözlərinə görə, bu istiqamətdə əsas vəzifə media və ictimaiyyətin fəal təbəqəsilə yanaşı, dövlət qurumlarının da üzərinə düşür: “Düşünürəm ki, Dövlət Təhlükəsizliyi Xidməti başda olmaqla dövlət strukturları bu cür saytları nəzarətdə saxlamalıdırlar. Onların daimi monitorinqi aparılmalıdır, o saytlarla daimi işləyən struktur vahidlərinin olması məqsədəuyğun olardı.

Onların atdığı hər bir addım mütləq izlənməlidir və lazım gəldiyi anda əngəllənməlidir. Çünki onların sahibləri, işlədənləri əsasən, antiazərbaycan fəaliyyətlə məşğul olurlar və məqsədləri də təxribat törətmək, ictimai asayişi pozmaqdır”.

Məhərrəm Ağalaroğlu
“Yelqovanlar”
Əmrah Fəqanoğlu
Vicdan yoxlaması
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...