KÖŞƏ

Zahid Rza

Milli maraqlarımıza zidd fəaliyyət yolverilməzdir

18 iyul 2018 14:12
3990

Azərbaycanda bütün sahələrdə olduğu kimi, mətbuat, söz azadlığı sahəsində də irəliyə doğru ciddi addımlar atılıb. Demokratikləşmə proseslərinin əsas atributlarından biri kimi mühüm əhəmiyyət kəsb edən azad mətbuat ölkəmizdə demokratiyanı səciyyələndirən başlıca göstəricilərdən biri kimi çıxış edir. Bu gün ölkəmizdə sıralarında kifayət qədər yüksək intellektə, peşəkar keyfiyyətlərə malik jurnalist ordusu formalaşıb.

 Çox təəssüf ki, son vaxtlar jurnalistikaya qazanc mənbəyi kimi baxan, qeyri-peşəkar, başqalarının əlində oyuncağa çevrilən, hətta erməni lobbisinin və Azərbaycan əleyhdarlarının sifarişi və maliyyəsi ilə fəaliyyət göstərən üzdəniraq “media nümayəndələri” ölkəmizdəki  demokratik şəraitdən sui-istifadə edərək hələ də media məkanında meydan sulayırlar. Belələri müstəqil Azərbaycanımızın dövlət mənafeyini, milli maraqlarını müdafiə etmək, görülən işlərdən söz açmaq, postneft dövrünü əhatə edən genişmiqyaslı islahatların  ruhuna uyğun analitik yazılar vermək, verilişlər hazırlamaq, maarifləndirici proqramlara üstünlük vermək, mövcud materiallara obyektiv yanaşmaq əvəzinə, ölkəmizdəki demokratik şəraitdən, söz, mətbuat azadlığından sui-istifadə edərək nəinki müxtəlif dövlət orqanlarının, ayrı-ayrı vətəndaşların, cəmiyyətin nüfuzlu üzvlərinin şərəf və ləyaqətini alçaldan, əsassız iddialarla dolu, həqiqətləri əks etdirməyən, böhtan xarakterli “məqalələr” dərc edərək onları “mənəvi terror”a məruz qoyurlar. Belə əməllərlə məşğul olanlar bilməlidirlər ki, mənəvi ziyan heç də hüquqi ziyandan az əhəmiyyət kəsb etmir. Bir də ki, mənəvi ziyan elə  hüquq pozuntusu nəticəsində vurulan ziyanın bir növüdür. Təbii ki, bütün bunlara görə artıq aidiyyəti qurumlar, hüquq mühafizə orqanları, həmçinin  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məsələ ilə bağlı ciddi tədbirlər görməlidirlər.

Sirr deyil ki, bu gün  müstəqil siyasət yürüdən Azərbaycanın müasir inkişafı,  yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilməsi, regionda aparıcı rolu, qlobal siyasətdə nümayiş etdirdiyi fəallıq müəyyən xarici qüvvələri, xüsusilə də Ermənistanı, erməni lobbisini və onun maraqlarını təmsil edən ayrı-ayrı dairələri ciddi narahat edir. Respublikamızın mövcud tolerant mühitindən, ölkədəki demokratik ab-havadan, hakimiyyətin humanist siyasətindən sui-istifadə edən bu dairələr, Azərbaycan əleyhdarları və bəzi daxili pozucu qüvvələr cəmiyyəti çaşdırmaq, ictimai-siyasi sabitliyi pozmaq, ölkəmizin əldə etdiyi mühüm uğurları ləkələmək üçün ciddi səy göstərirlər. Həmin dairələr öz məkrli niyyətlərini həyata keçirmək üçün istər xaricdəki “sapı özümüzdən olan baltalar”dan, istərsə də daxildəki özünü “sosial jurnalistika” nümayəndəsi adlandıran məlum başıpozuq dəstə üzvlərindən məharətlə istifadə edirlər.

Jurnalist hər şeydən öncə bir insan və vətəndaşdır. Hər bir insan üçün isə yüksək mənəviyyat ən ali dəyər, başlıca amildir. Cəmiyyətdəki demokratik azadlıqlardan sui-istifadə edən üzdəniraq saytların rəhbərcikləri bütün mənəvi-əxlaqi dəyərlərə zidd olaraq heç bir araşdırma aparmadan, məsələyə qeyri-obyektiv, qərəzli və əxlaqsızcasına yanaşaraq ayrı-ayrı vətəndaşlar, dövlət adamları, yüksək ictimai nüfuza malik ziyalılar, tanınmış şəxslər, idarə və müəssisələrin rəhbərliyi barədə hətta anonim məqalələr dərc edərək onların ictimai-işgüzar fəaliyyətinə xələl gətirir, ictimai fikri yayındırmağa çalışırlar.  Onların bu əməlləri mənəviyyatsızlığın pik nöqtəsi olmaqla yanaşı, ciddi hüquq pozuntusu kimi dəyərləndirilməlidir. Təqdirəlayiq haldır ki, hüquq mühafizə orqanları çox haqlı olaraq belələrinin bu cür üzdəniraq fəaliyyətləri barədə ciddi tədbirlər görürlər.

Qeyri-peşəkar fəaliyyətə görə cəzalandırılan media orqanlarının rəhbərləri məhz bundan sonra özlərinə əl qataraq, vay-şüvən salır, aidiyyəti qurumlar barədə qərəzli, həqiqətə uyğun gəlməyən materiallar, hədələyici anonslar yayımlayır , müxtəlif sosial şəbəkələrdə, real və saxta profillər vasitəsi ilə verilən şərhlərdə böhtanlara, açıq təhqirlərə əl atırlar. Ancaq hədə-qorxu mesajları ünvanlayanlar, təhqir və böhtan yağdıranlar anlamalıdırlar ki,  hüquq mühafizə orqanlarımız onlarla mübarizədə həm geniş cəmiyyətin dəstəyinə, həm də qanunçuluğun gücünə arxayındır.

Qətiyyətlə demək olar ki, belə elektron media orqanları-saytlar, xəbər portalları xaricdəki mənfur düşmənlərimiz tərəfindən təşkilatlandırılaraq bir şəbəkə halına gətiriliblər. Bəzi məqamlara diqqət etdikdə hər şey açıq-aydın, tam çılpaqlığı ilə görünür. Belə ki, hər hansı məsələ ilə bağlı  bir saytın dərc etdiyi məlumatı həmin şəbəkəyə daxil olan digər saytlar təxminən bir neçə dəqiqə ərzində yayımlayırlar. Ən əsası isə  öz ağalarının göstərişi ilə informasiya məkanında necə deyərlər, “peşəkarcasına” xaotik, pərakəndə bir vəziyyət yaradırlar. Qeyri-dəqiq, həqiqətdən uzaq, yalan, təhrif olunmuş, ictimaiyyəti çaşdıran, hətta bəzi hallarda sağlam medianı belə tərəddüd vəziyyətinə salan, insanları narahat edən, yalan-yanlış məlumatları ilə ölkəmizin həqiqi informasiya məkanına ciddi təhlükə törədirlər. Ən təhlükəlisi isə odur ki, belə məlumatlar əksər hallarda ya imzasız olur,  ya da məqalənin müəllifi yalan ad və soyadlarla çıxış edərək, ünvan və əlaqə vasitələrini göstərmir. Şübhəsiz,  dövlətimizin mənafeyinə, milli maraqlarımıza zidd, ölkəmizin təhlükəsizliyinə xələl gətirən, qərəzli, əsassız böhtan xarakterli məlumatların yayımlanması cəmiyyətimizdə çox ciddi təxribat kimi dəyərləndirilir və onların cəzalandırılması təqdir olunur. Çünki görülən tədbirlər milli təhlükəsizliyimizin, dövlətimizin informasiya təhlükəsizliyinin güclənməsinə müsbət təsir edir.