KÖŞƏ

Taleh Turqut

Paşinyanın “min bir oyunu”...

24 iyul 2018 16:49
3567
Və ya qorxusundan hürən köpək

Ermənistanın yeni rəhbərliyinin bir-birinin ardınca səsləndirdiyi sərsəm və bir az da aqressiv bəyanatlar göstərir ki, Paşinyan hökuməti hakimiyyətini möhkəmləndirmək naminə “min oyundan” çıxmaqla yanaşı, Dağlıq Qarabağ münaqişəsinin həllini də məqsədli şəkildə ləngitmək niyyəti güdür. Bu fikirlər həm də onu sübut edir ki, Ermənistan region üçün böyük təhlükədir və onun məsuliyyətsizliyi, işğalçılıq siyasətindən əl çəkməməsi üzündən bölgədə hər an hərbi gərginlik yaşana bilər.

İşğalçı ölkənin yeni müdafiə naziri David Tonoyan bu günlərdə Rusiya nəşrlərindən birinə verdiyi müsahibədə açıq şəkildə bildirib ki, Ermənistan öz ordusunu Azərbaycanla müharibəyə hazırlayır: “İstəmirəm ki, Ermənistan ictimaiyyətində bizim sülhə hazırlaşdığımız haqda təəssürat yaransın. Ermənistan Dağlıq Qarabağın təhlükəsizliyinin zaminidir. Bizim ordumuz bu istiqamətdə daim işləyir. Biz Azərbaycanla müharibəyə hazırlaşırıq”.

Tonoyan onu da vurğulamağı unutmayıb ki, Ermənistan 2016-cı ilin aprel müharibəsindən “dərsini” alıb. Buna görə də qəfil hücumların baş verməməsi üçün tədbirlər görüb, yəni gözlənilməzlik ehtimalını aradan qaldırıb. Ermənistan hökuməti demək olar ki, bütün gücünü silahlı qüvvələrini təkmilləşdirərək işğalı davam etdirməyə yönəldib.

Nikol Paşinyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində sələflərindən fərqli mövqe sərgiləməyəcəyi əvvəldən də gözlənilən idi. “İnqilabçı” baş nazir bu ehtimalı düşünənləri elə ilk günlərdən yanıltmadı və seçildiyi gündə Dağlıq Qarabağ ermənilərinin danışıqlarda tərəf kimi iştirakı şərtini irəli sürdü. Əlbəttə, sonra onu “başa saldılar” ki, siyasi bəyanatları verərkən bir az ciddi olmaq lazım gəlir və hər cür sayıqlama qəbul edilmir. Bunun nəticəsidir ki, indi bu fikri Ermənistanda heç bir rəsmi şəxs dilinə gətirmir...

Lakin müşahidələr göstərir ki, Ermənistan rəsmilərinin bu cür savaş çağırışları ilə zəngin fikirləri daha çox qorxusundan hürən köpəyin davranışını xatırladır...

David Tonoyan yuxarıda göstərilən müsahibəsində Azərbaycanın hərbi gücündən qorxduqlarını etiraf etməkdən çəkinmir. Müdafiə naziri Azərbaycan Ordusunun möhtəşəm 26 iyun paradını nəzərdə tutaraq bildirir ki, biz bu silahlardan narahat oluruq: “Xüsusilə bu hərbi texnikanın necə əldə edilməsi bizi düşündürür”. Tonoyan, həmçinin Azərbaycanla Türkiyənin hərbi əməkdaşlığından da təşvişlə bəhs edib.

Ümumiyyətlə, Ermənistan rəhbərliyi Azərbaycanın işğal edilmiş ərazilərini azad etməyə ciddi hazırlaşdığını, buna qadir olduğunu anlayır və bunun ciddi təşvişi içərisindədir. Lakin Ermənistanın təşvişinin səbəbi təkcə Azərbaycanın hərbi qüdrəti deyil, həm də ölkəmizin beynəlxalq aləmdə situasiyanı öz xeyrinə dəyişməsidir ki, bunun nəticəsində Ermənistanın xarici dəstəyi getdikcə zəifləməkdədir.

Siyasi kuluarlarda ATƏT-in Minsk qrupunun üç həmsədrindən ikisinin - Rusiyanın və Fransanın Ermənistanla münasibətlərinin daha yaxın olması fikri hər zaman üstün olub. Lakin son proseslər göstərir ki, Azərbaycanın apardığı uğurlu xarici siyasi kurs bu qənaəti tamamilə alt-üst edib.

Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya son səfəri və fransalı həmkarı Emmanuel Makronla apardığı danışıqlar iki dövlət arasındakı münasibətlərin yeni müstəviyə qədəm qoyduğunu deməyə əsas verir. Siyasi ekspertlər erməni lobbisinin güclü olduğu Fransanın Azərbaycanla yüksək səviyyəli münasibətlərini və bu ölkənin Azərbaycanın ərazi bütövlüyünü qəti şəkildə dəstəkləməsini nəzərə alaraq Ermənistanın “böyük bacısı”nın da dəstəyini itirdiyi qənaətindədirlər. Prezident İlham Əliyevin Fransa səfərindən Ermənistan cəmiyyətinin böyük narahatlıq keçirməsi də bu qənaəti möhkəmləndirir.

Rusiya-Ermənistan münasibətlərinin sürətlə pozulmağa doğru getdiyini isə xüsusi vurğulamağa ehtiyac yoxdur. Burada Rusiyanın Ermənistandakı 102-ci hərbi hissəsinin əsgərləri ilə bağlı baş verən son hadisəni və onunla bağlı prosesləri xatırlatmaq kifayət edər. Belə demək mümkündürsə, Paşinyan var gücü ilə Rusiya ilə münasibətləri korlamağa köklənib...

Bütün bunlarla yanaşı, Azərbaycan Dağlıq Qarabağın azad edilməsi istiqamətində Ermənistandan fərqli olaraq, müstəqil iradəsini ortaya qoyub və işğal edilmiş ərazilərini tezliklə azad etməkdə israrlıdır. Bunu Ermənistanla yanaşı, beynəlxalq aləmdə də aydın görürlər.