KÖŞƏ

Zahid Rza

Sular durulduqca...

01 avqust 2018 17:03
4547

Din pərdəsi altında gizlənən qara qüvvələrin əsl siması açılır

Azərbaycan tarixən müxtəlif xalqların, millətlərin, ayrı-ayrı dinə, məzhəbə mənsub insanların sülh, əmin-amanlıq şəraitində yaşadığı ölkə kimi tanınıb. Bu gün də insan hüquqları və demokratikləşmə, habelə milli-etnik, dini tolerantlığın təmini sahəsində böyük nailiyyətlər əldə edən ölkəmizdə milli və dini azlıqların, etnik qrupların hüquqlarının qorunması ən yüksək səviyyədə həyata keçirilir. Ölkəmizdə yaşayan müxtəlif xalqlara öz milli mənəvi dəyərlərini, dini etiqadını, adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün mühüm demokratik şərait təmin edilib. Uğurla həyata keçirilən “Tolerantlığın ünvanı Azərbaycan” layihəsi çərçivəsində ölkədəki məscidlərdə, kilsələrdə, sinaqoqlarda təmir-bərpa işləri aparılıb və belə tədbirlər bu gün də davam etdirilir. Bu gün tolerantlıq, dini, milli-irqi dözümlülük milli mentalitetimizin ayrılmaz cəhətlərindəndir. Respublikamızda irqindən, milliyyətindən, dinindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai təşkilatlara mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinin təmin olunması istiqamətində bütün addımlar atılır. Həmçinin milli, dini, irqi, cinsi, mənşəyi, əqidəsi, siyasi və sosial mənsubiyyətlərinə görə insanların hüquq və azadlıqlarını məhdudlaşdırmaq qadağan olunub.

Bu gün qətiyyətlə demək olar ki,  tolerantlıq xalqımızın mədəniyyətinin mahiyyətini, dünyagörüşünün fəlsəfi təməlini əks etdirir. Çox təəssüf ki, bu gün Azərbaycanın uğurlarını gözü götürməyən dairələr və onların maşası rolunu oynayan “sapı özümüzdən olan baltalar” müxtəlif vasitələrlə respublikamızda qarşıdurma və barışmazlıq mühiti yaratmaq üçün min bir oyundan çıxırlar. Zaman-zaman dini müstəvidə nifaq toxumu səpməyə cəhd edərək din pərdəsi altında insanları, xüsusilə də gənclərimizi öz təsir dairələrinə salmaq üçün ən çirkin vasitələrdən istifadə edirlər. Əslində din pərdəsinə bürünərək insanları guya mənəvi, əxlaqi kamilliyə “çağıran” nüfuz agentlərinin mənəvi-əxlaqi keyfiyyətlərinə diqqət etdikdə onların hansı yuvanın quşu olduqlarını açıq-aşkar görmək mümkündür. Müxtəlif xarici kəşfiyyat orqanlarının, Azərbaycan əleyhdarları tərəfindən idarə olunan qurumların dəstəyi ilə insanları öz məkrli niyyətlərinə alət etmək istəyənlərin çirkin əməlləri ictimaiyyətimiz tərəfindən daim ikrahla qarşılanıb, cəmiyyətimiz belələrini özündən təcrid edib. Dini radikalizm nümayiş etdirərək dövlətçiliyimizə, dövlət adamlarına qarşı mənfur münasibət sərgiləyənlər, ayrı-ayrı xarici xidmət orqanlarının tapşırığı, sifarişi və maliyyəsi ilə milli maraqlarımıza qarşı hazırlanmış bütün çirkin planlar xalq-iqtidar birliyinin gücü ilə darmadaığın ediləcəkdir. Din pərdəsinə bürünərək ölkəmizdə xaos, anarxiya yaradaraq dünyada sabitlik adası kimi tanınan Azərbaycanımızı Suriyaya, Liviyaya çevirmək istəyənlərin niyyətləri gözlərində qalacaq. Bu yaxınlarda bəlli oldu ki, bəzi radikal dini yönümlü şəxslər bu gün də qonşu İranda  yaşayan Tohid İbrahimbəyli tərəfindən hərbi təlimlər keçmək və döyüşlərdə iştirak etmək üçün Suriya ərazisinə göndəriliblər. Bundan başqa mənfur xəyanətkar T.İbrahimbəyli mütəmadi olaraq Azərbaycan dövlətçiliyi əleyhinə radikal çağırışlar edərək hələ 2017-ci ilin yanvarında radikal şiə təriqətçilərinə məxsus “nur-az.com” internet saytı vasitəsilə dövlətçiliyimiz əleyhinə çağırışlar edib. Həmçinin bır sıra Azərbaycan vətəndaşları 2013-2016-cı illər ərzində Tohid İbrahimbəyli tərəfindən İranın Qum şəhərində toplanaraq maddi maraq qarşılığında qanunsuz silahlı birləşmələrin tərkibində döyüşlərdə iştirak etmək üçün Suriya ərazisinə göndəriliblər. Ən acınacaqlısı odur ki, T.İbrahimbəyli öz yaxın qohumlarının “beynini yuyaraq” onları da tora salıb. Belə ki, Həbib Əkbər oğlu, Musayev Pərviz Əlimusa oğlu, Ziyadov Elmir Savadxan oğlu digər  dini radikal ünsürlərlə birlikdə İranın Qum şəhərində Tohid İbrahimbəyli tərəfindən təşkil edilmiş gizli toplantıda və Suriya ərazisində qanunsuz silahlı birləşmələr tərkibində döyüşlərdə iştirak ediblər.

Şübhəsiz, cəmiyyətimizə təhlükə mənbəyi olan dini radikalizm və radikal yönümlü şəxslərin əli ilə bütün dünyaya tolerantlıq və multikulturalizm mərkəzi kimi nümunə göstərilən, sabitlik adası olan ölkəmizə zərbə vurmaq istəyən məkrli dairələr heç vaxt öz çirkin niyyətlərinə nail ola bilməyəcəklər. Daim təhsilə, tərəqqiyə meyilli olan cəmiyyətimiz buna yol verməyəcək. Azərbaycan dövləti öz vətəndaşlarının təhlükəsizliyi və rifahı üçün bundan sonra da bütün lazımi tədbirləri həyata keçirəcək. Vətən xainləri isə xalqımızın nifrətini qazanaraq tarixin zibilliyinə atılacaqlar.