KÖŞƏ

Zahid Rza

“Şimal-Cənub” nəqliyyat dəhlizinə beynəlxalq maraq güclənir

21 avqust 2018 23:17
2292

Azərbaycanın iştirakçısı olduğu beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması ölkəmizin tranzit imkanlarını  daha da artıracaq, regionda təhlükəsizliyə, sülhə və əməkdaşlığa dəstək olacaq, həmçinin qlobal iqtisadiyyata daha səmərli inteqrasiyaya, qeyri-neft sektorunun inkişafına, modernləşməyə, iqtisadi islahatların sürətlənməsinə  böyük imkanlara yaradacaq.

Bu gün Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib və regionda vacib tranzit ölkə rolunu oynayır.  Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində beş Xəzəryanı ölkənin dövlət başçılarının iştirakı ilə keçirilən V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması Azərbaycanın beynəlxalq tranzit ölkə qismində rolunu daha da gücləndirəcək və onun iqtisadi gücünü artıracaq.

Prezident İlham Əliyevin rəhbərliyi ilə tranzit potensialının artırılması məqsədilə həyata keçirilən layihələr, ölkəmizin Cənubi Qafqaz, Xəzər hövzəsində mövqelərinin güclənməsinə geniş imkanlar yaradan “Şimal-Cənub”, “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin reallaşması, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, ötən il istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu nəinki iştirakçı ölkələrin, ümumilikdə, bütün regionun inkişafına böyük töhfələr verməyə başlayıb. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihəsi çərçivəsində, eləcə də regionda müasir yükdaşıma tələblərinə cavab verən iri logistik mərkəzin yaradılması regional logistik qovşaq funksiyası yerinə yetirməklə sözügedən nəqliyyat dəhlizlərinin səmərəliliyinin artırılmasına və onların potensialından maksimum yararlanmağa şərait yaradacaq.

Aparılan təhlillər deməyə əsas verir ki, tam gücü ilə fəaliyyət göstərdikdə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Həmin dəhliz Avropa-Cənubi Asiya-Yaxın Şərq arasında dəmir yolu daşımalarını, müvafiq olaraq dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcək. Bütün bunlara görədir ki, hazırda “Şimal-Cənub” dəhlizinə maraq göstərən dövlətlərin sayı gündən-günə artır. Məsələn, bu günlərdə qardaş Türkiyə Respublikasaının Türkmənistandakı səfiri Mustafa Kapucu bildirib ki, ölkəsi bu marşrutdan enerji resurslarını dünya bazarlarına çıxarmaq üçün istifadə edə bilər: “Bakı-Tiflis-Qars layihəsini uzatmaq planlarımız var. Bu marşrut həm Türkiyə, həm də Türkmənistan üçün strateji əhəmiyyətə malikdir. Aşqabad neft və qaz ixrac edir və onlar gəlirlərini artırmaq istəyirlər”.

Bundan başqa Mərkəzi Asiyanın mühüm ölkəsi olan Özbəkistan da belə bir təşəbbüslə çıxış edib. Rəsmi Daşkənd “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizində iştirak etməkdə maraqlıdır.

Avropa-Asiya-Qafqaz ölkələri arasında yüklərin qarşılıqlı olaraq faydalı və təhlükəsiz daşınması sahəsində regional nəqlyyat dəhlizləri arasında mühüm yer tutan  “Şimal-Cənub” nəqliyyat dəhlizi qeyd edildiyi kimi, geoiqtisadi və geosiyasi nöqteyi-nəzərdən Avrasiyanın giriş qapısı hesab edilən ölkəmizin beynəlxalq iqtisadi əlaqələrinin daha da möhkəmləndirilməsində, onun beynəlxalq münasibətlər sisitemində yerinin bundan sonra da gücləndirilməsində mühüm rol oynayacaqdır. Azərbaycanın iştirakçısı olduğu nəhəng nəqliyyat-kommunikasiya layihələrinin uğurla reallaşdırılması ölkəmizin regionda və Avrasiya məkanında mövqelərini möhkəmləndirməklə yanaşı, qarşıya qoyulan strateji vəzifələrin yerinə yetirilməsinə, ölkəmizdə yeni xidmət sahələrinin, nəqliyyat terminallarının yaranmasına səbəb olacaq, yeni iş yerlərinin açılmasına və əhalinin sosial rifah halının daha da yüksəlməsinə, respublikamızın sosial-iqtisadi inkişafına böyük töhfələr verəcək.    

Əmrah Fəqanoğlu
Vicdan yoxlaması
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...
Məhərrəm Ağalaroğlu
Dəlləklər