KÖŞƏ

Vəli İlyasov

Siyasi arenada çabalayan Paşinyanın ölən ümidləri...

11 sentyabr 2018 22:24
3781

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri təkcə onun deyil, marığa yatıb gözləyən bir çoxlarının  ümidlərini puça çıxarıb. Əslində o, heç də ürəyindən olmayan bu görüşdən yaxşı bir nəticə  də gözləmirdi. Çünki baş nazir postunu populist şüarlarla və dövlət çevrilişi ələ keçirən gündən Qərbyönümlü siyasət aparmağa çalışan  Nikol Paşinyan Rusiyanın soyuqluğunu özü qazanmışdı. Siyasətdə hələ çox  naşı olan Paşinyan indi iki tələ arasında vurnuxan ova bənzəyir. Sağdan, soldan təpkilər arasında qalmış Ermənistan rəhbəri səfalət içində üzdürdüyü erməni xalqına və torpaqlarını işğal altında saxladığı Azərbaycana cavab verməlidir. Bütün bunlardan görünür ki,  Nikol nə edəcəyini heç özü də əməlli-başlı bilmir.

Rusiya Federasiyasına yollananda Nikol Paşinyan onu hansı təpkilərin gözlədiyini bilməmiş deyildi. Çünki o, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti  Vladimir Putinlə apardığı uğurlu danışıqların  nəticələrini yaxşı bilirdi. Ona görə də Moskvada ona yalnız siyasi manipulyasiyarla aradan çıxmaq qalmışdı. Ancaq Paşinyanın manipulyasiyaları orada populizm kimi qəbul olunub, yəni RF rəhbəri tərəfindən ciddi qəbul olunmayıb.

Milli Məclisin deputatı, politoloq Elman Nəsirov  bu görüş barədə öz fikirlərini “İki sahi”lə  bölüşərək  bildirib ki,  Prezident İlham Əliyevin sentyabrın 1-də Soçiyə səfəri zamanı Nikol Paşinyan və onun komandası vahimə içərisində bu xəbəri eşitdi ki, Azərbaycan və Rusiya arasında hərbi-texniki əməkdaşlıq məsələləri bundan sonra da inkişaf etdiriləcək:  “ Azərbaycan Rusiyadan 5 milyard dollarlıq hərbi təyinatlı məhsullar alıb və  bu siyasət davam etdiriləcək. Xüsusi vurğulamaq lazımdır ki, vahiməyə düşmüş erməni mətbuatı təşvişlə yazırdı ki, Azərbaycan Prezidenti İlham Əliyev bu səfəri ilə Ermənistana ağır zərbə endirdi. Həm də qeyd edirdilər ki, bu zərbə əvvəlkilərdən də güclü oldu, Rusiya- Azərbaycan əlaqələri daha geniş miqyasda inkişaf etdiriləcək. “Belə bir vəziyyətdə Paşinyan böyük bir həyəcan içərisində tələm-tələsik Rusiya paytaxtına səfərə getdi. Bu səfərin uğursuz nəticələrini proqnozlaşdırmaq elə də çətin deyildi. Paşinyan güman edirdi ki, Moskvaya gedib Prezident Vladimir Putinə “biz sizin strateji müttəfiqinizik, sizin ən yaxın dostunuzuq, hər zaman Rusiyanın yanındayıq” deməklə RF Prezidentini məmnun edəcək və yenə də ikibaşlı siyasətini davam etdirəcək”.  Ancaq göründüyü kimi,  ifşa olunmuş Paşinyanın  bu fəndi də  keçmədi”.

Politoloqun fikrincə,  Ermənistanın Baş naziri yanılır, çünki Rusiya kimi nəhəng dövləti idarə edən mahir siyasətçi Vladimir Putin bunun Nikol Paşinyanın ikiüzlü siyasəti olduğunu və qeyri-səmimi davrandığını bilir.

Deputat daha sonra deyib: “Rusiya Prezidenti  Paşinyana necə inana bilər ki, o, Putinlə məsləhətləşmədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibini həbs etdirmək istəyir? Putin Nikol Paşinyana necə inana bilər ki, onun mədəniyyət naziri təyin etdiyi şəxs “Ermənistanda rus dili qadağan edilməlidir” kimi bəyanatlar verir? Milli Təhlükəsizlik Şurasının sədri təyin etdiyi Armen Qriqoryan antirusiya davranışı ilə Moskvada çox məşhurdur.  Təkcə bunlar hamısı deyil, Ermənistanda antirusiya əhval-ruhiyyəsində olanlar çoxdur. Ona görə də hesab edirəm ki, Paşinyan-Putin danışıqlarını uğursuzluğa düçar oldu. Ümumilikdə, Paşinyanın atdığı addımlar Moskvanın diqqətindən yayınmır”.

Bir faktı da qeyd edək ki, Moskva səfərinin gedişində Nikol Paşinyanın Dağlıq Qarabağ və ona bitişik ərazilərin sülh yolu ilə qaytarılmasında konstruktiv mövqe tutmadığı bir  daha aşkar oldu. O da indi xalq tərəfindən ittiham olunan sələfləri kimi işğalı davam etdirmək fikrində olduğunu gizlətmədi. Təbii ki, bu, Ermənistan rəhbəri tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinin kobudcasına pozulması deməkdir. Paşinyan  öz oğlunu işğal altında saxladığı  Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə hərbi xidmətə göndərməklə  bunu bir daha sübut edib.

Qısaca desək, Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya səfəri uğursuzluğa düçar olub, ölkədə isə pessimist əhval-ruhiyyə daha da dərinləşib.