13 oktyabr 2018 14:26
3613

Tamerxan Babayev gümüş medal qazanıb

Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının ağırlıqqaldırma yarışında mübarizəyə qoşulan gənc idmançımız Tamerxan Babayev gümüş medal qazanıb.

AZƏRTAC xəbər verir ki, 85 kiloqram çəki dərəcəsində körpücük üzərinə çıxan gənc atlet birdən qaldırma hərəkətində 142 kiloqramı ram edib və bu hərəkətdə ikinci olub. O, təkanla qaldırma hərəkətində də 174 kiloqramın öhdəsindən gələrək ikinci yeri tutub. Yekun nəticədə 316 kiloqram (142 kq 174 kq) nəticə qazanan Tarmenxan Babayev Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının gümüş medalına layiq görülüb.

Tarmenxan Babayev “Təhsil” İdman Mərkəzinin nümayəndəsidir. Onun şəxsi məşqçisi Şəfi Hüseynovdur. Yeniyetmələr arasında Avropa birinciliyinin ikiqat qalibi (2017, 2018) olan idmançımız altı dəfə yeni rekord müəyyənləşdirib.

Xatırladaq ki, bu, Azərbaycan milli komandasının Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında dördüncü medalıdır. Bundan əvvəl cüdoçu Vüqar Talıbov və gimnast Yelizaveta Luzan qızıl, taekvondoçu Cavad Ağayev isə bürünc medal qazanıblar.