KÖŞƏ

Vəli İlyasov

Dağıdıcı müxalifət: beş quruşluq kölələr...

26 oktyabr 2018 22:51
4906

Xarici antiazərbaycan dairələrin əlaltısı rolunu həvəslə  oynayan dağıdıcı müxalifət düşərgəsinin təmsilçiləri  göstərdikləri gülünc tamaşalarda  öz rollarını məharətlə oynamaqda davam edirlər. Bəllidir ki, nə AXCP sədri Əli Kərimlini və “Milli Şura”nın rəhbəri Cəmil Həsənlini, nə də Müsavat Partiyasının başqanı Arif Hacılını  və onların ətrafındakıları ölkənin, xalqın taleyi maraqlandırmır. Onlar ancaq şəxsi qazancları naminə, milli maraqlarımızı satmaq vasitəsiə  var-dövlət sahibi olmaq, cah-cəlal içərisində yaşamaq yolunu seçiblər. Yalançı vədlərlə aldadıb, ətraflarına yığdıqları beş-on gənci isə, necə deyərlər,  bədbəxt ediblər. Bu adamlar siyasətə yalnız qazanc mənbəyi kimi baxırlar.

Doğrudan da, ötən əsrin 90-cı illərində öz şəxsi mənafeləri, ambisiyaları, kreslo, hakimiyyət hərislikləri  üzündən müstəqilliyini yenicə bərpa etmiş respublikamızı anarxiyaya və xaosa sürükləməyə çalışan  Əli Kərimli, Arif Hacılı, Cəmil Həsənli kimilər bu gün də öz əməlləri, çirkin xislətləri ilə Azərbaycanın müstəqilliyini pozmaq istəyənlərə muzdla kömək edirlər. Qətiyyətlə  demək olar ki, onların məqsədi demokratiya, azad seçkilər, filan deyil. Bu üzdəniraqların əsl məqsədi ermənilərin, ermənipərəst qüvvələrin dəyirmanına su tökərək ölkəmizdəki sabitliyi pozmaq və  necə deyərlər, bulanıq suda balıq tutmaqdır. Ancaq onlar  əsla buna nail ola bilməzlər. Çünki bu gün azadlıq və sabitlik adası olan Azərbaycanda sarsılmaz xalq-iqtidar birliyi var.  Təəssüf ki, bütün bu nailiyyətləri hər şeydə qara axtaran “sapı özümüzdən olan baltalar”- dağıdıcı müxalifətin başbilənləri görmək istəmirlər.

Bir müddət bundan əvvəl dağıdıcı düşərgənin “lokomotivlər”indən olan AXCP-də və “Milli Şura”da baş verənləri  K.Rəhimov “təcrübəli cəbhəçi” kimi tam detalları ilə açıqlayıb: “Orda 5-6 nəfər var, istəyirlər qışqır-bağır salmaqla siyasi mühacir statusu alsınlar. Məndən də bir-iki dəfə xahiş edən olub ki, bəy, kömək elə tutulum, mən siyasi mühacir olmaq istəyirəm. Bunlar arayış sata-sata siyasi mühacir yetişdirirlər. Ancaq şəxsən mən siyasi mühacir olmaq, Azərbaycanı tərk etmək fikrində deyiləm”.

Uzun illərin təcrübəsi, bu düşərgədə gedən proseslərə bələdliyi, dağıdıcı dairədə baş verənlərin təfərrüatını bilən, “liderlər”ini  iliyinə qədər tanıyan keçmiş “cəbhəçi” AXCP ilə Müsavatın əvvəldən düşmən münasibətlərində olduqlarını da deyib: “AXCP ilə Müsavatın bir yerdə olmasını mümkün saymıram. Bizim əlimizdə kifayət qədər dəlillər var ki, bunları idarə edən orqanlar var. Hələ “İctimai Palata”  dövründə rəhbərlik səviyyəsində onlar Müsavata qarşı nələr etmədilər?. Bu partiyanın AXCP ilə yenidən bir araya gəlməsini absurd hesab edirəm”.

Antiazərbaycan şəbəkənin missionerləri olan dağıdıcı düşərgədəkilərin iç üzü budur. Ancaq bu, hələ hamısı deyil. Sular axıb durulduqca çox şeylər üzə çıxacaq, çox mətləblərin üstünə  işıq düşəcək.  O zaman ictimaiyyət hər şeydən əli üzülən bu dağıdıcı düşərgənin başbilənlərinin çıxardığı oyunlardan daha yaxından xəbərdar olacaq. Əslində düz otuz  ildir ki, onlar bu işlərlə məşğuldurlar. İndi də pulla “müxalifətçi” vəsiqəsi satır, antiazərbaycan dairələrə və xarici xüsusi kəşfiyyat orqanlarına  agentlər hazırlayırlar. Bu gün Avropanın müxtəlif şəhərlərində antiazərbaycan dairələrin  quyruq bulayanları olan Orduxan Teymurxan, Türkel Kərimli, Qənimət Zahid, Tural Sadıqlı, Azər Kazımzadə, Vidadi İsgəndərli, Məhəmməd Mirzəli kimilər də məhz belələrindəndirlər. Bu vəsiqələri alan həmin xəyanətkarlar xarici ölkələrə gedib oralardakı soydaşlarımızı  aldadaraq “siyasi mühacir” statusu satmağa çalışırlar. İkinci qazanc mənbəyi isə dediyimiz kimi, ermənipərəst şəbəkələrin dilənçi payıdır.  Milli mənlik şüurundan,  xalq sevgisindən, Vətənə məhəbbət hissindən uzaq olan belələri kosmopolitləşərək  öz  Vətənlərinə düşmən kəsiliblər. Ancaq atalarımız yəqin belələri barədə deyiblər: “İt hürər, karvan keçər...”