KÖŞƏ

Zahid Rza

Ermənistan küncə sıxışdırılır

02 noyabr 2018 22:13
1820

Prezident İlham Əliyevin düşünülmüş xarici siyasətinin, uğurlu diplomatik fəaliyyətinin nəticəsidir ki, bu gün işğalçı Ermənistan regional və qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrindən kənarda qalaraq siyasi-iqtisadi təcrid halına salınıb, beynəlxalq aləmdə küncə sıxışdırılıb. Ötən ay baş verən proseslər bir daha göstərdi ki, Ermənistanın iflası və özünütəcridi gündən-günə sürətlənir.

Belə ki, oktyabrın 30-da  İstanbulda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin altıncı üçtərəfli görüşü keçirilib. Görüşün nəticəsi olaraq üç ölkənin xarici işlər nazirləri tərəfindən imzalanmış İstanbul Bəyannaməsində beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət və dəstək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər əsasında həllinə dair qəti və prinsipial mövqe bir daha təsbit olunub.

Ekspertlər qeyd edirlər ki, İstanbul Bəyannaməsində Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət və dəstək, habelə bütün mübahisələrin sülh yolu ilə həlli, daxili məsələlərə qarışmamaq prinsipləri üzrə öhdəliklər əsasında həllinin vacibliyi qeyd olunub. Artıq Ermənistan KİV-ləri İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İstanbul Bəyannaməsinə imza atmasının böyük narahatlığa səbəb olduğunu yazırlar.

Qeyd edək ki, oktyabrın 29-da İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşünün nəticəsi olaraq imzalanan Bəyannamədə də ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət və dəstək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin isə məhz bu prinsiplər əsasında həllinə dair qəti və prinsipial mövqe bir daha öz əksini tapıb.

Əslində İstanbulda hər iki üçtərəfli görüşün nəticəsi regionda sülhə və əməkdaşlığa təhlükə törədən təcavüzkara növbəti və çox aydın bir mesajı ilə yadda qaldı. Bu da ondan ibarətdir ki, əgər  Ermənistan regionda əsas qonşuları ilə dinc yanaşı və təhlükəsizlikdə yaşamaq, inkişaf və milli təhlükəsizliyini təmin etmək istəyirsə, Azərbaycana qarşı işğalçılıq siyasətindən birdəfəlik əl çəkməlidir.

Bir müddət əvvəl ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Ermənistanda səfərdə olarkən bildirib ki, Ermənistan dayanıqlı inkişafa nail olmaq istəyirsə, qonşu dövlətlərlə normal münasibətlər qurmağı bacarmalıdır. O bildirib ki, yalnız Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsi ilə Ermənistanın dayanıqlı və suveren dövlət kimi inkişafı mümkündür. Con Bolton həmçinin keçirdiyi mətbuat konfranslarında, müsahibələrində Azərbaycanla əlaqələrin ABŞ üçün yüksək prioritet təşkil etdiyini vurğulayaraq, ölkəmizi ABŞ-ın bölgədə əsas tərəfdaşı adlandırıb.

Bu gün Ermənistanda gedən proseslər Rusiya tərəfindən də inamsızlıqla, böyük şübhə ilə qarşılanır.

Şübhəsiz, Ermənistanın blokada şəraitində qalması, onun Azərbaycana qarşı təcavüzkar müharibə və onun doğurduğu nəticələrdən imtina edənə qədər davam edəcək, iki dövlət arasında münasibətlər normallaşmayacaq. Çünki düşmən ölkənin bütün layihələrdən kənarda qalmasının əsas səbəbi onun işğalçılıq siyasəti, ölkəmizə qarşı həyata keçirmək niyyətində olduğu fitnəkar planları ilə bağlıdır. Ermənistan başa düşməlidir ki, regionda həyata keçirilən enerji layihələrinə qoşulmaq üçün Dağlıq Qarabağ münaqişəsinin həllində konstruktiv mövqe nümayiş etdirməlidir.

Bütün bunlar erməni cəmiyyətində də ciddi narahatlıq yaradır. Onlar anlayırlar ki, Ermənistanın işğalçılıq siyasəti bu ölkənin siyasi iflasını daha da sürətləndirib. Artıq ermənilər başa düşürlər ki, cinayətkar hərbi xuntanı əvəzləyən qeyri-peşəkarlardan ibarət Nikol Paşinyanın reallıqlara deyil, manipulyasiyaya söykənən avantürist siyasəti Ermənistanı bir dövlət kimi yox olmaq təhlükəsi ilə üz-üzə qoya bilər.

Məsələn, Ermənistanın “ru.1in.am” saytında işğalçı ölkənin siyasi-iqtisadi təcridi barədə analitik yazıda bildirilir ki,  Azərbaycan bütün regional layihələrin aktoruna çevrilir, bu isə qaçılmaz olaraq hər iki ölkənin qeyri-bərabər inkişafına gətirib çıxaracaq - təbii ki, Ermənistanın ziyanına. Milyardlarla dollar gəlirə malik Azərbaycan boşalan Ermənistan üçün təhlükə olacaq. Bu aksiomatik faktın qəbul olunmaması bizim dövlət və siyasi sistemimizin qeyri-adekvatlığını və irrasionallığını göstərir. Sayt yazır ki, Ermənistan hakimiyyətinin effektiv siyasətinin göstəricisi danışıqlar prosesinin uzadılması deyil, münaqişənin rasional kompromislər əsasında tezliklə həlli olmalıdır. Zaman gözləmir və Ermənistanın əleyhinə işləyir. Danışıqlar prosesindən maksimum fayda götürmək üçün situasiyanı ayıq qiymətləndirmək lazımdır.

Məhərrəm Ağalaroğlu
“Yelqovanlar”
Əmrah Fəqanoğlu
Vicdan yoxlaması
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...