KÖŞƏ

Vəli İlyasov

Paşinyanın iztirabları...

08 noyabr 2018 22:07
3160

Görəsən Ermənistanda növbəti inqilab hansı rəngdə olacaq?

İşğalçı  Ermənistanda ictimai-siyasi vəziyyət gündən-günə gərginləşir. Bu ölkənin parlamenti Seçki Məcəlləsinə dəyişikliklər haqqında qanun layihəsinə növbəti dəfə “yox!” deyəndən sonra vəziyyət daha da kəskinləşib. Dekabrdakı  parlament seçkilərinin qalmaqalsız keçəcəyinə heç kimdə inam qalmayıb. Hadisələrin gedişi belə düşünməyə əsas verir.

Erməni politoloqları və siyasətçiləri bu seçkilərdə qarşıdurmaların, xoşagəlməz hadisələrin, hətta silahlı münaqişənin olacağını istisna etmirlər. Çünki keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyan hakimiyyətin asanlıqla Nikol Paşinyanın əlinə keçməsinə qətiyyən razı ola bilmirlər. Onlar müxtəlif vasitələrlə parlament seçkilərinin ya pozulmasına, ya da öz istədikləri şəkildə keçirilməsinə çalışırlar. Xüsusi vurğulamaq lazımdır ki, Ermənistan parlamentində Respublika Partiyası üzvlərinin çoxluq təşkil etməsi Paşinyanın öz planlarını reallaşdırmasına imkan vermirdi. Ona görə də “məxməri inqilab qəhrəmanı”nın qarşıya qoyduğu əsas vəzifə yeni parlament seçkiləri keçirməyə nail olmaq və ona itaət edənləri deputat seçdimək idi. Nikol Paşinyan  düşünür ki, yalnız  bundan sonra Ermənistanda istədiklərini həyata keçirə bilər. Ona görə də növbədənkənar seçkiyə ciddi hazırlaşır.

Qeyd edək ki, Ermənistan parlamentinin bir qrup deputatının Nikol Paşinyana müraciət edərək, növbədənkənar parlament seçkilərinin dekabr ayında keçirilməsini dəstəkləməsi küçə liderinin ümidlərini bir qədər də  artırıb. Ancaq onun mövqeyini müdafiə edən  deputatların sayı hələlik kifayət qədər  deyil. Çünki Paşinyan meydanlarda inqilab edərkən verdiyi vədlərə xilaf çıxaraq əməl etmədi. O,  ilk növbədə, Dağlıq Qarabağ üzrə fərqli siyasəti ilə özünü daha da çətin vəziyyətə saldı. Çünki münaqişənin tənzimlənməsi ilə əlaqədar bir-birini təkzib edən fikirlər və planlar irəli sürdü.  Bununla həm yerli, həm də beynəlxalq ictmaiyyət arasında siyasətdən, diplomatiyadan və dövlət idarəçiliyindən uzaq olduğunu açıq göstərdi. Onun siyasi təfəkkürünün, dünyagörüşünün aşağı olması, təhlükəsizlik məsələlərində və geosiyasətdə böyük addımlar atmağa cəsarəti çatmaması vəziyyəti daha da gərginləşdirdi. Nikol Paşinyanı və ətrafını indi bir sual düşündürür: Paşinyanın dəstəklədiyi blok dekabr ayında keçiriləcək növbədənkənar parlament seçkilərində qalib gələ bilməsə, inqilabçıların aqibəti necə olacaq? Yoxsa yenidən meydanlara cumacaqlar? Maraqlıdır, belə olsa, bu dəfə hansı rəngdə inqilab edəcəklər? Hələ bir məsələ naməlumdur ki, xalq ona inanıb yenidən meydanlara gələcəkmi? Bütün bunlar Paşinyanı ciddi narahat edir. Təbii ki, onu narahat edən əsas səbəblərdən biri də işğalçı ölkəni iyirmi ildən çox idarə edən hərbi-xunta rejiminin tam zərərsizləşdirilmədiyi bir vaxtda, növbədənkənar parlament seçkiləri ərəfəsində onların daha da fəallaşmasıdır.

Hərbi-xunta rejiminin yaradıcılarından biri - sabiq prezident Robert Koçaryanın, guya dekabrda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcəyi barədə məlumat yayılıb. Yerli KİV-lərin həmin məlumatında bildirilir ki, bu, Robert Koçaryanın növbəti hiyləsidir. Koçaryanın bu fəndini başa düşmək çətin deyil, o, bu yolla Nikol Paşinyanı arxayın etməyə çalışır. Əslində isə öz adamlarını seçkidə hansı işləri necə  görməyi təlimatlandırmaqla məşğuldur. Eks-prezident Robert Koçaryanın həbsdən çıxması, ona qarşı irəli sürülən ittihamların sübuta yetirilməməsi, necə deyərlər, “Aydan arı, sudan duru çıxması” baş nazir Nikol Paşinyanın mövqeyinə ciddi zərbə oldu. Bundan sonra daşnakların və respublikaçıların daha da fəallaşması Paşinyan hakimiyyətini bir qədər də zəiflətdi, ona olan inamı azaltdı. Parlament seçkilərində bu iki qüvvə arasında mübarizənin gərgin olacağı heç bir şübhə doğurmur.

Nikol Paşinyanın tələsik növbədənkənar parlament seçkiləri keçirmək istəyi beynəlxalq təşkilatlar tərəfindən də narazılıqla qarşılanıb. Xarici dairələrdə belə hesab edirlər ki, Nikol Paşinyanın dövlət başçısı kimi görünməmiş siyasi səbatsızlığı yaxın gələcəkdə Avropa və Cənubi Qafqaz üçün ağır nəticələrə aparıb çıxara bilər. Paşinyanınn parlament tərəfindən qəbul edilməyən Seçki Məcəlləsinə əlavə və dəyişikliklər etmək cəhdinin heç bir beynəlxalq qurum tərəfindən müsbət  rəy almaması da ciddi narazılığa səbəb olub. İş o yerə çatıb ki,  Avropa Şurası Parlament Assambleyası da bu məsələni işğalçı ölkə rəhbərinin diqqətinə çatdırıb. AŞPA Ermənistandakı siyasi qüvvələri demokratiya və qanunun aliliyi prinsiplərinə hörmət etməyə, növbədənkənar parlament seçkilərinə hazırlaşarkən tələskənliyə yol verməməyə çağırıb. Müraciətdə qeyd edilib ki, Ermənistanda Seçki Məcəlləsinə istənilən dəyişiklik Venesiya Komissiyasının təlimatlarına tamamilə uyğun gəlməli, komissiyanın ekspertlərinin müsbət rəyi alınmalı idi. Ancaq Ermənistanda buna əhəmiyyət verilmədi, beynəlxalq təşkilatların rəyi nəzərə alınmadı. Ona görə də həmin təşkilatlarda inam formalaşıb ki, Ermənistanda  parlament seçkiləri şəffaf, demokratik və ədalətli keçə bilməz. Son hadisələrdən ciddi təşviş keçirən Nikol Paşinyan növbədənkənar parlament seçkiləri ərəfəsində yenidən “kütlənin təzyiqinə” güvənir. Ona qarşı çıxanlara “xalqı hirsləndirməyin, yoxsa axırı pis olacaq” - deyə hədə-qorxu mesajı göndərir. Hadisələrin axarı  göstərir ki, növbədənkənar parlament seçkilərində “məxməri inqilab” lideri bu dəfə istəyinə nail olmaq üçün yararsız taktikasından istifadə edə bilməyəcək, həmçinin Ermənistanın küçə və meydanlarını əlində alətə çevirməyi bacarmayacaq. Necə deyərlər, bu sınaqdan sınıq çıxsa, onda Nikolu hansı olaylar gözləyir, bunu demək çətindir.