KÖŞƏ

Vəli İlyasov

Separatçı Bako ianə toplamağa gedibmiş...

19 noyabr 2018 23:51
1353

Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi indiki vaxtda Fransanın Ermənistana “qayğı” göstərməsi absurddur və qəbuledilməzdir.

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma  rejimin rəhbəri Bako Saakyanın bir neçə gün əvvəl  quldur dəstəsi ilə Fransaya səfər etməsi  ATƏT-in Minsk qrupunun həmsədr dövləti olan bu ölkənin Dağlıq Qarabağ münaqişəsinin həlli missiyasına zidd olduğunu  göstərdi.  Bu və digər  faktlar  isə Fransanın  ATƏT-in Minsk qrupunun həmsədrliyindən çıxarılması məsələsini aktuallaşdırır. Çünki münaqişənin həlli missiyasını öz üzərinə götürən ölkələrdən biri olan Fransanın Azərbaycan torpaqlarındakı separatçıları sərhəddən buraxması və onların rəsmi şəxs kimi qəbul edilməsinə şərait yaratması beynəlxalq hüququn kobud surətdə pozulmasıdır. Bako Saakyanın orada kimlərlə görüşməsi və nə barədə danışması önəmli olmasa da, həmsədr ölkədə separatçının qəbul olunması yolverilməzdir.

Bu ölkə  münaqişənin əvvəlindən indiyədək  ermənipərəst  siyasət yürüdür. Fransa prezidenti  Emmanuel Makron Frankafoniya sammitində iştirak üçün oktyabr ayında Ermənistana üç günlük səfər etsə də, heç olmasa üzdə  tarazlığı qorumaq üçün Azərbaycana  səfər etmədi. Məsələn, Rusiya rəhbərliyi həssaslığı nəzərə alaraq  tarazlı münasibəti təmin edir. Bu günlərdə regiona səfər edən ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton da tarazlı münasibət nümayiş etdirdi və münaqişənin həlli ilə əlaqədar obyektiv və ədalətli açıqlamalarla çıxış etdi.

Xatırladaq ki,  Fransa şəhərlərinin merləri Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər edərək işğal altında olan şəhərlərimizlə Fransanın şəhərləri arasında “qardaşlaşma” sazişləri imzalayırlar.  Bunun qarşısının alınması üçün Fransa təfəfindən heç bir tədbir görülmür. 10-dan artıq  şəhər  bu kimi qanunsuz və ilk növbədə Fransa qanunlarını pozan sənədə imza atıb. Özünü qondarma rejimin rəhbəri kimi təqdim edən Bako Saakyan da vaxtaşırı ianə toplamaq üçün  Fransaya səfər edir.

Qeyd etmək lazımdır ki,  bu ölkə Azərbaycan vətəndaşlarına qarşı  ikili standartlara yol verir. Belə ki,  bizim vətəndaşlarımız  Fransa səfirliyində viza almaq üçün süründürməçilik və bürokratik problemlərlə üzləşirlər, saxta pasport  məlumatları ilə Bako Saakyan və digərləri isə  Fransa ərazisinə maneəsiz buraxılırlar. Qanuni əsaslarla Fransaya səfər edən Azərbaycan vətəndaşları isə Fransanın sərhəd-keçid məntəqələrində əsassız  sorğu-suallarla incidilirlər.

Fransa XİN və Fransanın Azərbaycandakı səfirinin “Fransa “Dağlıq Qarabağ Respublikası”nı tanımır”  bəyanatı  bəhanədir və məsuliyyətdən qaçmağa çalışmaqdır. Fransa açıq və birmənalı şəkildə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü, suverenliyini və münaqişənin də bu prinsiplər əsasında həllini dəstəkləməlidir. Ancaq aydın görünür ki, Fransa Azərbaycana qarşı  ikili standartlar  tətbiq edir. Digər tərəfdən,  Cənubi Osetiya, Abxaziya, Dnestryanı və Krımdan olan şəxslərin Fransanın ərazisinə daxil olmasına qadağa qoyulub.

Fransa  təmsilçiləri Avropa İttifaqı daxilində aparılan müzakirələrdə   Azərbaycan ilə əlaqələrinin inkişafına da maneə yaradır.  Fransa hökuməti Korsikada separatizmə qarşı sərt və kəskin siyasət apardığı halda, Azərbaycanın ərazi bütövlüyünün pozulmasına xidmət edən halları qulaqardına vurur.

Bütün bunları görən Azərbaycan cəmiyyətində fikir formalaşıb ki, Fransa qərəzli və qeyri-obyektiv tərəf olduğu üçün  Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır. ATƏT-in Minsk qrupunun həmsədrlik institutu yaradılan zaman  Azərbaycan qəti şəkildə Fransanın həmsədr olmasına etiraz edirdi. O zaman Fransa qərəzsiz və tarazlı siyasət yürüdəcəyinə dair öhdəlik götürmüşdü.  Lakin zaman göstərdi ki, bunlar yalançı vədlərdir.

Əmrah Fəqanoğlu
Vicdan yoxlaması
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...
Məhərrəm Ağalaroğlu
Dəlləklər