KÖŞƏ

Qvami Məhəbbətoğlu

“Qayğıkeşlərin” Saakyan sevdası

22 noyabr 2018 23:59
4394

Son günlər Dağlıq Qarabağın erməni icmasının “lideri”, daha doğrusu, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış separatçı qondarma rejimin “rəhbəri” Bako Saakyan yaman “fəallaşıb”. Belə ki, onun sorağı gah Fransadan gəlir, gah da ABŞ-dan. Politoloqların fikrincə, Bako Saakyanın bu ölkələrə səfərlərində çox “incə mətləblər” də gizlənib. Belə ki, o, hər səfərində qondarma rejimin “varlığından” söz açır və onun üçün yaradılmış münbit şəraitdə heç bir maneəyə rast gəlmədən Azərbaycan əleyhinə fikirlər səsləndirir. Amma nə rəsmi Paris, nə də rəsmi Vaşinqton yüz minlərlə azərbaycanlıya qarşı etnik təmizləmənin həyata keçirilməsində əli olan bu cinayətkara gözünün üstündə qaşın var demir.

 Sadəcə, bu dövlətlər hər il eyni məzmunlu bəyanatlarla çıxış edərək qondarma rejimin “rəhbəri” kimi özünü təqdim edən Bako Saakyanın səfərlərinin şəxsi xarakter daşıdıqlarını və ölkələrinin Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bildirirlər. Halbuki məsələ ilə bağlı fikirlərini bildirən politoloqlar bildirirlər ki,  bu, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasında vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Fransa və ABŞ-ın rəsmi mövqelərinə əsla uyğun gəlmir. Üstəlik, ATƏT-in Minsk qrupunun həmsədrləri -  Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ) də susurlar. Yəni heç bir reaksiya vermirlər. Nəticədə ölkəmizdə  ATƏT-in Minsk qrupunun fəaliyyətinə inamı daha da azaldırlar.

Bununla da həmin dövlətlər, həmçinin həmsədrlər beynəlxalq hüququn norma və prinsiplərinə və üzərlərinə götürdükləri beynəlxalq öhdəliklərə hörmətsizlik nümayiş etdirirlər. Digər tərəfdən, Bako Saakyanın səfərlərində diqqətçəkən digər məqamlar da var. Belə ki,  ABŞ  keçmiş Sovet İttifaqı ərazisindəki digər qanunsuz qurumların nümayəndələrinə viza vermir. Məsələn, 2014-cü il aprelin 12-də ABŞ  Krımın “yüksək rütbəli” separatçılarına sanksiyalar tətbiq edib. Amma nədənsə Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma qurumun “rəhbərlərinə” bu, şamil olunmur. Yəni onlara yaşıl işıq yandırırlar. Belə bir qadağa Fransada da var.  Yəni Cənubi Osetiya, Abxaziya, Krım və Dnestryanı bölgələrindən olan şəxslərə Fransa ərazisinə daxil olmağa icazə verilmədiyi halda, bu, cinayətkar Bako Saakyanə aid olunmur. Bu isə o deməkdir ki, ABŞ və Fransa Bako Saakyan naminə öz qanunlarını pozurlar. Başqa bir misal. Fransanın ondan artıq şəhər merləri Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər edərək, işğal altında olan şəhərlərimizlə “qardaşlaşma” sazişləri imzalayıblar. Amma Korsikada separatizmə qarşı sərt və kəskin siyasət aparan rəsmi Paris Azərbaycanın ərazi bütövlüyünün pozulmasına xidmət edən hallara göz yumur və separatçıların qarşısını almaq məqsədilə heç bir tədbir görmür. Belə çıxır ki, Fransa ermənilər, daha doğrusu, separatçı rejim üçün öz qanunlarını tapdalamağa, öz siyasətinə xəyanət etməyə hazırdır.

Şübhəsiz, qondarma rejimin təşviqinə yönələn bu kimi addımlar həmin ölkələrin Azərbaycanla münasibətlərdə səmimiliyini də şübhə altına alır. Bütün bunlar isə bir daha onu göstərir ki, rəsmi Bakının dəfələrlə xəbərdarlıqlarına baxmayaraq, dünya düzəninin qorunmasına daha çox “qayğı” göstərdiklərini iddia edən bu dövlətlər hələ də ikili standartlar mövqeyində çıxış etməkdə, öz maraqları naminə münaqişənin həllini uzatmaqda, qeyri-qanuni “quruluşun” legitimləşdirilməsinə dolayı dəstək verməkdə maraqlıdırlar. Politoloqların fikrincə, ABŞ və Fransanın Bako Saakyanın bu cür addımlarına dəstək verməsi, daha doğrusu,  bütün separatizm təzahürlərinə vahid yanaşma tətbiq olunmaması təkcə Cənubi Qafqazda deyil, Avropada da separatizm meyillərinin daha da güclənməsinə gətirib çıxaracaq. Amma separatçılara dəstək verənlər unutmasınlar ki, Azərbaycan heç zaman öz ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək və tarixi torpaqlarımız erməni terrorçularından təmizlənəcək.