KÖŞƏ

Vəli İlyasov

Ermənistan cəmiyyətində çaşqınlıq: biri deyir oxu, o biri deyir, səsini kəs!

04 dekabr 2018 22:51
1046

Azərbaycan Ordusunun gündən-günə artan hərbi qüdrəti erməni ictimaiyyətini ciddi narahat etməkdədir. Bu ölkənin sabiq müdafiə naziri Vigen Sarkisyan bir neçə gün əvvəl öz xalqına müraciətində bildirib ki, “Qarabağdakı qardaşlarımızı və ordu rəhbərliyini seçkiqabağı mübarizəni bir anlıq unutmağa çağırıram. Bir neçə gündən sonra seçki bitəcək və biz rəqibimizlə, onun çox güclü 100 minlik ordusu ilə üz-üzə qalacağıq.”

Ancaq Azərbaycan Ordusunun gücündən danışan təkcə o deyil. Bu barədə danışanlar saysız-hesabsızdır. İrəvanda Rusiya və Ermənistan siyasi dairələrinin nümayəndələrinin iştirakı ilə yeni yaradılmış “Lazarev klubu”nun bu günlərdə keçirilən birinci iclasında MDB Ölkələri İnstitutunun direktor müavini Vladimir Yevseyev çıxış edərək Azərbaycan Ordusunun Ermənistan Ordusundan dəfələrlə üstün olduğunu xüsusi vurğulayıb. O bildirib ki, təkcə sayı ilə deyil, müasir silahlarının, aviasiyasının, uzaqmənzilli raketlərinin, artilleriyasının və digər hərbi texnikasının keyfiyyəti baxımından da Azərbaycan Ordusu Ermənistan ordusundan müqayisə olunmayacaq dərəcədə güclüdür.

Şübhəsiz ki, Vladimir Yevseyevin belə məzmunda çıxış etməsinin bir neçə səbəbi var. Hazırda Ermənistanda güclü antirusiya əhval-ruhiyyəsinin olduğu heç kimə sirr deyil. Paşinyan hakimiyyətinin qərbyönümlü olması da məlumdur. Bütün bunlar Rusiyanı, bu ölkədə yaşayan erməniləri, orada fəaliyyət göstərən erməni diasporunu dərindən narahat edir. Diaspor rəhbərləri hər il ənənəvi yardım kampaniyası keçirir və ianə kimi yığılan külli miqdarda vəsaiti Ermənistana göndərirlər.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ-ın Los-Anceles şəhərində “Hayastan” ümumerməni fondunun illik telemarafonu zamanı Rusiyadakı erməni lobbisi bu fonda heç bir maliyyə yardımı göstərmədi. Çünki onlar Ermənistanın Rusiyadan ayrı düşməsini ciddi məğlubiyyətlərin başlanğıcı kimi qəbul edirlər. Rusiya erməniləri və onlara havadarlıq edənlər dolayısı ilə Paşinyanın qərbyönümlü siyasətini rədd etdiklərini bildirirlər. ABŞ-dakı erməni lobbisi ilə bərabər daha bir neçə ölkədəki erməni diaspor təşkilatları Ermənistana yardımları xeyli müddətdir ki, dayandırıblar. Ancaq bütün bunlara baxmayaraq Nikol Paşinyan öz siyasətini inadla davam etdirməyə çalışır. Görünür, ona dəstək verənlər öz yolunda davam etməyi məsləhət görürlər.

Politoloq Ehtiram Aşırlı bildirir ki, Yevseyevin çıxışı Rusiyaya şəkkaklıq edən Ermənistana acı bir xəbərdarlıqdır. Əgər ermənilər bu əməllərini sonadək davam etdirsələr, onda qısa müddətdə onların məğlubiyyətləri qaçılmaz olacaq. Nikol Paşinyanın son çıxışları isə göstərir ki, o, belə çıxışlara əhəmiyyət vermir, planlaşdırdıqlarını həyata keçirməyə cəhd edir.

İndi Ermənistan cəmiyyətində çaşqınlıq hökm sürür, necə deyərlər, “biri deyir oxu, o biri deyir səsini kəs.”

Əmrah Fəqanoğlu
Vicdan yoxlaması
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...
Məhərrəm Ağalaroğlu
Dəlləklər