KÖŞƏ

Zahid Rza

Siyasət dəllalları

12 dekabr 2018 23:00
1545

Şəxsi ambisiyaları naminə bütün ali dəyərləri ayaqlar altına atan bu üzdəniraq satılmışlar öz xislətlərinə sadiq qalaraq dağıdıcı, qeyri-konstruktiv əməllərini şər-böhtanın, “qara piar”ın, ən başlıcası isə öz antimilli fəaliyyətlərinin miqyasını daha da genişləndiriblər. Mayası xəyanətlə, satqınlıqla, pozuculuqla yoğrulmuş bu siyasətbazlar, onların beş-üç nəfər əlaltıları, trolları sosial şəbəkələrdə saxta profillərlə dövlətimizə, dövlətçiliyimizə, ayrı-ayrı şəxslərə şər-böhtan, təhqir yağdırmaqla özlərini ifşa etməklə yanaşı, erməni dəyirmanına su tökdüklərini və antiazərbaycan dairələrin bir nömrəli qulluqçusu olduqlarını açıq-aşkar ortaya qoyurlar. Öz şəxsi ambisiyalarını milli maraqlardan üstün tutan AXCP sədri Əli Kərimli, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli kimi siyasət dəllalları bütün mənəvi, əxlaqi dəyərləri tapdalayaraq Avropanın müxtəlif ölkələrində məskunlaşmış, məhdud siyasi təfəkkürlü, dar dünyagörüşlü, ölkəmizdə və dünyada baş verən ictimai-siyasi prosesləri düzgün təhlil edə bilməyən bəzi kəmsavad gəncləri tora salaraq öz məkrli məqsədlərinə alət etməkdən belə çəkinmirlər.

Mənəvi-psixoloji burulğanlar girdabında çırpınan bu üzdəniraqların ölkəmizin əleyhinə apardıqları çirkin təbliğat xalq-iqtidar birliyinin sarsılmaz qayasına çırpılaraq darmadağın olur. Cəmiyyətimiz belə düşmən qüvvələrin, antimilli ünsürlərin, Vətən əxlaqını itirənlərin  məkrli niyyətlərinə, oynadıqları oyunun hər detalına, mexanikasına yaxşı bələd olduğundan onların bütün məkrli planlarının pozulmasına böyük dəstək verib.

Milli maraq və mənafeləri erməni lobbisinin nüfuz dairəsində olan bəzi beynəlxalq təşkilatların çirkli pullarından ayrılan tula payına dəyişən əli kərimlilər, cəmil həsənlilər, ilqar məmmədovlar, vidadi isgəndərlilər, qurban məmmədovlar, orduxan teymurxanlar yenə də millət, Vətən, Qarabağ kimi məfhumlardan çox-çox uzaqda dayanaraq dünya erməniliyinin və ermənipərəst dairələrin ocağına odun  daşıyaraq onu görükləməkdən əl çəkmirlər. Milli mənliyi, ruhu qısırlaşmış bu dönük məxluqatlar erməni lobbisinin,  neoimperialist ölkələrin gizli xidmət orqanlarının şübhəli qaynaqlarından maliyyələşən beynəlxalq QHT-lərin ölkəmizə qarşı apardıqları “qara piar” kampaniyasının rənginə rəng qatmaq üçün var gücləri ilə çalışırlar.

Cəmiyyətimizin yaxşı tanıdığı bu “hüquqşünaslar”, “hüquq müdafiəçiləri” bütün etik dəyərləri tapdalayaraq, mənəvi sərhədləri aşaraq ölkəsinə, millətinə, respublikamızın rəhbərliyinə, dövlət adamlarına şər-böhtan, təhqir yağdıran, adını azərbaycanlı qoyaraq erməni dəyirmanına su tökən məlum başıpozuq dəstənin üzvlərini hər vəchlə müdafiə etməklə əslində öz simalarını- simasızlıqlarını bir daha ortaya qoyurlar. Vətən əxlaqından, torpaq təəssübündən çox-çox uzaq olan bu xəyanətkar qrant parazitləri mənfur əməlləri ilə özlərinin antiazərbaycan dairələrin və erməni lobbisinin  məkrli layihələrinin bir parçası olduqlarını  tam çılpaqlığı ilə ortaya qoyurlar.

Hamımızın yaxşı tanıdığı qrant dəllallarını əxlaqsızcasına müdafiə edən Qurban Məmmədov kimi satqın- əqidəsizlərin Avropanın müxtəlif ölkələrində “siyasi mühacir” adı ilə məskunlaşaraq məişət rahatlığı, komfortlu həyat tərzi naminə bütün ali dəyərləri tapdalayaraq öz ölkəsinə və xalqına xəyanət edən “sapı özümüzdən olan baltalar”la isti münasibətləri, onlara haqq qazadırması, hətta o marginllara “vəkillik” və “ağsaqqallıq” etməsi ağı qaradan, xeyiri şərdən ayırmağı yaxşı bacaran cəmiyyətimiz tərəfindən nifrət və ikrah hissi ilə qarşılanır.