17 dekabr 2018 17:21
9884

Qan qrupu və xəstəliklər

Qan insan üçün ən vacib elementdir və onsuz heç bir bədən üzvü fəaliyyət göstərə bilməz. Qanın orqanizmdə gedib çıxmadığı bir nöqtə də yoxdur. Mənfi və müsbət olmaqla dörd qrupa bölünən hər qan qrupunun özünəməxsus xüsusiyyəti var.

Respublika Kliniki Uşaq Xəstəxanasının həkim-hematoloqu, tibb üzrə fəlsəfə doktoru Sevinc Əlifəttahzadənin dediyinə görə, insanın yoluxduğu xəstəliklə qan qrupu arasında birbaşa bağlılıq var: “Birinci qan qrupu olanlarda əsasən allergik reaksiyalar, infeksion, dəri, ginekoloji və qalxanvarı vəzin problemlərinə daha kəskin şəkildə özünü büruzə verir. İkinci qan qrupunda dəri, tənəffüs sistemi və şəkərli diabet, üçüncü qan qrupunda dayaq-hərəkət sistemi, dördüncü qan qrupunun daşıyıcıları arasında isə həm tənəffüs sistemi, həm də infeksion xəstəliklərə daha çox rast gəlinir.”.

Həkim-hematoloq hər bir qan qrupunun daşıyıcıları barəsində məsləhət verərək deyib: “Birinci və ikinci qan qrupuna məxsus olanlar qidalanmaya xüsusi fikir verməlidirlər. İkinci qan qrupunun daşıyıcıları endokrinoloji xəstəliklərə səbəb olan həyat tərzi və qidalardan uzaq olmalıdırlar. Üçüncü qan qrupunun daşıyıcıları yaz və payız mövsümündə özlərinə diqqət yetirməlidirlər. Belə ki, həmin fəsillərdə xəstəliyə yoluxma ehtimalı daha yüksək olur. Dördüncü qan qrupuna malik olanlar qidalanma rejiminə düzgün riayət etməlidirlər”.