KÖŞƏ

Ceyhun Piriyev
[email protected]

Paşinyan seçim etməlidir: ya Dağlıq Qarabağ, ya da ki...

15 may 2018 00:04
4774

Ermənistanda hakimiyyətə gələn Nikol Paşinyanın Dağlıq Qarabağdakı rejimin danışıqlarda tərəf kimi tanınması tələbini irəli sürməsi bir daha onun münaqişənin həlli ilə bağlı radikal mövqeyindən xəbər verir. Aydın məsələdir ki, N. Paşinyandan sələflərindən fərqli mövqe də gözlənilmirdi.  Daim Robert Koçaryan və Serj Sarkisyanı münaqişədə tutduqları mövqeyə görə tənqid edən yeni baş nazir hələ aprel döyüşləri zamanı  hər nə qədər də real olmasa da, Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış qondarma rejimin müstəqilliyinin tanınmasına tərəfdar olmuşdu. Lakin bunun mümkünsüz olduğunu bilə-bilə yenə də bu barədə fikir yürütməyə çalışması Paşinyanın danışıqlar prosesini pozmaqda maraqlı olduğunun göstəricisidir.

Halbuki Dağlıq Qarabağ münaqişəsinin həlli, işsizlik, miqrasiya və oliqraxiyanın özbaşnalığına qarşı mübarizə aparacağı ilə bağlı populist vədlər verən Paşinyanı Ermənistan cəmiyyətinin ümidlərini doğrultmaq üçün real işə keçməli idi. Bununla da yeni baş nazir birinci növbədə ölkəsindəki iqtisadi problemlərin əsas mənbəyi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin  həlli ilə bağlı sələflərindən fərqli mövqe nümayiş etdirməli idi. Ancaq bunun əksi olaraq N. Paşinyan Azərbaycanın işğal altında olan ərazisinə səfər etməklə hər şeyin əvvəlki kimi olacağını nümayiş etdirməyə çalışıb. 

Lakin bu da həqiqətdir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Ermənistanın  rəsmi Moskvanın təsiri altından çıxması qeyri-mümkün olacaq. Bunun əvəzində isə Qərbyönümlü  N.Paşinyanın rəhbərliyi altında Rusiya ilə əlaqələr də pisləşə bilər. Çünki onun xarici siyasətdə balans yaradacağı ilə bağlı vədləri nağıldan başqa bir şey deyil. Məlum məsələdir ki, buna  birinci növbədə Rusiya imkan verməz. Elə Qərbin özü də belə oyunlara gedəsi deyil. Belə halda Paşinyan asanlıqla qurbana çevrilə bilər.

Bununla bağlı ukraynalı ekspert Vitali Portnikovun fikirləri olduqca aktualdır: “Hərçənd, Ermənistanda problemlərin əsas səbəbi heç də hansısa klanın hakimiyyəti və korrupsiya deyildi. Klanların hakimiyyəti və korrupsiya təbii ki, pisdir. Amma reallıqda Ermənistanın düşdüyü vəziyyət Qarabağ münaqişəsinə görədir. Qarabağ problemi Ermənistanın boynuna atılmış ilmədir və ona nəfəs almağa imkan vermir. Lakin ən pisi odur ki, erməni dövləti bu ilməni zəiflətmək əvəzinə, onu bir az da sıxır”.

Ukraynalı ekspert bildirib ki,  “çarəsizlərin inqilabı” ölkəni yalnız o zaman dəyişdirməyə nail olur ki, cəmiyyət öz problemləri haqqında həqiqəti bilir: “Bu həqiqəti onlara yeni lider deməlidir. Ermənistanın problemlərindəki həqiqət isə Dağlıq Qarabağ münaqişəsidir. Bu münaqişə həll olunmadığı təqdirdə Ermənistan Kremlin mühasirəsində qalacaq. Bunu Paşinyan da anlayır, lakin o, Qarabağa gedərək, erməni siyasətinin dəyişməz olduğunu göstərir. Hərçənd, bu, Ermənistanı uçuruma aparır”.

Nəticə isə ondan ibarətdir ki, Qərb lobbisinin dəstəklədiyi N. Paşinyan  Dağlıq Qarabaqla bağlı ölkəsinin ənənəvi siyasətini davam etdirməklə Rusiyasız hakimiyyətini qoruyub saxlaya bilməyəcək. Bu cür vəziyyət isə ona havadarlıq edənləri heç bir halda qane edə bilməz. Dağlıq Qarabağla bağlı ənənəvi siyasəti dəyişməyəcəyi təqdirdə N.Paşinyanın hakimiyyətə gəlişi nəinki əvvəlki problemləri həll edəcək, əksinə Ermənistanda vəziyyəti daha da pisləşdirəcək. Odur ki, Paşinyan seçim etməlidir: ya Dağlıq Qarabağ, ya da ki, Ermənistan.