KÖŞƏ

Ceyhun Piriyev
[email protected]

“Azadlıq”ın könlündəki...

08 may 2018 13:57
3088

Fəaliyyətini ancaq sosial şəbəkə səhifəsi çərçivəsində davam etdirən “Azadlıq” qəzeti artıq “ömrünü başa çatdırmasını” paylaşımlarında da hiss etdirir.  Belə ki, bu günlərdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (AXDG) QSC-nin və Azərbaycan Yelkənli İdman Federasiyasının birlikdə təşkilatçılığı ilə “Baku Sailing Regatta 2018” - yelkənli qayıqların yarışında bir neçə yelkəndəki narıncı və göy rənglərin konfiqurasiyasını “Bakıda erməni bayraqları nümayiş etdirildi” kimi təqdim edən “Azadlıq” qəzetinin “Facebook” səhifəsi  qərəzli fəaliyyəti və məsuliyyətsizliyi ilə yanaşı,  səhifəni idarə edənlərin rəngləri aydın seçə bilməməsini də sübut edir.

Reallıq isə ondan ibrarətdir ki, bu il AXDG 160 illik yubileyini qeyd etməyə hazırlaşır və yubiley çərçivəsində bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bu barədə ilk tədbir ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunub. Məhz ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Azərbaycanın gəmi donanması genişlənməyə başlayıb, yeni gəmilər alınıb, Ümummilli Liderin bu sahədə milli kadrların yetişməsində də misilsiz xidmətləri olub.

Ermənistanın dövlət bayrağına gəldikdə isə bu, qırmızı, mavi və narıncı rəngli üç bərabər üfüqi zolaqdan ibarətdir

Lakin belə görünür ki, “Azadlıq”dakılar erməni bayrağı və ondakı narıncı rəngə  çox həssasdırlar və harada olursa, olsun bu rəng onlarda işğalçı Ermənistanın atributunu assosiasiya edir.  Onsuz da  onların və onlara yiyəlik edən Əli Kərimlinin ermənilərə olan simpatiyası heç kəsə sirr deyil və bu, birinci növbədə dağıdıcı düşərgədəkilərin mahiyyətindən xəbər verir.

Həqiqət isə ondan ibarətdir ki, dağıdıcı müxalifət artıq 25 ildir ki, müxalifətdə qalmaqda davam edir. Gündəmdə qalmaq üçün xaricilərin əlində alətə çevrilməyi özlərinə peşə seçən bu  cür antimilli ünsürlər   hər an Azərbaycana qarşı başqalarının əlində alət olmağa hazır olan qüvvələrdir ki, onların diqqət mərkəzində ancaq öz maraqlarının təmin edilməsi dayanır. Hərçənd ki, seçkiləri daim uduzsalar da, öz kreslolarını əldən verməyərək, ondan bərk-bərk yapışanlardan bundan başqa nə isə gözləmək də sadəlövhlük olardı. Bir sözlə, onların sosial şəbəkələrdəki fəaliyyəti də şəxsi maraqların təmin edilməsinə hesablanıb və bu marağın təmin edilməsi üçün hətta düşmənlə belə əməkdaşlıq etməyə hazırdırlar. Elə belələrinin rənglərin konfiqurasiyasını erməni bayrağı kimi təqdim etmələri də bunu bir daha nümayiş etdirir. Necə deyərlər, “karın könlündəki...”

Tarix isə onu göstərir ki, Xəzər dənizində heç vaxt erməni bayrağı olmayıb və olmayacaq da. Hətta mənfur ermənilər dənizdən-dənizə dövlət qurmaq xülyaları ilə yaşasalar da.

Məsələyə dağıdıcıların prizmasından baxsaq, bir vaxtlar narıncı qalstuk, şərf taxmaqla “narıncı inqilab” edəcəyini vəd edən Əli Kərimli əslində erməni bayrağını, erməniliyi təbliğ edirmiş...