KÖŞƏ

Taleh Turqut

İlanın ağına da lənət, qarasına da ...

30 aprel 2018 22:39
3327

Sarkisyanla Paşinyanı fərqləndirən yalnız adları və soyadlarıdır

Serj Sarkisyanın istefasından sonra Ermənistanda kütləvi etirazlar bir qədər səngisə də ictimai-siyasi gərginlik qaldığı yerdən davam edir. Etirazlara rəhbərlik edən parlamentdəki “Çıxış” blokunun lideri Nikol Paşinyanın dünəndən rəsmən baş nazirliyə namizədliyi irəli sürülüb.

Artıq mediada əgər “N. Paşinyan baş nazir olarsa, bunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə təsiri necə olacaq” sualı ciddi müzakirə olunmaqdadır. Ermənistan hakimiyyətindən “Qarabağ klanı”nın təmizlənməsi münaqişənin həllinə təsir edəcəkmi?

Lakin yeni seçilən prezident Armen Sarkisyanın və və baş nazir olacağı böyük ehtimalla reallaşacaq olan Nikol Paşinyanın münaqişə ilə bağlı açıqlamaları düşünməyə əsas verir ki, Ermənistan rəhbərliyində kimin olmasından asılı olmayaraq işğalçı dövlət bu siyasətindən imtina etmək niyyətində görünmür.

Kimliyindən və siyasi baxışlarından asılı olmayaraq erməni siyasətçilərinin sağalmaz bir xəstəliyə tutulduqları inkarolunmaz bir faktdır. Bu, türk-azərbaycanlı düşmənçiliyi və təcavüzkar niyyətdir.

Qeyd edək ki, hələ aksiyaların başladığı ilk günlərdə Serj Sarkisyanın komandası etirazların qarşısını almaq məqsədilə guya Azərbaycanın yaranmış vəziyyətdən istifadə edərək hərbi əməliyatlara hazırlaşdığı barədə şaiyələr yaymağa başladılar. Lakin bu hiylədə Sarkisyanı xilas etmədi, o, parlamentdə seçilən birinci baş nazir olmaqla yanaşı, həm də Ermənistan tarixində istefa verməyə məcbur edilən ilk baş nazir kimi də qaldı.

Yaranmış qeyri-müəyyənliyi və ermənilərin təlaşını aradan qaldırmaq məqsədilə Paşinyan Qarabağ məsələsinə münasibətini açıqlayıb. BBC-yə verdiyi müsahibədə yeni hökuməti qurmağa iddialı olan müxalif deputat problemin həllini sülh danışıqlarında gördüyünü bildirsə də Azərbaycana qarşı əsassız ittihamlar səsləndirərək əsl erməniliyini büruzə verib.

Nə qədər gizlətməyə çalışsa da Paşinyan hərbi yolla münaqişənin həll edilməsindən ehtiyatlandığını gizlədə bilməyib. Azərbaycanın danışıqlar nəticə verməyəcəyi halda öz torpaqlarını hərbi yolla azad edəcəyi barədəki bəyanatları onu da təlaşlandırıb: “Qarabağ məsələsi dialoq vasitəsilə həll olunmalıdır. Siz bilirsiniz ki, Azərbaycan çox illər ərzində özünü çox aqressiv aparır və bu hal danışıqlar üçün mənfi fon yaradır. Biz hər gün Azərbaycandan eşidəndə ki, Ermənistana qarşı müharibəyə başlamağa hazırlaşırıq, İrəvanı zəbt etməyə hazırlaşırıq - belə olan halda əməli dialoq mükündürmü?”.

Onun fikirlərinin sonrakı hissəsi göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyevin İrəvanın tarixi Azərbaycan torpaqları olması və ədalətin bərpa edilməsi zərurəti haqqında söylədikləri gələcək baş naziri ciddi təşvişə salıb.

Paşinyan hələ hakimiyyətə gəlməzdən öncə artıq fəaliyyətini və açıqlamalarını yalan üzərində qurub. Onun sözlərinə görə, Ermənistan münaqişə ilə bağlı həmişə dialoqa meyilli olub və hər zaman hesab edib ki, Dağlıq Qarabağ məsələsi dialoq vasitəsilə həll olunmalıdır:”Biz kiminsə bu məsələni güc tətbiqi ilə çözmək qərarında olduğu qənaətinə gəlməyə əsas verən ritorikanı istisna etməliyik”.

Paşinyan yalanlarını bir az da şişirdərək Ermənistanı “mədəni ölkə” adlandırıb və hər cür aqressiyanın əleyhinə olduğunu bildirib. Lakin sonda “erməni damarı” yenə üstün gəlib və bildirib ki, biz Dağlıq Qarabağın müdafiəsi üçün lazım olan hər şeyi edəcəyik. Ermənistanın necə “mədəni ölkə” olduğunu isə yalnız Xocalı soyqırımı ilə isbat görmək mümkündür

Görünən odur ki, rəhbərliyə hansı qüvvənin gəlməsindən asılı olmayaraq Ermənistan təcavüzkar siyasətindən əl çəkmək niyyətində deyil və bu məsələdə əsl erməni məkri üstünlük təşkil edir. Bir atalar sözündə deyildiyi kimi: “İlanın ağına da lənət, qarasına da...”.