31 mart 2016 22:35
678

“Neftçi İdman Klubu” xəbər verir

Güləş:

Bolqarıstanın Ruse şəhərində keçirilən güləş üzrə U-23 Avropa çempionatı davam edir. Artıq yunan-Roma güləşçilərinin yarışına yekun vurulub.

"Neftçi İdman Klubu”nun yığma komandamızın heyətində yer almış yunan-Roma güləşçilərindən 59 kq çəki dərəcəsində mübarizə aparan Murad Məmmədov yalnız final qarşılaşmasından məğlub ayrılıb və gümüş medala layiq görülüb. Ruhin Mikayılov (71 kq) isə qitə çempionatını 3-cü yerdə başa vurub.

Klubun digər yetirmələri Elman Muxtarov (66 kq), İslam Abbasov (85 kq) və Orxan Nuriyev (98 kq) isə medal qazanmağa çox yaxın olsalar da, sonda buna nail ola bilməyiblər.

Güllə atıcılığı:

Martın 23-də İran İslam Respublikasının paytaxtı Tehranda startı verilmiş güllə atıcılığı üzrə beynəlxalq turnirə yekun vurulub. Yarışda 6 komandanın tərkibində 80-ə yaxın idmançı mübarizəyə qoşulub.

Klubumuzun təmsilçisi Zərifə Qasımova qadınlar arasında keçirilən pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma (40 güllə) yarışında 369 xal toplayıb və bürünc medal qazanıb.

Komandalar arasında təşkil olunan yarışda isə "Neftçi İdman Klubu” 2-ci yeri tutub.

Karate:

İstanbulda uşaqlar, yeniyetmələr, gənclər və veteran karateçilər arasında keçirilən "Boğaziçi” beynəlxalq turniri başa çatıb. Nüfuzlu yarışa 28 ölkədən 780 idmançı qatılıb.

"Neftçi İdman Klubu”nun karateçisi Əli Cəfərov (+84 kq) turnirin bürünc medalına sahib olub.

Badminton:

Bakı Slavyan Universitetinin idman zalında yeniyetmə və gənc badmintonçular arasında Bakı şəhər birinciliyi keçirilib. 2002-2003 və 2000-2001-ci il təvəllüdlülər arasında təşkil olunan paytaxt yarışında 131 idmançı bacarığını nümayiş etdirib.

"Neftçi İdman Klubu”nun 2002-2003-cü illər təvəllüdlü badmintonçularından Ülvi Əhmədov şəxsi, qoşa və qarışıq-qoşa yarışlarının hər üçündə qızıl medala yiyələnib. Adəm Əliyev şəxsi yarışlarda gümüş medala layiq görülüb. Digər idmançımız Vaqif İsmayılov qoşa yarışlarda 1-ci, şəxsi və qarışıq-qoşa yarışlarda isə 3-cü yeri tutub.

2000-2001-ci illər təvəllüdlü badmintonçuların yarışında klubun yetirməsi Səbuhi Hüseynov şəxsi, qoşa və qarışıq-qoşa yarışlarının hər birində Bakı birinciliyinin qalibi adını qazanıb. Ülvi Əhmədov şəxsi, Vaqif İsmayılov isə qoşa yarışlarında gümüş medal əldə ediblər. Adəm Əliyev isə qoşa yarışlarda bürünc medala sahib olub.

Taekvondo:

Taekvondo üzrə uşaq və yeniyetmə idmançılar arasında "Qəbələ İdman Klubu”nun açıq birinciliyi keçirilib. Qəbələ rayonunda təşkil olunan və iki gün davam edən yarışda respublikanın müxtəlif bölgələrindən 457 idmançı qalib adı uğrunda mübarizə aparıb.

"Neftçi İdman Klubu”nun taekvondoçusu (Ağsu İdman Kompleksi) Vaqif Hacıyev (33 kq) 2005-2006-cı illər təvəllüdlü oğlanlar arasında bürünc medala layiq görülüb.

“Neftçi İdman Klubu” İctimai Birliyinin 
mətbuat xidməti