KÖŞƏ

Zahid Rza

Ermənistanda siyasi qarşıdurma və ziddiyyətlər pik nöqtədə

23 aprel 2018 13:51
3905

Ermənistanın əvvəkli prezidenti, indiki baş naziri Serj Sarkisyanın başçılıq etdiyi hərbi-cinayətkar rejim dalana dirənib. İşğalçı ölkənin paytaxtı İrəvanda və digər bölgələrdə sabiq prezident Serj Sarksyanın aprelin 17-də keçirilən parlamentin xüsusi iclasında baş nazir seçilməsinə qarşı başlayan etiraz hərəkatı səngimək bilmir.  Ermənistandakı “Haykakan Jamanak” qəzetinin baş redaktoru, xaricdəki erməni diasporu ilə sıx əlaqələri olan, parlamentdə “Nurlu Ermənistan”, “Vətəndaş Müqaviləsi” və “Respublika” partiyalarından ibarət “Yelk” (“Çıxış”) blokunun lideri, deputat Nikol Paşinyan paytaxt İrəvanı iflic edən etirazların ilk günündən bildirdi ki, onlar “məxməri inqilab” hazırlayıblar. Etirazçıların hökumət binalarını ələ keçirmələri polislə ciddi qarşıdurmalara səbəb olub. Küçələrə zirehli texnika yeridilməsi, aksiyalar zamanı 50 nəfərə yaxın şəxsin yaralanması,100-dən çox fəalın saxlanılması qarşıdurmaları pik nöqtəsinə çatdırıb.

Erməni mətbuatında çıxış edən ekspertlər qeyd edirlər ki, etiraz aksiyalarının güclənməsi ölkəni xaos və anarxiya girdabına sürükləyə bilər. Əslində Ermənistan ictimaiyyəti özlərinin dediyi kimi, “Qarabağ klanı”ndan olan S.Sarkisyanın hələ 2008-ci ildə prezident seçilməsinə qarşı etiraz edərək onu saxtakarlıq və dələduzluq yolu ilə hakimiyyəti qəsb etməkdə günahlandırmışdı. O zaman İrəvanın küçələrinə onminlərlə adam çıxsa da dəyişikliyə nail olunmamış, paytaxtın küçələri etirazçıların qanına bələnmişdi. Bu gün də etirazçıların əsas tələbi Sarkisyanın yeni seçildiyi baş nazir postundan, yəni ölkənin faktiki rəhbərliyindən əl çəkməsi, istefa verməsidir. “Yelk” partiyasının parlamentdəki fraksiyasının üzvü, deputat Mane Tandilyan bildirib ki, xalqı aldadan,  öz kriminal-oliqarx dəstəsi ilə ölkəni tənəzzülə uğradan S.Sarkisyan qeyd-şərtsiz istefa verməlidir.

Vaxtilə “Qarabağ” komitəsinin üzvü, daha sonra Ermənistanın daxili işlər naziri olmuş Aşot Manuçaryan isə Sarkisyanı daha sərt tənqid, hətta təhqir edərək deyib: “Serj Sarkisyan adında adam daha yoxdur. Belə adam Ermənistanda var idi - o, xaqla müqavilə bağladı. Dedi bu Konstitusiyanı qəbul edin, indiyə qədər nə etmişəmsə eybi yox, mən isə hazırlaşıb gedirəm. Bu adam xalqa söz verib. Bu adam həmin vaxta qədər adam sayılırdı ki, andını, verdiyi sözü pozmasın. Verdiyi sözə əməl etməyən andan o adamlıqdan çıxdı, imkan yaratdı ki, bu qrup onu banda rəhbəri adlandırsın. O, onlarla vəd verdi, amma sakitcə deyə bilərəm - bizdə verdiyin vədi pozdunsa yalançı cinayətkara, satqına çevrilirsən. Bu status isə erməni dünyasında axırıncı fahişənin statusundan da aşağıdır”.

Erməni siyasətşünas Vahan Badasyan isə bütün bu baş verənlərə görə  S.Sarkisyanı dəstəkləyən Rusiyanın Ermənistanla bağlı yürütdüyü siyasəti sərt şəkildə tənqid edib: “Rusiya həmişə belə siyasət yürüdüb. Artıq 200 ildir ki, belədir. Rusiya bir daha sübut etdi ki, onun Ermənistanla bağlı yürütdüyü siyasət əsl fahişəlikdir. Ermənistan Cənubi Qafqazda Rusiyanın yeganə, tək müttəfiqidir. Cənubi Qafqaz isə Rusiyaya çox gərəkdir. Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması yollarını arayan Minsk qrupunda Rusiya həmsədr ölkədir. Ermənistanın strateji müttəfiqi olduğunu deyən həmsədr Rusiya Azərbaycana hərbi texnika satırsa, üstəlik burada Serj Sarkisyanı dəstəkləyirsə, bunun bir adı var - siyasi fahişəlik. Erməni xalqı daha qətiyyətli və iradəli olmalı, sərt mövqeyini ortaya qoymalıdır. Rusiyanı rədd etməli, ABŞ, Fransa və Britaniya ilə sıx əlaqələr qurmalıyıq”.

Bu gün  Ermənistanın vətəndaş qarşıdurması həddinə gəlib çıxmasının səbəbi yalnız  Sarkisyanın saxta yollarla baş nazir postuna “seçilməsi” deyil. Əsas amillərdən biri də bu marionetka “siyasətçi”nin uzun illər, hələ prezident postunda olarkən öz səbatsız, savadsız siyasəti ilə  ölkədə siyasi, sosial-iqtisadi vəziyyəti daha da gərginləşdirərək onu uçuruma yuvarlatmasıdır. Şübhəsiz, bütün bunlar onsuz da dalana dirənən  Ermənistana yaxşı heç nə vəd etmir.