KÖŞƏ

Taleh Turqut

Ermənistanı fəlakətə aparan...

20 fevral 2018 14:14
3897

Ermənilərin Azərbaycan torpaqlarında başlatdıqları son separatçılıq hərəkatından 30 il ötür. 1988-ci ilin məhz bu günündə - fevralın 20-də o zamankı Dağlıq Qarabağ Muxtar Vilayətinin rəhbərliyi vilayətin Ermənistana birləşdirilməsi barədə keçmiş SSRİ rəhbərliyinə müraciət qəbul etmişdi.

Elə bu müraciətdən dərhal sonra da həm Ermənistan ərazisində, öz tarixi torpaqlarında, həm də Dağlıq Qarabağda yaşayan azərbaycanlılara qarşı ermənilər səlib yürüşünə başladılar. Keçmiş Sovet imperiyası rəhbərliyinin də dəstəyi ilə silahlandırılmış erməni hərbi birləşmələri azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı fəaliyyətlərini genişləndirdilər. Nəticədə bir milyondan artıq soydaşımız öz ata-baba yurdundan zorla qovuldu, minlərlə dinc sakin, qadın, uşaq vəhşicəsinə qətlə yetirildi.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlanmasından ötən otuz ildə problemin keçmişinə nəzər salarkən yaranmış vəziyyətin heç də ermənilərin xeyrinə olmadığı aydın görünür. Münaqişənin ilk illərində müxtəlif dövlətlərin və beynəlxalq erməni lobbisinin həm siyasi, həm də maliyyə dəstəyi ilə Ermənistan Azərbaycanın ərazilərinin bir qismini işğal etməyə nail olaraq nisbi üstünlüyünü təmin etsə də hazırda proseslərin gedişində ölkəmizin dominantlığı aşkar görünməkdədir. Xüsusilə, 2016-cı ilin “Aprel müharibəsi”ndən sonrakı vəziyyət göstərir ki, Ermənistan artıq uduzduğunu anlayır və bundan təlaşa düşüb.

Qeyd edək ki, Azərbaycan rəhbərliyinin son illərdə apardığı siyasət ölkəmizin strateji maraqlarının reallaşmasının etibarlı zəminini hazırlayıb. Azərbaycanın iqtisadi inkişafı həm də siyasi gücünün, beynəlxalq nüfuzunun artmasına səbəb olub. Belə bir vəziyyətdə ermənilərin başlatdığı münaqişənin Azərbaycana vurduğu maddi-mənəvi zərərlə yanaşı, ən böyük zərəri elə Ermənistanın özünə vurub. “Ermənistanın yersiz torpaq iddiaları ermənilərə nə verdi” sualını indi ermənilər özləri daha tez-tez səsləndirirlər. Lakin onun cavabı heç də ürəkaçan deyil...

İşğalçı siyasət nəticəsində Ermənistan ilk növbədə öz əhalisini səfil vəziyyətə salıb. Ermənistan faktiki olaraq dövlət müstəqilliyini itirib, Rusiyanın forpostuna çevrilib. Hətta bəzən siyasi icmalçılar arasında “Ermənistan 2047-ci ilədək Rusiyaya icarəyə verilib” fikirləri səslənməkdədir(Burada iki dövlət arasında imzalanan strateji müqavilə nəzərdə tutulur). Hazırda Ermənistanın energetika, qaz, nəqliyyat və digər sənaye sahələrinin bütövlükdə Ruisya şirkətlərinin əlində olduğunu nəzərə alsaq deyilənlərin heç də əbəs olmadığı ortaya çıxar.

Siyasi ekspertlər hesab edirlər ki, Azərbaycanın hazırkı mövqeyi işğal edilmiş ərazilərin azad ediləcəyi faktının yaxın dövrlərdə reallaşıcağını deməyə əsas verir. Yalnız təkcə bu deyil, həm də bir dövlət kimi Ermənistanın iflasın bir addımlığında olduğunu göstərir. Burada həm Azərbaycanın qlobal layihəlrin təşkilatçısı kimi gündən-günə artan qüdrəti, bunun əksinə olaraq bu layihələrdən kənarda qalan Ermənistanın isə səfil duruma düşməsi də həlledici amildir.

İndi Ermənistanı nəinki işğal etdiyi Dağlıq Qarabağı öz əlində saxlamaq, artıq tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan ərazilərinin gələcəyi narahat edir. Xatırladaq ki, fevralın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının qurultayında ölkəmizin strateji hədəflərini açıqlayarkən bildirib ki, biz yalnız Dağlıq Qarabağı deyil, tarixi torpaqlarımız olan İrəvana, Göyçəyə, Zəngəzura da qayıtmalıyıq: “Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq”.

Azərbaycan rəhbərinin sözügedən bəyanatı erməniləri və onların bəzi havadarlarını ciddi narahat edib. Uşaqdan-böyüyə bütün ermənilər Azərbaycanın hərbi yolla öz ərazilərini qısa müddətdə azad edəcəyini anlayır, sadəcə bunun baş verdiyi günü təlaşla gözləməkdədirlər. Lakin Prezidentin son bəyanatı daha böyük miqyaslı proseslərin başlandığını göstərir. Hazırkı geosiyasi vəziyyət şəraitində, həm də ciddi siyasi dəyişikliklər ərəfəsində Azərbaycan Prezidentinin belə bir bəyanatla çıxış etməsi təsadüfi hesab edilə bilməz.

Məsələ Ermənistanda ciddi ictimai müzakirəyə səbəb olub. Tanınmış sabiq erməni hərbçisi Vova Vordanov deyib edib ki, Prezident İlham Əliyevin bəyanatlarını ciddi qəbul etmək lazımdır. Onun sözlərinə görə, Azərbaycan Ordusu çox güclüdür və istənilən halda Ermənistanı məhv edə bilər.

Erməni politoloq Manvel Sarkisyan ABŞ kəşfiyyatının Dağlıq Qarabağda müharibə təhlükəsi haqda açıqlaması və Azərbaycan Prezidenti İlham Əliyevin İrəvan mesajı haqqında maraqlı açıqlamalar verib. M. Sarkisyan qeyd edib ki, müharibə olacağı təqdirdə Ermənistanın güvəndiyi yerlərdən dəstəyi olmayacaq: “Azərbaycan Prezidenti İlham Əliyevin “İrəvanı qaytaracağıq” mesajı təsadüfi deyildir. Ermənistanda belə mesajları anlamağa imkan verən strategiya yoxdur. Ona görə də İrəvan Bakının mesajı qarşısında susur, özünü eşitməzliyə vurur. Halbuki, Əliyevin bu mesajı heç də seçkiyə hesablanmayıb, ortada Azərbaycanın gələcəyə hesablanmış ciddi strategiyası var. İlham Əliyev dünyada baş verənləri yaxşı oxuya bilir. O görür ki, ABŞ indi Rusiyaya açıq şəkildə təzyiq edir, rəqiblərini bir-bir vurur. Bu situasiyadan istifadə edərək Əliyev irəliyə doğru addım atır. İrəvanda isə hər kəs masanın altında gizlənib susur”.