KÖŞƏ

Yeganə Əliyeva

“Bakı-2017” sadəcə idman yarışı deyil...

12 may 2017 14:30
1345

Bu gün Bakıda IV İslam Həmrəyliyi Oyunlarına rəsmi start veriləcək. Açılış mərasimində 30-dək ölkədən federasiya prezidentinin və rəhbər şəxslərin iştirakı gözlənilir.  Bu beynəlxalq əhəmiyyətli  yarışlarda 54 ölkəni təmsil edən 3 mindən çox idmançı, 1000-dən çox komanda rəsmiləri və bir o qədər də texniki nümayəndə iştirak edəcək.

IV İslam Həmrəyliyi Oyunları təkcə idman yarışları deyil, həm də mədəni-kütləvi tədbirlərlə zəngin olacaq. Belə ki, bu beynəlxalq tədbirlərin davam edəcəyi müddətdə milli mədəniyyətimizi, mətbəximizi təbliğ edən yarmarkalar keçiriləcək. Həmçinin turistlər üçün Bakıda və regionlarda yerləşən tarix-mədəniyyət qoruqları, müxtəlif profilli muzeylər və xüsusi hazırlanmış turizm marşrutları üzrə ekskursiya xidmətləri təşkil olunacaq. Turist avtobusları müəyyənləşdirilmiş “şəhər turu” marşrutu üzrə paytaxtımızın qonaqlarına öz xidmətlərini təqdim edəcək.  Turistlərin suallarını cavablandırmaq, onlara lazımi köməyin operativ şəkildə həyata keçirilməsi məqsədilə könüllülərdən ibarət “Ask me - Məndən soruş” layihəsi təşkil olunacaq.

Paytaxtın gəzməli-görməli yerlərinə ekskursiyaların təşkili də  IV İslam Həmrəyliyi Oyunları çərçivəsində təşkil ediləcək mədəni tədbirlər sırasındadır. Belə ki, Bakının tarixi irsini sakinlərə və şəhərin qonaqlarına tanıtmaq məqsədi daşıyan “Sirli Bakı” mobil proqramı vasitəsilə tarixi abidələr haqqında üç dildə (Azərbaycan, rus, ingilis) informasiya təqdim olunacaq. Artıq “Go-map” naviqasiya sistemi təkmilləşdirilərək istifadəçilərin ixtiyarına verilib. Bu naviqasiya sistemi elektron xəritə üzərindən virtual bələdçi vəzifəsini yerinə yetirəcək. Həmçinin “Baku Guide” kitabçasının xüsusi buraxılışı təmin olunub və bütün mehmanxanalara çatdırılacaq.

IV İslam Həmrəyliyi Oyunlarına qatılacaq xarici qonaqlar üçün təşkil olunacaq konsert və tamaşalar isə milli mədəniyyətimizin, o cümlədən milli musiqimizin təbliği baxımından yaxşı fürsət olacaq. Belə ki, mayın 13-dən etibarən Heydər Əliyev Sarayında Dövlət Rəqs Ansamblının, Xalq artisti Alim Qasımovun və Əməkdar artist Fərqanə Qasımovanın, həmçinin Türkiyənin “Anadolu atəşi” rəqs ansamblının konsertləri təşkil ediləcək.  Həmçinin Azərbaycan Dövlət Musiqili Teatrında Üzeyir Hacıbəylinin əsərlərinin tamaşaları təqdim olunacaq. Beynəlxalq Muğam Mərkəzində isə “Muğam axşamı”, “Natiq Ritm Qrupu”nun, caz ifaçılarının xüsusi konsertləri keçiriləcək. Mayın 20-dən etibarən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Arşın mal alan” əsərləri əsasında hazırlanan tamaşaların nümayiş etdiriləcək.

Dünyanın 54 ölkəsindən qonaqların iştirak edəcəyi bu mötəbər tədbirə qatılanlar sərgi və filmlər vasitəsilə də Azərbaycanı daha yaxından tanıya biləcəklər. Belə ki, IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi müddətdə Azərbaycan Musiqi Mədəniyyəti Muzeyində “İslam dünyasının musiqi mədəniyyəti Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kolleksiyalarında” adlı sərgi təşkil ediləcək. Azərbaycan Milli İncəsənət Muzeyində “Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyalarında İslam İrsi”, Azərbaycan Xalça Muzeyində “İlahi sənət: naxışlar, ilmələr”, Azərbaycan İstiqlal Muzeyində Azərbaycan Dövlət Din Tarixi Muzeyinin kolleksiyasından ibarət “İslam: sülh və birlik” adlı sərgilər keçiriləcək. Həmçinin Heydər Əliyev Mərkəzində müxtəlif sərgilər, Muzey Mərkəzində “Azərbaycan İslam abidələri” adlı fotosərgi təşkil olunacaq. IV İslam Həmrəyliyi Oyunlarının iştirakçıları üçün “Nizami” Kino Mərkəzində “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi filmlərin festivalı da nəzərdə tutulub.