KÖŞƏ

Taleh Turqut

Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması Ermənistanı məhvə sürükləyir

11 noyabr 2017 00:02
3263

İki gün öncə ATƏT-in Daimi Şurasının iclasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə edilib. İclasda münaqişənin həlli ilə bilavasitə məşğul olan ATƏT-in Minsk qrupunun hər üç həmsədri iştirak və məruzə ilə çıxış edib. Ümumi mənzərə belə bir qənaət hasil edir ki, iclasda münaqişənin həllinin sürətləndirilməsinin vacibliyi önə çəkilib.

Bu fikri sözügedən iclasda ATƏT-in fəaliyyətdə olan sədrinin daimi nümayəndəsinin suallarına cavab verən Rusiya Federasiyasının qurumdakı daimi nümayəndəsi Aleksandr Lukaşeviçin sözləri də təsdiq edir. A. Lukaşeviç deyib: “Ümid edirik ki, həmsədrlərin gözlənilən müzakirələri bu köhnəlmiş münaqişənin sülh yolu ilə nizamlanmasına əlavə təkan verəcək”.

Rusiya nümayəndəsinin Dağlıq Qarabağ konfliktini “köhnəlmiş münaqişə” adlandırması problemin həllinin kifayət qədər yubanmasına işarə kimi qiymətləndirilir və beynəlxalq aləmdə münaqişənin həllinin sürətlənməsinə marağın artdığını göstərir.

Ümumiyyətlə son bir neçə ayda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar prosesinin intensivləşdiyi müşahidə olunmaqdadır. Burada bir amili xüsusi vurğulamaq lazımdır ki, prosesin sürətlənməsində Azərbaycan tərəfinin, xüsusən Prezident İlham Əliyevin siyasi fəallığının və təşəbbüslərinin mühüm təsiri olub. Siyasi ekspertlər hesab edirlər ki, hazırda danışıqlar prosesində müəyyənedici tərəf kimi Azərbaycan lideri çıxış edir. Ermənistan isə hadisələrin axarına qoşulmağa sadəcə olaraq məcbur edilir. Ermənistan məhz Azərbaycanın diplomatik təzyiqləri ilə 16 ay sonra pozmağa çalışdığı danışıqlar prosesinə qayıtmağa məcbur oldu. Həm də bu zaman “Aprel döyüşləri”ndən sonra irəli sürdüyü heç bir şərt qəbul edilmədən.

Hazırda Minsk qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin növbəti görüşünə hazırlıq gedir. Bütün siyasi ekspertlər danışıqlarda Azərbaycanın hərbi-siyasi üstünlüyü müqabilində Ermənistanın həm beynəlxalq aləmdə, həm də daxildə mövqelərinin zəiflədiyini vurğulayırlar. Müşahidələr göstərir ki, hər iki müstəvidə Ermənistanın durumu heç də ürəkaçan deyil.

İlk növbədə onu qeyd edək ki, hazırda Ermənistanın beynəlxalq aləmdə dəstəkçiləri əvvəlki dövrlərlə müqayisədə xeyli zəif görünürlər. Hətta bu dövlətin əsas “sahibi” hesab edilən Rusiyada belə artıq Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmalı olduğu barədə açıq bəyanatların sayı sürətlə artmaqdadır. Digər tərəfdən Azərbaycanın strateji müttəfiqi olan Türkiyə son dövrlərdə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində siyasi təşəbbüsünü xeyli artırıb. Türkiyə və Rusiya prezidentlərinin yaxın günlərdə baş tutacaq görüşündə də əsas müzakirə predmetlərindən biri məhz Dağlıq Qarabağ münaqişəsi olacaq.

Ermənistandakı daxili ictimai-siyasi vəziyyətin gərginliyi də göstərir ki, bu ölkənin cəmiyyəti artıq dövlətlərinin uduzduğunu başa düşürlər və buna görə Serj Sarkisyan hakimiyyətinə qarşı etirazlar gündən-günə artır. Müharibədə tərəflərdən biri olan Ermənistanın silahlı qüvvələrində isə vəziyyət daha acınacaqlıdır. Erməni xalqında orduya münasibətdə ciddi inamsızlıq müşahidə edilir. Vəziyyət o həddə çatıb ki, artıq erməni gəncləri açıq şəkildə orduda xidmət etməkdən imtina edirlər. Ermənistan ali məktəblərinin tələbələri “Hərbi xidmət haqqında” qəbul edilən yeni qanunda tələbələrin möhlət hüququnun ləğv edilməsinə qarşı etiraz mitinqləri keçirirlər. Ermənistan ordusunda baş verənlər nəzərə alınarsa erməni gənclərin və valideynlərin etirazları başa düşüləndir.

Belə ki, az qala hər gün müxtəlif hərbi hissələrdə ya əsgər qətllərinin baş verməsi, ya da hərbiçilərin xidmət yerlərini özbaşına tərk etməsi ilə bağlı yerli mətbuatda xəbərlər yayılır. Təkcə son iki ayda onlarla belə hadisə baş verib.

Bütün bunlar məğlubiyyət sindromunun artıq Ermənistan cəmiyyətində sabaha inam hissini məhv etdiyini göstərir. Sarkisyan rejiminin səfil vəziyyətə saldığı erməni xalqı haqsız mühairəbədə uduzduğunun və müharibənin yenidən başlayacağı təqdirdə məhv olacaqlarının fərqindədirlər...