KÖŞƏ

Taleh Turqut

Ermənistanı qorxuya salan nədir?

02 noyabr 2017 23:26
2867

Bakı-Tbilisi-Qars dəmir yolu ayrıcındakı “min illik bayquş”...

Oktyabrın 30-da rəsmi açılışı olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun iqtisadi və siyasi əhəmiyyəti barədə müzakirələr davam edir. Xarici KİV-də bu qlobal layihənin yaratdığı təəssüratlar bütün tərəfləri ilə gündəmi zəbt edib.

Müzakirələrdə diqqəti çəkən əsas məqamlardan biri BTQ-nin iqtisadi səmərəliliyi ilə yanaşı, onun geosiyasi faktora çevrilməsi, bu tarixi layihənin təşəbbüskarı kimi Azərbaycan Prezidenti İlham Əliyevin öz ölkəsinin beynəlxalq çəkisini artırmağa xidmət edən addımı və işğalçı Ermənistanı layihədən kənarda qoymaqla “cəzalandırması” kimi qiymətləndirilməsidir.

Qeyd edək ki, BTQ özünün əhəmiyyətinə görə Bakı-Tbilisi-Ceyhan boru kəmərindən sonra ikinci möhtəşəm layihə hesab edilir və onunla müqayisə edilir. Dəmir yolunun işə düşməsindən sonra onun haqqında deyilənlər və verilən beynəlxalq qiymət müqayisənin yerində olduğunu göstərir. Vaxtilə Bakı-Tbilisi-Qars dəmir yolunun əleyhinə bəyanatların səsləndiyi ABŞ və Avropa ölkələrindən də layihəni dəstəkləyən açıqlamalar eşidildi. Xarici ekspertlər bunu Prezident İlham Əliyevin böyük qələbəsi kimi dəyərləndirirlər.

Azərbaycanın torpaqlarını işğal edən və bu təcavüzkar siyasətinə görə regionda reallaşan bütün layihələrdən kənarda qalan Ermənistanın BTQ-nin işə düşməsindən narahat olacağı gözlənilən idi. Lakin etiraf edilməlidir ki, layihənin açılışından düşmən ölkənin bu qədər vahiməyə düşəcəyi də gözlənilən deyildi. BTQ-nin açılışından sonra Ermənistan cəmiyyəti sözün həqiqi mənasında özünü qaranlıq və dərin quyuya düşən və buradan xilas olmaq ümidi olmayan şəxs kimi aparır. Ölkənin aparıcı media orqanlarında bununla bağlı yazılan xeyli sayda məqalələr göstərir ki, ermənilər artıq Azərbaycanın uğurları qarşısında Ermənistanın əzildiyini və uduzduğunu qəbul edirlər.

Xatırladaq ki, hələ 2007-ci ildə Ermənistanın o zamankı prezidenti Robert Koçaryan Azərbaycan Prezidentinin irəli sürdüyü Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişi ilə bağlı danışarkən bildirmişdi ki, bu layihənin reallaşması mümkün deyil. R. Koçaryan açıq söyləmişdi ki, onlar bir sıra böyük dövlətlərə bununla bağlı müraciət ediblər və layihənin reallaşmasına imkan verilməyəcək. Həqiqətən də o dövrdə bəzi ABŞ konqresmenləri və avropalı siyasətçilər BTQ-nin əleyhinə bəyanatlar vermiş, onun gərəksiz olduğunu əsaslandırmağa çalışmışdılar. Lakin zaman göstərdi ki, Azərbaycan təşəbbüskarı olduğu layihələri yerinə yetirmək əzmində və gücündədir. Prezident İlham Əliyev ölkəmizin müstəqil siyasi iradəyə malik olduğunu bu kimi cəsarətli addımları ilə dəfələrlə isbat edib.

Bu baxımdan, müstəqil siyasi iradədən məhrum olan Ermənistanın təşvişi başa düşüləndir. Erməni siyasi şərhçiləri Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsini Azərbaycanın böyük qələbəsi, Ermənistanın isə rəzil məğlubiyyəti hesab edirlər. “Armtimes.com” saytında bununla bağlı məqalə ilə çıxış edən Ayk Qevorkyan yazır ki, sabiq prezident R. Koçaryan və hazırkı dövlət başçısı S. Sarkisyanın illər əvvəl söylədikləri əsassız arqumentlərə rəğmən Azərbaycan Prezidenti İlham Əliyev BTQ-nin açılışını həyata keçirə bildi. Həm də layihə regional deyil, qlobal xarakteri ilə daha da cəlbedici oldu. Çünki Bakı-Tbilisi-Qars dəmir yolu təkcə Azərbaycan, Türkiyə və Gürcüstan üçün deyil, Çindən tutmuş Avropaya qədər bir çox dövlətlərin marağını cəlb edə bilib. A. Qevorkyan məqaləsinin sonunda Ermənistanın regionda həyata keçirilən bütün böyük layihələrdən kənarda saxlandığını vurğulayaraq ölkəsini “bir neçə yolun ayrıcında oturan min illik qoca bayquş”a bənzədib. İşğalçı ölkənin hazırkı durumuna nəzər saldıqda erməni yazarın bənzətməsi tamamilə yerinə düşür.

Ermənistan Bakı-Tbilisi-Qars dəmir yoluna əngəl olmaq və beynəlxalq yükdaşımalarda iştirak etmək məqsədilə 2008-ci ildə Tbilisi-Gümrü-Qars dəmir yolunun işə salınması variantını təklif etmişdi. Lakin Abxaziya üzündən Rusiya-Gürcüstan arasında yaranan gərginlik və digər səbəblərdən bu təşəbbüsü reallaşdırmaq mümkün olmamışdı. Bundan sonra S. Sarkisyan İrana yeni dəmir yolunun çəkilməsi təklifini irəli sürmüş, lakin bu da təklif olaraq qalmışdı. 1,5 milyard dollara başa gələn bu layihəni həyata keçirməyə heç bir beynəlxalq qurum və dövlət maraq göstərməmişdi. Ermənistan üçün isə bu layihəni təkbaşına reallaşdırmaq sadəcə olaraq utopiya kimi görünürdü.

Digər tərəfdən Azərbaycanın təşəbbüsü ilə artıq çəkilməkdə olan Astara-Rəşt dəmir yolu Ermənistanın bu planını da alt-üst etdi. Sözügedən dəmir yolu bütün daşımalar üçün hər kəs tərəfindən ən optimal variant hesab edilir. Burada bir amili də qeyd etmək vacibdir ki, Ermənistandan fərqli olaraq Azərbaycan təşəbbüskarı olduğu layihələri yerinə yetirmək gücündədir və bu, həm BTQ, həm də Astara-Rəşt dəmir yolunun çəkilişində də belə olmuşdur.

Görünən odur ki, Azərbaycanın gündən-günə artan əzəməti qarşısında Ermənistan özünün zəifliyini və cılızlığını daha çox dərk etməyə başlayır. Bunu S. Sarkisyanın bir neçə gün əvvəl partiyasının üzvləri qarşısındakı əzik ruhlu çıxışından da anlamaq mümkündür. S. Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin həllindən danışarkən deyib ki, problemin həll edilməsində Ermənistanı ağrılı qərarlar gözləyir.

Lakin işğalçı siyasətini davam etdirdikcə, bu ölkəni həm də ağrılı günlər gözləyir...