KÖŞƏ

Taleh Bağırov

Dağıdıcı müxalifəti Qarabağ maraqlandırmır

10 avqust 2017 23:14
3762

Azərbaycanda fəaliyyət göstərən müxalifətin dağıdıcı qanadı demək olar ki, ölkədə baş verən hər bir hadisəyə tənqidi münasibət bildirərək özünü “gözə salmağa” çalışır. Hətta bəzi dağıdıcı müxalif partiya sədrləri ölkədə baş verən avtoqəzaların da, kafedə yeyib-içdikdən sonra sözləri çəp gəlib dava edən şəxslərin də günahını hakimiyyətdə axtarırlar. Dağıdıcı müxalifət özünü o qədər müxalif sayır ki, hatta Dağlıq Qarabağ münaqişəsinə də laqeyd və müxalif yanaşır.

Bunu onların illərdir şahidi olduğumuz fəaliyyətsizliklərindən, bu məsələdə ağızlarına su alıb susmalarından açıq-aydın görmək olar. Xalqımızın ən yaralı yeri olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gündəmdə olan hər hansı bir məsələdə dağıdıcılar mövqe ortaya qoymur, beynəlxalq təşkilatlara müraciətlər ünavanlamır və sair. Sanki bu məsələnin onlara heç bir aidiyyəti yoxdur. Hansı ki, tarixə nəzər salsaq rayonlarımızın işğalı prosesinin məhz AXC-Müsavat hakimiyyəti dövründə başladığını görərik. Amma bu gün biz ötən əsrə qayıtmayacayıq. Elə işğalçı Ermənistan müxalifəti ilə bizim dağıdıcıları bir çümlə ilə müqayisə etmək bəs edər. Mətbuatdan da izlədiyimiz kimi, Ermənistan müxalifəti Dağlıq Qarabağ problemi ilə əlaqədar həm beynəlxalq təşkilatlara, həm də Ermənistanın məsələ ilə əlaqədar üzv olduğu bütün qurumlara müraciətlər ünvanlayır, Qarabağın Ermənistan ərazisi olmadığı halda belə bunun əksini iddia edirlər və s. Eyni zamanda erməni müxalifəti xaricdə yaşayan ermənilərlə Qarabağ məsələsində həmrəylik nümayiş etdirir, müxtəlif tədbirlər keçirirlər. Amma Əli Kərimli, Arif Hacılı və İsa Qəmbərin himayəsində mövcudluğunu davam etdirən Azərbaycanın dağıdıcı müxalifəti bu məsələni tamamilə yadından çıxarıb. Buradan da belə nəticəyə gəlmək olur ki, dağıdıcılar üçün Dağlıq Qarabağ münaqişəsinin həll olunması heç də maraqlı deyil.

Sözsüz ki, dağıdıcılar istənilən xarici ölkədə müxtəlif səpkili tədbirlər təşkil etməklə münaqişəni beynəlxalq səviyyədə qabartmağa kömək edə bilərdilər. Lakin dağıdıcı “liderlər” ölkədən kənara çıxan kimi xarici ağalarına yalnız Azərbaycan haqqında şər-böhtan dolu məlumatlar satmaqla məşğul olurlar. Neçə illərdir ki, Əli Kərimli də, İsa Qəmbər də, Arif Hacılı da Azərbaycanın maraqlarını satdıqları ölkələr və beynəlxalq təşkilatlar qarşısında Dağlıq Qarabağ münaqişəsini qabartmayıblar. Pafoslu çıxışlarından da göründüyü kimi, bunların əsas məqsədləri qan axıtmaq yolu ilə də olsa siyasi hakimiyyətə gəlməkdir. Uzun illərdir dağıdıcılar eyni templə müxalifətçilik edirlər- 5-10 nəfərin toplaşdığı mitinq, hər beynəlxalq tədbirlər zamanı aksiya və pafoslu çıxışlar. Bütün bunların sayəsində isə antiazərbaycan qüvvələrdən gələn maliyyə ilə bəslənilirlər.