KÖŞƏ

Günel Eyyubova

Hirslənmə bəy, doğru söz acı olar

06 sentyabr 2017 14:26
4197

Özlərini “ana müxalifət” adlandırıb, müdriklik donuna bürünüb, filosof kimi danışan “ağ daşlar” xülyalarına qapılıb  “ucaldıqca ucalırlar”. Bu məqamda bir yapon məsəlini xatırlatmaq yerinə düşər: “ Düyünün içindəki qara daşlardan deyil, ağ olanlardan qorx”...

Əlbəttə, aydındır ki, müxaliflərin, xüsusilə radikal, barışmaz mövqedə dayananların  hər birinin məqsədi əslində “müttəfiqlik” etdikləri siyasi qüvvənin və siyasətçinin sosial bazasını ələ keçirməkdir.  Məqsəd sadəcə millət, xalq “təəssübkeşliyi” nümayiş etdirərək, yalan vədlər verməklə xarici dairələrin gözündə yüksəlmək, onların inamını qazanmaq və nəticədə ağasına sədaqətli qul olduqlarını göstərərək vaxtaşırı qrantlar almaqdır. Ötən illərin təcrübəsi göstərdi ki, “Milli Şura”dakıları nə milli maraqlar, nə də demokratiya düşündürür.

Bernard Şounun belə bir fikri var: “Axmaq adam pis iş görəndə bu işin onun vəzifəsi olduğunu iddia edir”. İndi onun sözü olmasın, radikallar da Nuh deyib, peyğəmbərə iman gətirməyənlər kimi iki ayaqlarını dirəyiblər “inostrannı” day-daylarının tayıcırıq başmaqlarına. Müxalifət düşərgəsini təmsil edən şəxslərin “əlləri aşağı” olan kimi üz tuturlar xaricdə olan havadarlarına.

Bu saxta “demokratlar”, “hüquq müdafiəçiləri” neçə illərdir Azərbaycana qara yaxmaqla, ölkənin nüfuzuna zərər yetirməklə məşğuldurlar. Azərbaycanda guya demokratiyanın boğulması barədə yalan hay-küy salmaqla, həqiqətlərini təhrif etməklə özlərini ağalarına bəyəndirməyə çalışırlar.

 Başlarına “dəsmal” bağlayıb özlərini milli adlandırıb, əslində düşmən dəyirmanına su tökənlər bir həqiqəti unudurlar ki, bu gün Azərbaycanda kifayət qədər güclü və etibarlı xalq-dövlət vəhdəti mövcuddur. Ötən prezident və parlament seçkilərində sosial bazaları olmadığı üçün sandıqda qalan “ana müxalifət”çilərin bu vəhdəti pozmaq imkanları məhdud və mümkünsüz variantdır. Bu gün Azərbaycan sivilizasiyalararası dialoq mərkəzi kimi ən mötəbər tədbirlərin keçirildiyi məkandır. Multikultural dəyərləri nümunə göstərilən, sabit ölkə kimi tanınan Azərbaycan həm də turistlərin daha çox maraq göstərdikləri ölkələrdəndir.  Respublikamıza gələn xarici qonaqlar Azərbaycanın gözəlliyinə, iqtisadi inkişafına, milli dəyərlərə sadiqliyinə heyran qalırlar. Təbii ki bu cür inkişaf edən respublikamız haqqında müxalif dairələrin formalaşdırmağa çalışdıqları bəhanələrin heç bir əsası yoxdur. Dünyanın hər yerindən ölkəmizə gələn qonaqlar Azərbaycanı daha yaxından tanımaq üçün yaranan fürsətdən istifadə edirlər. Təbii ki, xarici qonaqların ölkəmizlə bağlı söylədikləri xoş sözlər daha inandırıcıdır, nəinki daxili qaragüruhçu və xəyanətkar satqınların həqiqətə əsaslanmayan böhtanları. Buna görə də Azərbaycan xalqı özlərini “millət fədailəri” hesab edən AXCP sədri Əli Kərimlinin başçılıq etdiyi “beşinci kolon”un hay-küyünə deyil, Azərbaycan həqiqətlərinə inanır. Bu isə ölkəmizə qara pərdə arxasından baxan dağıdıcı müxalifətə sərf etmir, ona görə də “beşinci kolon”un üzvləri dövlətimizi ləkələmək və xarici qonaqların təsəvvüründə mənfi təəssüratlar yaratmaq üçün əllərindən gələni etməyə çalışırlar.

Hamıya gün kimi aydındır ki, ötən əsrin 90-cı illərində xalq hərəkatına yeridilmiş İ.Qəmbər, Ə.Kərimli, A.Hacılı kimilərlə yanaşı, heç də onlardan geri qalmayan reneqat E.Namazov  saysız-hesabsız fitnə-fəsad törədib və xalqı aldatmağa çalışıblar. Müxtəlif vədlərə aldanaraq “Milli Şura”da təmsilçiliyə razılıq verən partiyaların davamlı olaraq təşkilatdan ayrılması da xalqın gözü qarşısında baş verən siyasi oyunbazlıqdır. “Şura”da vəzifə bölgüsünün düzgün aparılmadığına ciddi etirazlarını bildirənlər təşkilatı tərk edərək artıq özləri üçün partiyalar yaratmışlar. “Milli Şura”nın təmsilçiləri arasında sabiq başqan İsa Qəmbər kimilərinin Avropanın ifrat liberal birlikləri ilə əlaqəsi də təşkilatdan istefaları intensivləşdirdi. “Şura”dan ayrılanlar səbəb kimi bildirdilər ki, ermənilərin də üzv olduğu bir təşkilatla əməkdaşlıq edənlərin cəmləşdiyi qurumda iştirak etmək perspektivsizdir. Özünü “ziyalı”, “demokrat” adlandıran, Vətənə arxa çevirən, oba-oba gəzib qrant toplayıb ölkəsinə qara yaxan adamları nə ölkənin, nə xalqın taleyi heç zaman maraqlandırmayıb və gələcəkdə də maraqlandırmayacaq.