KÖŞƏ

Taleh Bağırov

Mitinqlərdə 200-300 nəfər, sosial şəbəkələrdə 2-3 min nəfər

16 dekabr 2016 14:36
2521

Əli Kərimli özünü növbəti dəfə ifşa etdi

AXCP sədri Əli Kərimli ənənəsinə sadiq qalaraq yenə özü-özünü ifşa edib. Digər tərəfdən, rəqib dağıdıcı partiya “sədr”ləri də Ə.Kərimlini məsxərəyə qoyublar. Bütün bu rüsvayçı hadisələr isə sosial şəbəkələrdə baş verib. Belə ki, AXCP sədri şəxsi “Facebook” səhifəsi üzərindən insanları partiyasına üzv yazılmağa səsləyib. Elə hər şey də bundan sonra başlayıb.

Çağırışlara ən tez reaksiya verən isə Əli Kərimlinin sabiq müavini, hazırda alternativ AXCP-yə sədrlik edən Razi Nurullayev olub. Keçmiş sədrini ələ düşən hər fürsətdə tənqid etməyi unutmayan Nurullayev sosial şəbəkə vasitəsilə hər hansı bir çağırış etməyin qəbahət olmadığını bildirsə də, AXCP sədrinin bu vasitə ilə ətrafına adam toplamaq cəhdlərinin uğurla nəticələnməsinə inanmadığını deyib. R.Nurullayev xalqın artıq bu “lider”lərlə təmas qurmasında və partiyaya qoşulmasında heç bir marağının olmadığını deyib.

Keçmiş müsavatçı Tural Abbaslı isə AXCP sədrinin statusunu “acı həqiqət” adlandırıb. “Ağ Partiya”nın sədri T.Abbaslı vaxtilə təbliğat və təşviqat işlərinin daha çox televiziya və radiolardan asılı olduğunu, indi isə sosial şəbəkələrin müxalifətin işini xeyli yüngülləşdirdiyini qeyd edib. Lakin bildirib ki, bütün bunlar məsələnin müsbət tərəfi olsa da, mənfi tərəfləri daha çoxdur: “Bu,  yeniliklərin müxalifətin, ümumiyyətlə, siyasi kəsimin insanlarla birbaşa ünsiyyətinin qarşısını almasıdır. Real siyasi mübarizələr, daha çox virtual siyasi mübarizələrlə əvəzlənir. Hətta bu gün bəzi “siyasi liderlər”in həyat və fəaliyyətinə baxdıqda, görürsən ki, siyasi fəaliyyəti olmasa belə, virtual aləmdə, sosial şəbəkələrdə 2-3 status yazdıqları üçün özlərini “lider” hesab edirlər. Bu, günümüzün acı həqiqətidir”.

“Ağ Partiya”nın sədri Əli Kərimlinin daha bir yalanını da qabardıb. O, AXCP sədrinə eyham vuraraq, onu məsxərəyə qoyub və sual edib ki, onun sosial şəbəkədə yazdığı statusları 2-3 min nəfər adam “bəyənirsə” nəyə görə mitinqlərinə 200-300 nəfərdən artıq insan toplaya bilmir: “İnsanlar var ki, sosial şəbəkədə statuslarını 2-3 min adam bəyənir, ancaq mitinqə çağırdıqları adamlardan 200-300 nəfəri gəlir. Bu, o deməkdir ki, sosial şəbəkədəki fəaliyyət bəzən reallıqla uyğunlaşmır”.

Göründüyü kimi, artıq bir ili də geridə buraxmağımıza baxmayaraq dağıdıcı müxalifət üçün zaman elə eyni zaman olaraq qalır. İnsanların daha çox maraq göstərdiyi sosial şəbəkələrdə belə müxalifət “liderləri” tərəfdar toplaya bilmir. 2017-ci ildə dağıdıcılar daha qeyri-adi yeniliklər düşünməyə məcbur olacaqlar.