16 dekabr 2016 21:24
1223

Bakı Slavyan Universiteti 70 illik tarixində böyük uğurlar qazanıb

Dekabrın 16-da respublikamızda elm və təhsilin inkişafında, müstəqil Azərbaycanın humanitar ixtisaslar üzrə yüksək keyfiyyətli mütəxəssis hazırlığında, beynəlxalq əlaqələrimizin qurulmasında və milli-mənəvi dəyərlərimizin dünyada təbliğində xüsusi yeri olan Bakı Slavyan Universitetinin (BSU) 70 illik yubileyi qeyd edilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə güllər düzülüb.

Yubiley tədbiri universitetin akt zalında davam etdirilib.

Tədbirdə Türkiyə, Rusiya, Ukrayna, Bolqarıstan, Belarus, Çexiya və digər ölkələrdən gəlmiş qonaqlar iştirak ediblər.

BSU-nun rektoru, professor Nurlana Əliyeva on illər boyu respublikamız üçün unikal ixtisaslar üzrə mütəxəssis hazırlığı aparan universitetin keçdiyi tarixi yoldan, bu ali məktəbin gənc nəslin təlim-tərbiyəsindəki rolundan, Azərbaycanın milli-mənəvi dəyərlərinin dünyaya tanıdılmasında universitetin səmərəli fəaliyyətindən danışıb.

Təhsil naziri Mikayıl Cabbarov BSU-nun Azərbaycanda yüksək ixtisaslı kadr hazırlığında rolunu, ölkəmizin Rusiya, bütövlükdə MDB məkanı, Şərqi, Mərkəzi və Cənubi Avropa, böyük slavyan-yunan dünyası ilə təhsil, ədəbi-mədəni, siyasi-diplomatik və sosial-iqtisadi əlaqələrinin inkişafında əhəmiyyətli fəaliyyətini diqqətə çatdırıb.

BSU-nun tarixini və bugünkü fəaliyyətini əks etdirən qısametrajlı film göstərilib.