KÖŞƏ

Taleh Bağırov

İstefalar, qalmaqallar, rüsvayçı mitinq...

19 yanvar 2017 14:23
3542

Artıq 20 günə yaxındır ki, 2016-cı il tarixin səhifələrində özünə yer edib. Geridə qalan bu tarix şübhəsiz ki, kimisi üçün uğurlu, kimisi üçün də uğursuz anlarla yadda qalacaq. Bu reallıq insanlar üçün olduğu kimi, siyasi təşkilatlar üçün də eynidir. Siyasi təşkilatlardan və uğursuzluqdan söz düşmüşkən, dağıdıcı müxalifətdən danışmamaq düzgün olmaz. Çünki siyasi arenada müxalifətin dağıdıcı qanadında təmsil olunan bir neçə partiya var ki, əvvəlki illərdə olduğu kimi, ötən il də heç bir uğura imza ata bilmədilər. Amma şəxslər hissəsinə gəldikdə, bunu həmin partiyaların sədrləri barədə demək bir az çətindir. Çünki dağıdıcı düşərgədə təmsil olunan Müsavat və AXCP sədrləri hər zaman olduğu kimi, 2016-cı ildə də xarici himayədarlarından xeyli məbləğdə qrantlar ala bildilər. Amma...

Müsavat Partiyası siyasi qurum olaraq ötən il əzəli düşməni AXCP ilə eyni taleyi yaşadı. Beləliklə, bir zamanlar partiyanın rəsmi orqanı və “danışan dili” olan “Yeni Müsavat” qəzeti ilə Müsavat arasında qarşılıqlı ittihamlarla müşayiət olunan intriqalar yeni məcraya qədəm qoydu. Əgər bu vaxta qədər qəzet rəhbərliyi ilə partiya başqanı arasındakı gərginlik mətbuatdan gizlədilirdisə, ötən il hər şey aşkara çıxdı. Hətta “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu ilə Müsavat başqanı arasında təhqir savaşı başladı. Nəticə olaraq qəzetin əməkdaşları, jurnalistlər, rəhbər heyəti Müsavatdan istefa verdilər. R.Arifoğlu A.Hacılını Müsavatı dağıtmaqda ittiham edərək, hər kəsi partiyadan uzaq durmağa səslədi. A.Hacılı isə, öz növbəsində, qəzetin əməkdaşlarının partiya qərargahına gəlməsini yasaqladı.

Digər tərəfdən, Müsavat Partiyasının da bir neçə rayon təşkilatı özünü buraxdı. Bir neçə rayon təşkilatı isə kütləvi istefa sənədi hazırlayaraq, mətbuat qarşısında Müsavatla yollarını ayırdıqlarını bəyan etdilər. Partiyanın bütün fəaliyyəti iflic duruma düşdü. AXCP sədri ilə Müsavat başqanı arasındakı üzvlərin “ovu” məsələsi ötən il də gündəmdə qaldı. Sentyabrın 18-də “Məhsul” stadionunda keçirdiyi 150 nəfərlik mitinqdə isə partiya növbəti dəfə gülüş obyektinə çevrildi. Həmçinin A.Hacılının başqanlığı müddətində Müsavatın adı mühacir biznesində də hallandı. İddialara görə, ayrı-ayrı müxalifətçilərdən müəyyən məbləğ qarşılığında onların guya polis tərəfindən təqib olunduğu ilə bağlı saxta rəy yaradaraq xarici ölkələrin Azərbaycandakı səfirliklərinə müraciətlər ünvanlandı. Bunun sonu isə heç də yaxşı olmadı. Onlardan bəziləri bu addımlarına görə, peşmançılıq hissi keçirsələr də, artıq hər şeyin gec olduğunu anladılar. Nəticə isə göz qabağındadır: Müsavat 2017-ci ilə daha da zəifləmiş, sıraları azalmış vəziyyətdə qədəm qoydu.