01 fevral 2017 15:56
1439

YAP Pirallahı rayon təşkilatının Şura iclası

Yanvarın 31-də Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının Şura iclası keçirildi. İclasda Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının 2016-cı ildə gördüyü işlərin hesabatı dinlənildi, ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsinin vəziyyəti, rayon təşkilatının I hesabat-seçki konfransına hazırlığın vəziyyəti və sair məsələlər barədə məsələlər geniş müzakirə edildi.

YAP Pirallahı rayon təşkilatının sədri Manaf Manafov gündəlikdə duran məsələlər barədə məlumat verərək rayon təşkilatının ötənilki hesabatını diqqətə çatdırdı. Bildirdi ki, hesabat dövrü ərzində Yeni Azərbaycan Partiyasının ideoloji, təşkilati prinsiplərinin yerinə yetirilməsi, rayon təşkilatının müvafiq iş planına uyğun olaraq müxtəlif mövzuları əhatə edən çoxsaylı tədbirlər, aksiyalar həyata keçirilib. “Ümumilikdə keçirilən tədbirlərdə YAP fəallarının, rayon ictimaiyyətinin fəallarının iştirakı təmin edilib” deyən M.Manafov, həmçinin YAP üzvlərinin sıralarının günbəgün artdığını və bunun ulu öndər Heydər Əliyevin layiqli davamçısı ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin siyasi kursunun xalq tərəfindən dəstəklənməsinin bariz nümunəsi olduğunu qeyd etdi. YAP Pirallahı rayon təşkilatının sədri bildirdi ki, 2016-cı il ərzində təşkilatın üzvlərinin sayı 252 nəfər artaraq 4718 nəfərə çatıb. Partiya sıralarına yeni qəbul olunan üzvlərin əksəriyyətini gənclər təşkil edir.

YAP Pirallahı rayon təşkilatının sədr müavini Əli Kərimov bütün üzvlərin partiya ideologiyasını dərindən bilməsinin vacibliyini önə çəkərək, YAP üzvü olan gənclərin bu istiqamətdə daha çox maarifləndirilməsinin əhəmiyyətini vurğuladı.

İclasda YAP rayon təşkilatının sədr müavini Daməd İmanov, Şura üzvləri Fazil Məhəmmədov, Hikmət Şikarov, Sevda Alxasova və başqaları çıxış edərək rayon təşkilatının 2016-cı ilin yekunlarına dair hesabatını qənaətbəxş hesab etdilər.

Orxan Vahidoğlu, “İki sahil”