KÖŞƏ

Yeganə Əliyeva

Niderland “demokratiyası” - faşizmin işartıları

14 mart 2017 15:09
1280

Bir neçə gündür dünya mətbuatının gündəmini tutan Türkiyə-Hollandiya münasibətləri siyasi qarşıdurma həddinədək gəlib çıxıb. Avropa üçün son dərəcə vacib dayaq və strateji ölkə olan Türkiyə ilə müasir Avropanın çox mühüm parçası sayılan Hollandiya arasında baş verən bu qarşıdurmaya şahidlik etmək, böyük mədəniyyətlər arasındakı siyasi ixtilafların tamaşaçısı, izləyicisi olmaq doğrudan da çox üzücüdür. Həm də ona görə ki, siyasi ixtilaflara yol açan Avropa dəyərlərinin daşıyıcısı kimi təqdim olunan bir ölkənin - Hollandiyanın yumşaq desək, hoqqabazlığıdır. Dünyada hər cür ayrı-seçkiliyə qarşı olan, dini-irqi, fiziki-mənəvi zorakılığın yolverilməz olduğunu bəyan edən, hətta cinsi azlıqlara belə qucaq açan bir Avropa ölkəsinin öz milli mənəvi dəyərlərini qorumaqla Avropaya inteqrasiya yolunu tutmuş bir müsəlman dövlətinə, dünyaya nümunə olan tarixi keçmişə malik müsəlman dövlətinə qarşı hərəkətlərini siyasi hoqqabazlıqdan başqa nə adlandırmaq olar?

Əslində, Niderlandla Türkiyə arasındakı diplomatik qalmaqalın kökündə Qərbin və Avropanın düzgün olmayan, ədalətə söykənməyən yanaşmaları, ikili standartları və islamofobiya dayanır. Niderlandda Türkiyəyə münasibətlərdə, hətta faşizmin işartıları görünür.

Əvvəlcə Almaniyada, ardınca isə Niderlandda türkiyəli nazirlərin haqq-ədalət, düzgünlük, demokratiya, ictimaiyyətə açıqlıq və şəffaflıq carçısı olan bu ölkələrdə yaşayan Türkiyə vətəndaşları ilə görüşünə bu şəkildə qadağalar qoyulmasının başqa izahı yoxdur. Axı, bir ölkənin nazirlərinə konsulluqda öz vətəndaşları ilə görüşünə icazə verməmək hansı Avropa dəyərlərinə, hansı bəşəri prinsiplərə uyğun gəlir?! Bəs, beynəlxalq hüquq normaları, bərabərlik, dürüstlük, haqqı tapdananın yanında olmaq harda qaldı?! Avropanın Şərqə doğru genişləndirmək istədiyi demokratiya dəyərləri budurmu? Qətiyyən! Bunlar heç bir halda sivilizasiyaların, dinlərin, ayrı-ayrı xalqların və millətlərin daşıya biləcəyi dəyərlər ola bilməz. Əksinə, Avropadan Türkiyəyə qarşı yönəldilən bu cür hərəkətlər İslam düşmənçiliyinin nəticəsidir. Əks halda hansı yanaşma ilə Avropa mədəniyyətinin daşıyıcısı olan Niderlandda, yaxud Avropanın mərkəzi sayılan Almaniyada yaşayan Türkiyə vətəndaşları ilə türkiyəli dövlət adamlarının görüşünə bu cür aqressiv şəkildə, düşməncəsinə maneələr yaradıla bilər? Yaxud Niderlandda yerli polis əməkdaşlarının öz naziri ilə görüşmək istəyən türklərin üzərinə itlə gəlməsi, sadə vətəndaşları xüsusi təlim görmüş itlərə qapdırması faşist təfəkkürü deyilmi?

Bütün dünyada sülh və barış tərəfdarı olan bir müsəlman ölkəsinə, elə Avropanın özünə İslam dəyərlərinə uyğun qonaqpərvərlik nümunəsi göstərən Türkiyəyə qarşı belə haqsızlıq edən, xüsusi təlim görmüş itləri türklərin üzərinə qısqırtmaq faşist düşüncəsinin məhsulu ola bilər. Bu, həm də Avropanın Almaniya və Niderland kimi ölkələrin timsalında irqçiliyə meyilləndiyinin bir göstəricisidir.

Niderland hökuməti diplomatiya qaydalarına zidd olan bu hərəkətləri ilə Türkiyənin Avropaya inteqrasiyasını əngəlləməyə çalışır. Dünyada ədalətin bərqərar olması, haqlının haqsız üzərində üstünlük qazanması üçün kiçicik bir nümunə ortaya qoya bilməyən bapbalaca Niderland çox böyük və örnək tarixə malik Türkiyə kimi nəhəng ölkəyə qarşı pislik davası açıb. Bircə məqsəd var: aprel ayında Türkiyədə keçiriləcək konstitusiya referendumunu gözdən salmaq, rəsmi Ankaranın nəzərdə tutduğu dəyişikliklərin, islahatların gerçəkləşməsinə imkan verməmək. Elə Avropa Birliyinin sükanını əlində bərk-bərk saxlayan Almaniyanın da məqsədi eynidir. Bu Avropa nəhənginin Dövlət Televiziyası Türkiyədə Konstitusiyaya dəyişikliklə bağlı təklifləri Avropa ictimaiyyətinə, o cümlədən dünyaya səpələnmiş türklərə yanlış çatdırır.  Bununla da Türkiyədə keçiriləcək referendumun əleyhinə olduqlarını ortaya qoyurlar.

Olsun... Amma bir gerçəklik də var, axı. Görəsən, Türkiyədəki referendumun Almaniyaya, Niderlanda, yaxud da Avropanın hansısa digər ölkəsinə nə dəxli var?! Əlbəttə, heç nə. Deməli, Hollandiya hökumətinin Türkiyəyə qarşı son addımları həm də beynəlxalq hüquqa hörmətsizlik və Vyana Konvensiyasının tələblərinin kobud surətdə pozulmasıdır.  Hollandiya Türkiyənin iki nazirinin bu ölkəyə girişinə icazə verməməklə, ikili vətəndaşlığı olan türklərin səsvermə hüququnu da pozub. Axı, Hollandiyada yaşayan türklər gələn ay Türkiyədə keçiriləcək referendumda iştirak etməlidir və onların Konstitusiyaya dəyişiklik haqqında məlumat almaq hüququ var. Lakin nazirlərin Hollandiyaya buraxılmaması ilə səsvermə hüququ olan türkləri konstitusiyaya dəyişiklik haqqında məlumat almaq hüququndan məhrum edib.

Deməli, son illər Avropada bəşəri dəyərlərin dəyərdən düşməsi barədə deyilənlər təsadüfi deyil. Türkiyəyə qarşı baş verənlər doğrudan da özünü demokratiyanın beşiyi sayan, demokratik, ali dəyərlərin daşıyıcısı, təminatçısı olduğunu söyləyən ölkələrin demokratik prinsiplərə, dəyərlərə barmaqarası baxdığını bir daha təsdiq edir. Guya demokratiyanı müdafiə adı altında insanların sərbəst toplaşmaq azadlıqlarının məhdudlaşdırılması isə insan haqlarının pozulmasının ən bariz nümunəsidir.

Bizim nümunə götürmək istədiyimiz Avropa budursa, çox təəssüf!