KÖŞƏ

Sevinc Mürvətqızı

Sarkisyanın prezidentliyinin son günü...

30 mart 2017 14:36
2089

Ermənistan mətbuatı: Hakimiyyət naminə istənilən fiquru qurban verməyə hazırdır

Bəllidir ki, aprelin 2-də Ermənistanda parlament seçkiləri keçiriləcək. İşğalçı ölkədə seçkidən əvvəlki vəziyyət təbii ki, Ermənistan mətbuatının diqqət mərkəzindən kənarda qala bilməz. İstər seçkiöncəsi proseslərə, istərsə də ölkə prezidenti Serj Sarkisyanın apardığı uğursuz siyasətə dair kifayət qədər tutarlı faktlarla çıxış edən erməni mətbuatının budəfəki hədəfi hakim partiyanın sədr müavini Armen Aşotyan olub. Jurnalistlərin sualları qarşısında aciz durumda qalan Aşotyan da hər halda bilir ki, xidmət etdiyi partiyanın, eləcə də Sarkisyanın ömrünə az qalıb. 

1in.am saytı yazır ki, jurnalistlər Aşotyandan Sarkisyanın 2018-ci ildən sonra hakimiyyətdən getmək ehtimalını təsəvvürünə gətirib-gətirmədiyini soruşublar və təbii ki, Armen Aşotyan bütün sualları olduğu kimi, bu sualı da cavabsız qoyub: “Suallar qarşısında susan, nə birinci nə də axırıncı “respublikaçı” deyil. Hətta bu sualın tam doğru cavabını verə biləcək şəxs, yəni Sarkisyan da bu haqda konkret heç bir fikir söyləmir. Ermənistan prezidenti də bilir ki, hər şeyə hazır olmaq lazımdır. Digər tərəfdən, belə bir sual yaranır ki, görəsən Sarkisyan hakimiyyəti daxilində onunla eyni düşünən tərəfdarlarının olub-olmadığını bilirmi? Formal olaraq onun partiyadaşları mövcuddur, ancaq de-fakto olaraq Sarkisyan təklikdə qalıb. Ona görə yox ki, onu tək qoyublar. Ona görə ki, onun özü ətrafındakıları uzaqlaşdırmaqla məşğuldur. Görünür Serj çıxış yolunu bunda görür və hər hansı taktikadan kənarda qalmaq üçün hakimiyyət naminə istənilən fiquru qurban verməyə hazır olub”. 

“Əgər Sarkisyan hakimiyyətin siyasi arealında kimlərəsə öz planının, hətta ən kiçik hissəsini açıqlayarsa, bu zaman həmin fiquru qurban verməkdən əli üzüləcək. Sarkisyan isə şahmat taxtasında olduğu kimi, istənilən fiquru qurban vermək üçün əlində olan mümkünlükləri sona qədər saxlamağa cəhd edir. Məhz bu imkanları vasitəsilə o, bu günə kimi öz kreslosunu qoruyub saxlamağa nail olub”, - deyə qeyd edən sayt vurğulayıb ki, böyük ehtimalla məhz bu səbəbdən də Serj Sarkisyan bu günə qədər 2018-ci illə bağlı planlarını açıqlamır. O, prezidentlik müddətinin başa çatmasına 1 gün qalsa belə öz postunu tərk etməyəcəyini söyləyir. Bu isə o deməkdir ki, hətta getməsinə bir gün qalmış belə növbəti addımının nədən ibarət olacağı barədə heç kimə heç nə deməyəcək. Çünki səriştəsiz, xalqın etibarından sui-istifadə edən ölkə rəhbərliyi heç kimə inanmır və hər an postunu itirmək qorxusu ilə üz-üzədir.