KÖŞƏ

Yeganə Əliyeva

Moskva görüşü Dağlıq Qarabağa sülh gətirəcəkmi?

02 may 2017 14:32
1172

Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini irəliyə doğru aparmağa ümid yarada biləcək daha bir görüş başa çatdı. Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ötən cümə günü Moskvada keçirilən görüşü iki vacib amilə görə xüsusi əhəmiyyət daşıyırdı. Birinci ona görə ki, Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında keçirilən üçtərəfli görüş Dağlıq Qarabağda status-kvonun dəyişdirilməsinin qaçılmaz olduğunu bir daha təsdiq edir. İkinci amil isə odur ki, Moskva görüşü hər vəchlə danışıqlar prosesini uzatmağa çalışan Ermənistanın bu niyyətinə nail olmasının mümkünsüzlüyünü yenidən işğalçı tərəfə “başa sala” bildi.

Bəs, xarici işlər nazirlərinin Moskvada üçtərəfli görüşünün nəticələri münaqişənin həlli prosesinin sürətləndirilməsi baxımından nə vəd edir?

Bəri başdan deyək ki, üçtərəfli görüşdə 2016-cı ilin aprel və iyun aylarında Vyana və Sankt-Peterburqda əldə olunmuş razılaşmaların yerinə yetirilməsinin vacibliyi vurğulanıb. Nazirlər müzakirə olunan məsələlərlə bağlı əlaqələri davam etdirmək barədə razılıq əldə ediblər. Məhz bu baxımdan xarici işlər nazirlərinin Moskva görüşü münaqişənin sülh yolu ilə həlli prosesində uzun müddət davam edən passivlikdən və durğunluqdan sonra müsbət addım kimi dəyərləndirilir. Amma işğalçı Ermənistanın münaqişənin həlli istiqamətində nə dərəcədə konstruktiv mövqe nümayiş etdirməsi hələ ki bəlli deyil. Baxmayaraq ki, siyasi təhlilçilər bu cür görüşlərlə Ermənistanın konstruktiv mövqe nümayiş etdirəcəyinə o qədər də inanmırlar. Hərçənd Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov görüşdən sonra mətbuata açıqlamasında bəzi pozitiv məqamlara işarə edib. Hələlik isə görünən odur ki, Moskva görüşündə də müsbət irəliləyişlərin, münaqişənin həllinə təsir edə biləcək kompromislərin əldə edildiyi barədə konkret fikir yoxdur. Bu isə o deməkdir ki, ümumilikdə Dağlıq Qarabağda müharibə təhlükəsinin qarşısını almaq üçün göstərilən səylər hələlik yetərli sayılmır. Çünki ərazisinin 20 faizə qədəri hələ də Ermənistanın işğalı altında olan Azərbaycan haqlı olaraq  vasitəçilərin rəsmi İrəvana qarşı təzyiqləri artırmasını, işğalçı ordunun Dağlıq Qarabağdan və ətraf rayonlardan çıxarılmasını gözləyir. Əks təqdirdə, regionda müharibə təhlükəsi davam edəcək. Üstəlik Ermənistan prezidenti Serj Sarkisyan da bəzi hallarda müharibəyə çağırış və radikal şüarlar səsləndirməkdən çəkinmir.

Politoloq Elxan Şahinoğlu hesab edir ki, Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşü nəticə etibarilə münaqişənin həllinə təsir etməsə də, bu təmaslar rəsmi İrəvanın sülh danışıqlarından yayınmaq cəhdlərinin mənasız olduğunu Serj Sarkisyan rejiminə bir daha anlatdı. O, nazirlərin görüşünə dair yayılan bəyanatın da formal olaraq diplomatik xarakter daşıdığını söyləyib: “Görüşün yekunları ilə bağlı yayılan bəyanatda əsas fikir bundan ibarətdir ki, tərəflər Vyana və Sankt-Peterburq görüşlərində əldə edilmiş razılaşmaların həyata keçirilməsini, görüşlərin davam etdirilməsini dəstəkləyir. Amma məgər prezidentlərin 2016-cı ildə Vyana və Sankt-Peterburq görüşlərində hansısa razılıq əldə olunub? Yeganə şifahi razılıq bu olub ki, danışıqlar davam etdirilsin və atəşkəsə riayət olunsun. Lakin bu, atəşkəslə bağlı qısamüddətli razılaşmadır. Həm Vyana və Sankt-Peterburq görüşləri zamanı, həm də ondan sonrakı dövr ərzində Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, mövcud status-kvo bizim maraqlarımıza ziddir və proses bu cür davam edə bilməz. Çünki status-kvonun bu cür davam etməsi Dağlıq Qarabağ münaqişəsinin uzanması deməkdir”.

Politoloq hesab edir ki, Rusiyanın Moskvada belə bir görüş təşkil etməsinin bir məqsədi də aprel döyüşlərinin birinci ildönümündən sonra Azərbaycanın hansı mövqedə olduğunu müəyyənləşdirmək idi. Onun sözlərinə görə, Kreml bu görüşü təşkil etməklə Azərbaycanın müharibəyə başlamayacağına əmin olmaq istəyirdi: “Amma Moskvanın buna əmin olub-olmadığı hələ sual altındadır. Çünki Azərbaycan öz mövqeyindən bir addım da olsun geri çəkilməyib və bütün görüşlərdə bəyan edir ki, Dağlıq Qarabağdakı mövcud status-kvo dəyişməlidir. Status-kvonun dəyişməsi isə o deməkdir ki, ya Ermənistan əraziləri boşaltmalıdır, ya da müharibə başlayacaq”.