KÖŞƏ

Yeganə Əliyeva

Bakı İslamiadaya tam hazırdır

06 may 2017 01:03
1235

3 mindən çox idmançını qəbul edəcək arenalar atletləri gözləyir

Son illər nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycan daha bir nümunəvi tədbirə hazırlaşır. Belə ki, mayın 12-də Bakıda IV İslam Həmrəyliyi Oyunlarına rəsmi start veriləcək.

Bəri başdan deyək ki, IV İslam Həmrəyliyi Oyunlarında 57 ölkəni təmsil edən 3 mindən çox idmançı, 1000-dən çox komanda rəsmiləri və bir o qədər də texniki nümayəndə iştirak edəcək. Bu rəqəmlər özlüyündə bir rekorddur. Çünki bu vaxtadək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin qatılması heç vaxt müşahidə olunmayıb. Atletlər 10 gün ərzində 17 yarış məkanında 23 idman növü üzrə mübarizə aparacaqlar. Qaliblərə 1600 medal təqdim ediləcək. Yarışlar 1000-dən çox mətbuat nümayəndəsi tərəfindən işıqlandırılacaq. IV İslam Həmrəyliyi Oyunlarını 50-dən çox ölkədə, ümumilikdə 1 milyarddan çox tamaşaçı izləyəcək. İslam Həmrəyliyi Oyunlarının keçirilməsində 8 mindən çox könüllü iştirak edir.

IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri, o cümlədən futbol yarışları canlı yayımlanacaq. Digər yarışlar idman bülleteni formatında təqdim ediləcək. Oyunlar, həmçinin Olimpiya kanalı vasitəsilə yayımlanacaq. “Bakı-2017”nin 24 beynəlxalq və 17 yerli səfiri, 8 yerli və 5 beynəlxalq sponsoru var. Oyunların açılış və bağlanış mərasimlərinin təşkilində 31 müxtəlif ölkədən 5 mindən çox əməkdaş fəaliyyət göstərir. Mərasimlərdə 8 ölkədə istehsal olunmuş səhnə avadanlığından istifadə olunacaq.

Xatırladaq ki, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi Prezident İlham Əliyevin 2015-ci il 18 sentyabr tarixli Sərəncamı ilə yaradılıb. 2015-ci il noyabrın 1-də İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi fəaliyyətə başlayıb. Əməliyyat Komitəsində 16 ölkədən 100 xarici və 1400 yerli mütəxəssis çalışır. Oyunların proqramına daxil edilmiş 165 idman yarışı üçün 500 mindən çox bilet satışa çıxarılıb.

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq tədbirləri sırasında təhlükəsizlik məsələləri xüsusilə diqqət mərkəzində saxlanılır. Belə ki, yarışlar ərəfəsində və dövründə asayişin və təhlükəsizliyin təmin olunmasının koordinasiyası təşkili məqsədilə Əməliyyat Qərargahı, habelə 30 yarış və qeyri-yarış obyektini əhatə edən 15 köməkçi qərargah yaradılıb. Daxili işlər orqanlarından təhlükəsizliyin təmin olunmasına 12 min nəfər şəxsi heyət üzvü cəlb edilib, onların 252-si qadındır. Nəzarət-buraxılış yerlərində 154 ədəd “X-RAY” və 286 ədəd stasionar metal detektor quraşdırılacaq. Bununla əlaqədar 1800 əməkdaş praktiki məşğələlərə cəlb edilib. Bundan başqa, yol hərəkətinin təhlükəsizliyi və yüksək səviyyəli nümayəndə heyətlərinin müşayiəti yol-patrul xidmətinin 1200 əməkdaşı tərəfindən xüsusi təyinatlı 400 avtomobillə təmin ediləcək.

Təhlükəsizlik tədbirlərinə uyğun olaraq yarış və qeyri-yarış obyektləri ətrafında 214 nöqtədə 642 videomüşahidə kamerasından istifadə edilir. Ümumilikdə, bu gün respublikada “Təhlükəsiz şəhər” sisteminin 3270 nöqtədə 12 min, habelə şəxsi mülkiyyətdə olan obyektlərə aid avtonom rejimdə işləyən daha 100 min videomüşahidə kamerası fəaliyyət göstərir.

IV İslam Həmrəyliyi Oyunlarında iştirakçılar və tamaşaçılar üçün nəqliyyat xidmətləri də yüksək səviyyədə təşkil olunub. Belə ki, Oyunlar dövründə 144 “Neoplan” avtobusu, 20 “Sprinter” avtobusu və 206 taksi xidmətə cəlb ediləcək. Bakı Nəqliyyat Agentliyi 750 sürücü ayırıb. Oyunların sınaq açılışında, açılış və bağlanış mərasimlərində müvafiq olaraq, 23 min, 30 min və 60 min nəfərin iştirakı gözlənilir. Bu mərasimlər zamanı tamaşaçıların Bakı Olimpiya Stadionuna çatdırılması və mərasimlər bitdikdən sonra seçilmiş istiqamətlər üzrə metronun “20 Yanvar”, “Gənclik” və “Qara Qarayev” stansiyalarına çatdırılması üzrə 3 ekspress xəttin təşkili məqsədilə 228 avtobus cəlb olunub.

Tamaşaçıların daşınması ekspress xətlər vasitəsilə Bakı Olimpiya Stadionuna və mərasimlər bitdikdən sonra müəyyən edilən istiqamətlərdə ödənişsiz əsasda həyata keçiriləcək. Sınaq açılışı, açılış və bağlanış mərasimləri günlərində Bakı Nəqliyyat Agentliyi və Bakı Metropoliteni gecə saatlarına qədər fəaliyyət göstərəcək. Atletlərin rahat hərəkəti və təhlükəsizliyi məqsədilə Əməliyyat Komitəsi tərəfindən xüsusi ayrılmış 144 “Neoplan” və 20 “Sprinter” markalı avtobusun idarə edilməsi üçün 320 sürücü cəlb olunacaq. Mayın 18-də Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da keçiriləcək iki futbol oyununda iştirak edəcək tamaşaçıların və digər şəxslərin daşınması üçün “Koroğlu” metrosu-”Dalğa Arena” istiqamətində xüsusi ekspress xəttin fəaliyyəti təmin ediləcək. Həmçinin Əməliyyat Komitəsi tərəfindən akkreditasiya edilmiş könüllülər, işçi qüvvəsi, media nümayəndələri və digər iştirakçılar şəhərdaxili və şəhərətrafı marşrut xətlərindən mayın 1-dən 30-dək ödənişsiz istifadə edəcəklər.