KÖŞƏ

Elçin Zaman

Ən güclülərin qalibiyyəti

24 may 2017 23:14
3056

Azərbaycan idmançıları IV İslam Həmrəyliyi Oyunlarında 54 ölkə arasında birinci olmaqla dünyanı heyrətləndirdilər

IV İslam Həmrəyliyi Oyunları Azərbaycan dövlətinin və xalqının idmandakı zəfərlərinin davamı olmaqla tariximizə yeni və qiymətli bir səhifə yazdı. Eyni zamanda bu beynəlxalq idman yarışı dünyaya, beynəlxalq idman arenasına Azərbaycan dövlətinin böyük töhfəsi kimi qəbul edildi.

IV İslam Həmrəyliyi Oyunları həm məzmun, həm də formaca yeniliklərlə zəngin oldu. Məzmunca dünyaya indiki hərbi və siyasi böhran dövründə bir sülh, barış mesajı olmaqla beynəlxalq aləmdəki İslam düşmənlərinə, məqsədli şəkildə İslamofobiya yayanlara qarşı tutarlı cavab oldu. Dünya gördü ki, İslamı terrorla eyniləşdirmək qəti şəkildə yanlışdır.

Bu yarış  formaca idman aləminə yeni standartlar qazandırdı. İdman yarışlarının yüksək peşəkarlıqla keçirilməsi bir daha göstərdi ki, Azərbaycan beynəlxalq idman oyunlarında böyük təcrübəyə sahibdir. Bundan əvvəl birinci Avropa Oyunlarına ev sahibliyi etmiş Azərbaycan artıq dünyanı həmişə ən yaxşılarla heyrətləndirə bildi.   Azərbaycan idmançıları IV İslam Həmrəyliyi Oyunlarının nəticələrinə görə də böyük uğurlara imza atmış oldular. Yarışların nəticələrinə görə, ölkəmiz 54 ölkə arasında 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanaraq birinci oldu.  Təbii ki, bu göstərici gözlənilən idi. Ona görə ki, artıq Azərbaycan bir idman ölkəsi statusuna malikdir. Belə ki, ötən il Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Yay  Olimpiya Oyunlarında Azərbaycan komandası 18 medal qazandı. Medalların sayına görə, 200 ölkə arasında 14-cü yerə sahib olan Azərbaycan, eyni zamanda, bu göstəriciyə görə MDB-də 2-ci, Avropada 7-ci, İslam ölkələri arasında isə 1-ci yerdədir.

Beynəlxalq miqyasda digər çox mühüm idman uğurumuz 2015-ci ildə birinci Avropa Oyunları kimi mötəbər idman yarışının ölkəmizdə keçirilməsi idi. Bununla da Azərbaycanın müasir tarixinə çox dəyərli səhifə həkk olundu. Bu idman yarışının uğurla keçirilməsi respublikamızın beynəlxlaq nüfuzunu daha da yüksəltdi. Ölkəmiz təkcə iqtisadi və humanitar deyil, həm də idman tədbirlərini yüksək səviyyədə təşkiletmə bacarığını bütün dünyaya nümayiş etdirdi. Yüzminlərlə insan bu yarışları izləyərkən müasir Azərbaycanı yaxından tanıdı, ölkəmizin inkişaf edən iqtisadiyyatı, turizm məkanları, maddi-mədəniyyət nümunələri, milli mənəvi dəyərləri haqqında geniş  məlumat əldə etdi.

Prezident İlham Əliyev mayın 23-də IV İslam Həmrəyliyi Oyunlarının qaliblərini qəbul edrək onları qazanılan böyük uğurlara görə təbrik etdi. Ölkəmizin başçısı həmin mərasimdə bildirdi ki, bu Oyunlar, eyni zamanda, onu göstərir ki, Azərbaycanda aparılan düşünülmüş siyasət , o cümlədən idman sahəsində öz bəhrəsini verməkdədir: “İdmanın inkişafı Azərbaycanda dövlət siyasətinin prioritetlərindən biridir. Son illər ərizində bu istiqamətdə atılmış addımlar, apardığımız siyasət bu gözəl nəticəni bizə verdi.” 

Ümumiyyətlə, Azərbaycanda keçirilən hər bir beynəlxalq yarış ölkəmizə iqtisadi dividendlər, xüsusən də yeni sərmayələrin cəlb edilməsi baxımından nə qədər əhəmiyyətlidirsə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindəki haqlı mövqeyimizin dünya ictimaiyyətinə çatdırılması baxımından daha mühüm vasitədir. Həm IV İslam Həmrəyliyi Oyunları, həm də birinci Avropa Oyunları zamanı respublikamıza tamaşaçı və idmançı kimi gələn minlərlə xarici vətəndaş, nüfuzlu beynəlxalq təşkilatların nümayəndə heyətlərinin üzvləri, tanınmış media orqanları Azərbaycanı dünyada sülhün və təhlükəsizliyin, sabitliyin təmin olunmasına böyük töhfələr verən ölkə kimi qiymətləndirdilər. Hər iki idman yarışları sübut etdi ki, gündən-günə artan iqtisadi gücümüz, o cümlədən dövlətimizin idmana göstərdiyi diqqət və qayğı nəticəsində əldə edilən möhtəşəm uğurlar ölkəmizi dünyanın  nüfuzlu idman mərkəzlərindən birinə çevirmişdir.

Bu bir həqiqətdir ki, idman ölkəsi olmaq sağlam, vətənpərvər gənclər yetişidmək deməkdir. Məntiqin davamı olaraq bu günün zəfər çalan idmançısını sabahın qalib əsgəri də hesab etmək olar. Ona görə də idmandakı qələbələrimizi hərbi sahədə gələcək qələbələrimizin təməl daşı da hesab etmək olar.