KÖŞƏ

Yeganə Əliyeva

Həmsədrlərin regiona səfəri nəyi dəyişəcək?

13 iyun 2017 14:28
1254

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona növbəti səfəri başlayıb. Bu səfər müzakirə olunacaq məsələlərin xarakterinə və əhəmiyyətinə görə əvvəlkilərdən bir qədər fərqli olacaq. ABŞ, Rusiya və Fransadan olan həmsədrlər artıq Dağlıq Qarabağdadır və onlar separatçı rejimin başçısı Bako Saakyanla görüşüblər. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin iştirak etdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsi və təmas xəttindəki vəziyyət müzakirə edilib.

Yeri gəlmişkən, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həmsədrlərin regiona səfəri ilə bağlı iki gün əvvəlki açıqlamasında deyib ki,  həmsədrlərin regiona səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin aktual problemləri, həmçinin aprelin 28-də Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin Moskvadakı görüşündə toxunulan mövzulardan danışılacaq. Səfərin yekununda həmsədrlər ənənəvi olaraq görüşün nəticələri barədə müvafiq bəyannamə də imzalayacaqlar.

Həmsədrlərin regiona səfəri öncəsi Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Daqlıq Qarabağ mövzusunda maraqlı açıqlama ilə çıxış edib. Sergey Lavrov iyunun 6-da İ.Kant adına Baltik Federal Universitetinin tələbələri qarşısında çıxışı zamanı deyib ki, həmsədr ölkələr münaqişə tərəfləri ilə birgə çox ciddi detalları razılaşdırmağa çalışır: “Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll edilə bilər. Münaqişənin danışıqlardan başqa həll yolu yoxdur. Bir müddət əvvəl problemin danışıqlar yolu ilə həlli çox yaxın idi, lakin sonra tərəflər arasında müəyyən inamsızlıqlar yarandı. Buna baxmayaraq, münaqişənin nizamlanması istiqamətində işlər davam etdirilməlidir”.

Rusiya XİN başçısı bildirib ki, danışıqlar prosesi zamanı müəyyən prinsiplər işlənib hazırlansa da, bir sıra ciddi detalların razılaşdırılması vacibdir: “Biz səylərimizi davam etdiririk. Bildiyiniz kimi, Rusiya, ABŞ və Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olaraq münaqişə tərəfləri ilə mütəmadi olaraq görüşürük və onlar arasında xırda, lakin çox ciddi detalları razılaşdırmağa çalışırıq”.  

Bu arada rusiyalı jurnalist İtaliyada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gözlənilməz sualı ilə Ermənistan xarici işlər nazirini çıxılmaz vəziyyətdə qoyub. Belə ki, Nalbandyan iyunun 7-də Romada italiyalı həmkarı Anqelino Alfano ilə görüşdükdən sonra birgə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Konfransda rusiyalı jurnalist Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını Eduard Nalbandyanın üzünə söyləyib. Jurnalistin “İşğal etdiyiniz Azərbaycan torpaqlarından nə zaman çıxacaqsınız?” sualı qarşısında çıxılmaz vəziyyətdə qalan erməni nazir onun üçün gözlənilməz olan suala görə jurnalistə əsəbiləşib. Nalbandyan jurnalistin sualına cavab vermək əvəzinə bu fakt qarşısında acizliyini nümayiş etdirib. O, “Bu sual ya redaksiyada, ya da Bakıda yazılıb” deməklə üzləşdiyi çətin vəziyyətdən çıxmağa çalışıb. Nalbandyan daha sonra münaqişənin həll edilməsi üçün ATƏT-in Minsk qrupunun tövsiyələrini dinlədiklərini iddia edib.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair danışıqlarda Azərbaycanın mövqeyinin gücləndiyini göstərən daha bir məqam da var. Münaqişənin həllində vasitəçilik edən həmsədr dövlətlərin iki ən böyüyü - ABŞ və Rusiya bu məsələdə Azərbaycanın ədalətli mövqeyini müdafiə etməyə indi çox yaxın görünür. Belə ki, hər iki ölkənin dövlət başçıları Prezident İlham Əliyevə ünvanladıqları məktublarda bunu açıq mesajlar şəklində bəyan edirlər. 28 May - Respublika Günü ilə bağlı Vaşinqtondan və Moskvadan Bakıya ünvanlanan təbrik məktublarında “Azərbaycanla əlaqələri genişləndirəcəyik”  fikri dəfələrlə vurğulanır. ABŞ-ın dövlət katibi Reks Tillersonun 28 May - Respublika Günü münasibətilə Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda isə açıq mətnlə deyilir ki, rəsmi Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana dəstəyini əsirgəməyəcək və bu istiqamətdə səylərini artıracaq: “Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına sadiq qalırıq. Amerika Birləşmiş Ştatları gələcək illərdə Azərbaycan ilə əlaqələrin bütün sahələrində əməkdaşlığı daha da genişləndirmək niyyətindədir”.

Həmsədrlərin regiona səfəri ərəfəsində Azərbaycanın ATƏT-dəki daimi nümayəndəliyi də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq səylərin artırılmasına dair bəyanat yayıb. Bəyanatda bildirilir ki,  münaqişələr səbəbindən GUAM regionu ATƏT-in ən çox müzakirə olunan mövzusudur və bu münaqişələrin həll edilməməsi ATƏT-ə üzv ölkələr arasında etimadsızlığın ən böyük mənbəyidir.  Azərbaycan tərəfi bölgədəki münaqişələrin, xüsusilə də Dağlıq Qarabağ probleminin daha effektiv həlli üçün GUAM katibliyini və ATƏT-in müvafiq strukturlarını qarşılıqlı fəaliyyət göstərməyə çağırıb: “Nə qədər ki, ATƏT-in hər bir üzv ölkəsi və vasitəçi ölkə münaqişələrin həllində öz məsuliyyətini və həll prosesinə verəcəyi töhfəni tam dərk etməyəcək, ATƏT sıralarındakı etimadsızlıq hökm sürəcək”.