KÖŞƏ

Taleh Bağırov

Ermənilərin təlim qorxusu

21 iyun 2017 14:04
3124

Bütün beynəlxalq təşkilat və qurumların tələb və çağırışlarına məhəl qoymayaraq Azərbaycan ərazilərini işğal altında saxlayan rəsmi Yerevan bu əməlindən əl çəkmək niyyətində deyil. Bu, düşmən ölkənin mətbuatının yaydığı məlumatlardan da açıq-aydın görünür. 23 ildir işğalçılıq siyasətini davam etdirən Ermənistan hökuməti hər vasitə ilə bu və digər əməllərinə haqq qazandırmağı özü üçün prioritet elan edib.

Məlum olduğu kimi, bu günlərdə Azərbaycanın Müdafiə Nazirliyi Naxçıvanda qardaş Türkiyə ilə birgə hərbi təlimlər keçirirdi. Həmin ərəfədə isə ATƏT-in Minsk qrupunun həmsədrləri ölkəmizdə səfərdə oldu. İşğalçı ölkənin aparıcı KİV-lərindən olan 1in.am saytında Sarqis Artsruni adlı şəxsin imzası ilə dərc olunan yazıda bildirilir ki, həmsədrlərin səfərləri guya Azərbaycan tərəfinin təxribatı nəticəsində 4 nəfər erməni hərbi qulluqçusunun öldürülməsi günlərinə təsadüf edir. Halbuki təxribat, məhz Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejimin silahlı birləşmələri tərəfindən törədilmişdi. Özü də hadisələr zamanı 4 deyil, 6 erməni hərbi qulluqçusu öldürülmüşdü. Göründüyü kimi, ermənilər öz xislətlərinə sadiqlik nümayiş etdirərək ATƏT-in Minsk qrupunun səfəri ərəfəsində indi də bu təxribatı Azərbaycan Ordusunun üzərinə yıxmağa cəhdlər göstərirlər.

Yazıdan açıq-aydın görünür ki, bu ərəfələrdə erməniləri narahat edən əsas məsələ məhz Naxçıvanda Türkiyə ilə birgə keçirilən genişmiqyaslı hərbi təlimlərdir. Sarqis Artsruni bildirib ki, həmsədrlərin Azərbaycana səfər etdiyi ərəfədə 20 minə yaxın hərbi qulluqçu və zabit heyətinin iştirakı ilə genişmiqyaslı hərbi təlimlər keçirilir. Bunu səbəb göstərən erməni analitiki həmsədrlərin belə fonda Bakıya səfərlərini “formal xarakterli səfər” kimi qiymətləndirib. Əlbəttə ki, müəllif öz erməni xislətinə sadiq qalaraq guya rəsmi Bakının beynəlxalq öhdəliklərə əməl etməməsini uyduraraq, Azərbaycanın yeni müharibəyə hazırlaşdığını iddia edib.  Əslində, müəllif də yaxşı anlayır ki, həqiqətən də Azərbaycan xalqının səbri tükənib və torpaqlarımızın işğal altında qalması nə Ermənistana, nə də erməni xalqına yaxşı heç nə vəd etmir. Onsuz da iqtisadiyyatı çökmüş bir ölkənin daxilində cərəyan edən özbaşınalıq və anarxiya, Sarkisyan iqtidarının xalqın qanını içməsi fakt olaraq qalmaqdadır. Onlar yaxşı anlayırlar ki, Azərbaycan Ordusu torpaqlarının azad edilməsi istiqamətində bütün səylərini artıracağı təqdirdə Ermənistan buna tab gətirə bilməyəcək. Əksər erməni KİV-ləri ölkələrinin diplomatik çərçivədə uduzduğunu etiraf edirlər. Hər halda işğalçı ölkənin kütləvi informasiya vasitələrinin nümayəndələrinin həm Ermənistan hökuməti, həm də ordusunun əsgərləri kimi, Azərbaycan Ordusunun gücündən ciddi narahat olduqları aşkardır. Bütün bunları bilə-bilə düşmən ölkə şər və böhtançı əməllərindən heç cür əl çəkmək istəmir.