KÖŞƏ

Taleh Turqut

Ermənistan uçurum qarşısında

30 iyun 2017 14:48
2802

Serj Sarkisyanın Ermənistanda apardığı səbatsız siyasət uzun illərdir ki, ölkəni sosial gərginlik məngənəsinə salıb. Bununla yanaşı, ölkədə xaotik siyasi vəziyyətin yaranmasında da müxalif qüvvələr onu günahlandırırlar. Təcavüzkar siyasəti ucbatından Qafqazda və regionda həyata keçirilən demək olar ki, bütün iqtisadi layihələrdən kənarda qalan Ermənistanın ağır iqtisadi vəziyyəti məlum olsa da, ötən il baş verən “Aprel müharibəsi”ndəki rüsvayçı məğlubiyyət ölkənin bütövlükdə iflasa doğru getdiyini aşkara çıxardı.

Aprel savaşında Ermənistanın məğlubiyyətindən dərhal sonra ölkə siyasətindəki ilk ciddi çat “Sasna Tsrer” hərbi qruplaşmasının silahlı qiyamı ilə üzə çıxdı. Vəziyyət o yerə çatdı ki, Sarkisyan rejimindən cana doyan narazılar terrorçu qüvvələri belə aşkar dəstəkləməli oldu. Bəzi siyasi müşahidəçilər qeyd edirlər ki, bu hadisə dünyada nadir faktlardandır ki, xalq hakimiyyətə qarşı mübarizə aparan terrorçu qüvvələri aşkar dəstəklədiyini büruzə verirdi. Bu, müəyyən mənada erməni xalqının xislətilə əlaqələndirilsə də, digər tərəfdən də Sarkisyan hakimiyyətinin tamamilə çürüdüyünün ifadəsi idi.

Yeri gəlmişkən vurğulayaq ki, “Sasna Tsrer” hadisələri Ermənistanın siyasi həyatındakı ziddiyyətləri də alovlandırdı və Sarkisyana müxalif olan bəzi şəxslər bu bəhanə ilə zərərsizləşdirildi. Onlardan biri olan “Yeni siyasi mədəniyyət” partiyasının sədri Ani Zaxaryanın yaxın günlərdə məhkəməsi keçirilib. A.Zaxaryan ötən ilin iyulunda İrəvanın Xorenasi küçəsindəki aksiya zamanı polis avtomobilinə zərər vurmaqda ittiham olunaraq il yarım müddətinə azadlıqdan məhrum edilib.

Bununla yanaşı, hakimiyyətin öz içərisində də müəyyən qüvvələr arasında siyasi mübarizənin gərginləşdiyi artıq hamıya məlumdur. Bu gərginlik aprel ayında keçirilən seçkilərdən sonra daha da kəskinləşib. Analitiklər bunu Sarkisyanın nə yolla olursa-olsun hakimiyyəti daimi olaraq öz əlində saxlamaq cəhdi ilə izah edirlər. Yeni baş nazir Karen Karapetyan isə onun bu planı ilə razılaşmır və öz postunu qoruyub saxlamaq uğrunda mübarizə aparır. Ermənistanda fəaliyyət göstərən “Hraparak” nəşri kabinetdəki çəkişmələrin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxslər səviyyəsinə endiyini yazır. Sözügedən nəşrin yazdığına görə, ölkənin baş naziri Karen Karapetyanın tabeçiliyində işləyən bürokratlarla da münasibətləri gərgindir. Belə ki, hazırda baş nazirin mətbuat nümayəndələri ilə görüşünü mətbuat katibi Aram Araratyan, mətbuat xidmətinin rəhbəri Ripsime Asakelyan və hökumətin İnformasiya-analitika departamentinin direktoru səlahiyyətlərini icra edən Diana Kazaryan təşkil edir. Xəbərə görə, Aram Araratyan və Ripsime Asakelyan arasında münasibətlər isə həddən artıq gərginləşib: “Vəziyyət o yerə çatıb ki, məsələ hökumət üzvləri arasında da müzakirə olunmağa başlanıb. Hökumətin mətbuat katiblərinə tabe olan digər qurumların mətbuat katibləri iki od arasında qalıb, iki nəfərdən hansına qulaq asacaqlarını bilmirlər”.

Görünən odur ki, Ermənistanda ictimai-siyasi gərginlik artıq yuxarıdan aşağıya doğru sürətlə yayılmaqdadır. Buraya ölkənin son illərdə beynəlxalq müstəvidə Azərbaycanın qarşısında ard-arda siyasi məğlubiyyətə uğramasından yaranan təlaş və gərginliyi də əlavə etsək demək olar ki, Ermənistan real sosial-siyasi partlayışla üz-üzə qalıb.