KÖŞƏ

Elçin Zaman

Beynəlxalq birlik Ermənistanı qınayır

11 iyul 2017 15:51
2958

Beynəlxalq aləmdə informasiya mübarizəsində öndə olmaq müharibə aparan dövlətlər üçün əsas şərtdir. Çünki bu, düşmənə qarşı döyüş öncəsi vurulan mənəvi-psixoloji zərbədir və düşmənin xaricdən aldığı bir çox yardımdan (burada silahlanmadan tutmuş maliyyə dəstəyinədək xeyli məqamlar var) məhrum edilməsinə yönəlik xüsusi mübarizə vasitəsidir.

Bu gün bütün dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar, siyasi xadimlər, nüfuzlu media nümayəndələri Ermənistan hərbi bölmələrinin iyulun 4-də cəbhə xəttində növbəti dəfə təxribat törədərək Füzuli rayonunun Alxanlı kəndini atəşə tutmasını və mülki vətəndaşların, xüsusən də  2 yaşlı Zəhranın ölümünü pisləyir və Serj Sarkisyan rejimini vandallığa, işğala  son qoymağa çağırır.

Azərbaycan dövləti Ermənistan ordusunun bu vəhşiliyini dünya ictimaiyyətinə peşəkarlıqla, faktlarla çatdırmaqla bərabər, Ermənistanın siyasi və hərbi rəhbərliyini ittihamların hədəfinə çevirdi.

Erməni vəhşiliyinə dair kəskin yazılarla çıxış edən “Assosiated Press”, BBC, “Euronews”, “New York Times”, “Vaşinqton Post”, “Le Monde” və digər bu kimi aparıcı media orqanları hadisəni obyektiv işıqlandırmaqla Azərbaycanın haqlı mövqeyini dəstəkləmiş, işğalçı Ermənistanın dinc əhaliyə qarşı yönəlmiş qanlı cinayətini pisləyən materiallar yaymışlar.  

Dünyanın aparıcı beynəlxalq təşkilatları, o cümlədən ATƏT, Avropa İttifaqı, Avropa Parlamenti, Avronest, həmçinin ABŞ Dövlət Departamenti bəyanatlarla çıxış edərək əsas günahkarın məhz Ermənistan olduğunu bildirmişlər.  Xüsusən, ATƏT-in Minsk qrupu həmsədrlərinin ikinci bəyanatında təxribatların Ermənistan tərəfindən törədildiyi, bu ölkənin Cenevrə konvensiyalarının, digər beynəlxalq qanunvericilik aktlarının tələblərini və danışıqlar prosesini pozduğu aydın şəkildə ifadə olunub. Həmsədrlər qeyd ediblər ki, Ermənistan silahlı qüvvələrinin son təxribatı danışıqlar prosesinin və həmsədrlərin səylərinin pozulmasına hesablanıb.

Xarici mətbuatda gedən yazılarda ermənilərin beynəlxalq ictimaiyyətə sırımağa cəhd etdikləri Alxanlı kəndində Azərbaycan Ordusunun atəş nöqtələrinin olması barədə yalanları ifşa olunmuşdur. Xüsusən  Azərbaycanda akkreditə olunan xarici ölkələrin hərbi attaşelərinin və diplomatlarının, beynəlxalq media nümayəndələrinin iyulun 6-da Alxanlı kəndinə təşkil olunan səfəri çərçivəsində aydın olmuşdu ki, orada heç bir atəş nöqtəsi yoxdur və ermənilərin hədəfi birbaşa dinc sakinlərdir.

Dünyanın sözü keçən beynəlxalq təşkilatlarından Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin (AFET) sədri Devid Makallister, Avronest Parlament Assambleyasının həmsədri Rebekka Harms və Avropa İttifaqının Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Səyyad Kərimi birgə bəyanatla çıxış edərək Füzuli rayonunda mülki şəxslərin ölümü ilə nəticələnən zorakılıq hadisəsindən ciddi narahatlıqlarını ifadə etmişlər. Bəyanatda birmənalı şəkildə münaqişənin tez bir zamanda siyasi yolla, beynəlxalq hüquq normalarına uyğun olaraq nizamlanmasına çağırışlar edilib. Bununla da bu qurumlar faktiki olaraq Azərbaycanın bu günə kimi səsləndirdiyi mövqeyini dəstəkləyiblər.

Dünyanın fövqəlgüclərindən olan ABŞ Dövlət Departamenti Dağlıq Qarabağ münaqişəsində atəşkəs rejiminin pozulması nəticəsində bir neçə dinc sakinin, o cümlədən iki yaşlı uşağın həlak olmasından ciddi narahatlığını ifadə edib. Bəyanatda münaqişənin ərazi bütövlüyü prinsipi və beynəlxalq hüququn normalarına uyğun tənzimlənməsi tələb olunur.

Xüsusən ABŞ Dövlət Departamentinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin mövqeyinə tərəfdar çıxması və tərəfləri hərbi əməliyyatları dayandırmağa, danışıqlar prosesini bərpa etməyə çağırması onu göstərir ki, Vaşinqton Ermənistanı pozucu və təxribatçı fəaliyyətdən çəkinməyə səsləyir. Bir sözlə, Vaşinqton münaqişənin ərazi bütövlüyü prinsipi və beynəlxalq hüququn normalarına uyğun tənzimlənməsini qeyd etməklə münaqişənin ədalətli həlli ilə bağlı konkret mövqe ortaya qoyur.

Beləliklə, beynəlxalq birlik ermənilərin Alxanlı vəhşiliyini pisləməklə kifayətlənmir, eyni zamanda, Ermənistanı təxribatçı, beynəlxalq qanunvericiliyin tələblərini kobud şəkildə pozan və ona riayət etməyən, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesini pozan dövlət kimi qiymətləndirir. 

Bununla da beynəlxalq təşkilatlar münaqişənin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini istəməklə ölkəmizin  haqlı tərəf olduğunu etiraf edir və işğalçı Ermənistanı pozucu fəaliyyətdən çəkinməyə çağırır.