KÖŞƏ

Taleh Turqut

Sarkisyanın təşviş dolu riyakarlığı

18 iyul 2017 20:40
2148

Ermənistan hərbi xuntasının rəhbəri Serj Sarkisyan Azərbaycan Prezidenti İlham Əliyevlə payız aylarında görüşməyi mümkün hesab edən açıqlama verib. Yerli telekanallardan birinə verdiyi müsahibədə Sarkisyan bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri ilə son görüşdə bu barədə prinsipcə razılıq əldə olunub. Xatırladaq ki, iyulun 11-də uzun fasilədən sonra hər iki ölkənin xarici işlər nazirlərinin də görüşü baş tutmuşdu. Görüşdən o qədər də ciddi nəticələr gözlənilməsə də bu, ekspertlər tərəfindən münaqişə çərçivəsində irəliyə doğru addım kimi qiymətləndirilir.

Xarici işlər nazirlərinin görüşündən sonra işğalçı dövlətin prezidentinin yüksək səviyyəli görüşün keçirilməsi barədə açıqlamaları siyasi müşahidəçilər tərəfindən birmənalı qarşılanmır. Bəziləri bunu Ermənistan tərəfinin “danışıqlar naminə danışıqlar” prinsipi ilə nəticəsiz görüşlərə davam etməsi taktikası, bəziləri isə Azərbaycanın və qismən də beynəlxalq dairələrin təzyiqləri nəticəsində atdığı addım kimi qiymətləndirir.

S.Sarkisyanın qeyd edilən müsahibədəki fikirləri ikinci variantın ağırlıq təşkil etdiyini söyləməyə əsas verir. Belə ki, Ermənistan prezidenti ötən ilin aprel döyüşlərinin acı dərslərini bir daha xatırlamalı olub və Azərbaycanın Ermənistandan daha güclü olduğunu aşkar söyləməkdən belə çəkinməyib: “Bəyəm bu sirdir ki, Azərbaycan bizdən varlıdır, silahlanmaya və s. böyük vəsait xərcləyir? Sirr deyil. Və birdən kimsə desə ki, iki ilə, beş ilə Ermənistanı Azərbaycandan daha varlı edəcək, o adamı siyasətdən uzağa qovmaq lazımdır, çünki bu, şarlatanlıqdır, yalandır”. Bunun ardınca Sarkisyan münaqişənin hərbi yolla həll ediləcəyi təqdirdə ölkəsinin real təhlükə ilə üz-üzə qalacağını da boynuna alıb: “Dağlıq Qarabağda döyüş əməliyyatları olduqca arzuolunmazdır və ilk növbədə Ermənistan üçün arzuolunmazdır. Danışıqlar prosesinin alternativi yoxdur. Alternativi döyüş əməliyyatlarıdır ki, bu da arzuolunmazdır. Bizim üçün arzuolunmazdır, üstəlik ola bilsin ilk növbədə bizim üçün”.

Ermənistan rəhbərinin son fikirləri ermənilərin danışıqlar prosesinə nə üçün qayıtdıqlarını başa düşməyə kömək edir. Sarkisyan müharibə olacağı halda ölkəsinin sözsüz məğlub olacağını etiraf edir və Azərbaycanın bütün sahələrdə onlardan çox irəlidə olduğunu etiraf etməyə məcbur olur.

Burada bir faktı da xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin son iclasındakı nitqində Ermənistanın danışıqlar prosesinə yenidən qayıtmağa məcbur olduğunu vurğulamışdı. Ümumiyyətlə, son dövrlərdə münaqişənin hərbi yolla həlli variantını ehtiva edən ritorika kəskin surətdə artıb. Bu, həm Azərbaycan tərəfindən, həm də bütövlükdə münaqişə ilə bu və digər səviyyədə əlaqəsi olan beynəlxalq qurumların təmsilçiləri tərəfindən tez-tez istifadə edilirdi. Görünür ermənilər danışıqların bərpa edilməməsinin onlar üçün hansı ağır nəticələr törədəcəyini anlayıblar və bunun üçün “Aprel müharibəsi”ni bir daha xatırlamalı olublar.

Bununla yanaşı, Sarkisyanın fikirlərində əsl erməni təbiəti özünü bir daha nümayiş etdirir. O, bir tərəfdən ölkəsinin Azərbaycanın gücü qarşısında zəif olduğunu və müharibə variantından qorxduğunu etiraf edir, digər tərəfdən danışıqların formal xarakter daşıdığına işarə edən fikirlər səsləndirir. Sarkisyan “danışıqlar naminə danışıq” prinsipi ilə hərəkət etdiklərini etiraf etməkdən çəkinməyib: “Son 20 ildə biz heç vaxt güzəştlər haqda danışmamışıq. Həmişə demişik və deməkdə davam edirik ki, münaqişənin kompromis variantlarla həllində maraqlıyıq. Bunlar müxtəlif anlayışlardır. Mən əminəm ki, məsələ 20 il bundan sonra da həll olunmasa erməni tərəfində heç vaxt situasiyanı yumşaltmaq üçün güzəşt meyilləri yaranmayacaq. Belə ki, bu, həllə aparıb çıxara bilməz”. Onun sözlərindən məlum olur ki, məqsəd status-kvonu mümkün qədər uzatmaqdır.

Lakin Ali Baş Komandan, Prezident İlham Əliyevin də hər zaman vurğuladığı kimi, Azərbaycanın səbri sonsuz deyil. Nəticəsiz danışıqlar ölkəmizin öz torpaqlarını hərbi yolla azad etmək istəyinin qarşısında əngəl olmayacaq. “Dağlıq Qarabağda münaqişə yenidən alovlana bilər”. Bu fikri isə Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov xarici mediaya son müsahibələrinin birində səsləndirib. Görünən odur ki, Azərbaycanın işğal altındakı ərazilərini tezliklə azad etmək niyyəti qətidir.