KÖŞƏ

Ceyhun Piriyev
[email protected]

Dağıdıcıların özünütəsdiq cəhdi: xalq, yoxsa havadarları qarşısında?

17 oktyabr 2017 16:57
3964

Tarix onu göstərir ki, dövlətlərin müstəqil siyasətinə qarşı təzyiq üsulları xaricdə formalaşdırılıb idarə edilsə də, onun hərəkətverici qüvvəsi daxildə- “5-ci kolon” vasitəsilə reallaşdırılır. Söhbət ölkəmizdən gedəndə isə məlum məsələdir ki, bu “5-ci kolon” funksiyanı dağıdıcı müxalifətin əsas ünsürləri olan AXCP və Müsavat Partiyası yerinə yetirir və lazım gələndə bu “vasitə” dərhal işə salınır. Elə son vaxtlar Avropa Şurasının bəzi rəsmilərinin Azərbaycana qarşı  hücumları, AŞPA-da ölkəmizin əleyhinə qətnamənin qəbul edilməsindən dərhal sonra dağıdıcı müxalifətin “fəal”laşmasının arxasında da bu çirkin əməlin dayandığı şübhəsizdir. 

Məsələnin ən maraqlı tərəfi isə Əli Kərimlinin “Milli Şura” adından 23 sentyabr, 7 oktyabr tarixlərində keçirdiyi  “mitinq”lərindən sonra Müsavat Partiyasının da “etiraz yürüşü” keçirmək qərarına gəlməsidir. İlk baxışdan bunu bəlkə də təsadüf hesab etmək olardı. Lakin Müsavat başqanının müavini Yadigar Sadıqlının  Əli Kərimlinin jurnalist Sevinc Osmanqızına verdiyi müsahibədə ad çəkməsə də Müsavat Partiyasını “həlledici məqamda” birlikləri pozmaqda qınamasına “Facebook” profilində yumşaq formada cavab verməsi, bir növ üzrxahlıq etməsi, eyni zamanda, Müsavatın bu dəfə “mitinq” deyil, “etiraz yürüşü” keçirməyi planlaşdırması təsadüfdən tam uzaqdır.

Görünür, ilk növbədə Müsavat rəhbərliyi antiazərbaycan dairələrə  onlara “bir köynək daha yaxın” olan  Əli Kərimliyə qarşı münasibətlərinin pis olmadığını, digər tərəfdən isə Əli Kərimlidən “daha effektiv” olduqlarını və bunu nümayiş etdirməyə  hazır olduqlarını sübut etməyə çalışır.

Aydın məsələdir ki, dağıdıcı düşərgənin hazırkı məqamda Avropa təsisatlarından maddi gözləntiləri böyükdür və bundan maksimum şəkildə yararlanmağa çalışırlar. Bu mənada dağıdıcı müxalifətin məlum ünsürləri arasında rəqabətin olduğu da  şübhəsizdir. Elə onları “Facebook”dan çölə- 3-5 nəfər insan qarşısına çıxaran “amil” də budur. Hərçənd ki, “millət”, “xalq” kimi anlayışlar dağıdıcı müxalifət üçün ancaq siyasi alver predmetidir. Baxmayaraq ki, bu fakt  24 ildir onlardan heç bir real gözləntisi olmayan xalqa da məlumdur və bunu  dağıdıcı müxalifətin təşkil etdiyi “mitinq”lərdə iştirak edənlərin sayı da sübut edir.  

Lakin bu amil antiazərbaycan dairələrlə münasibətlərdə, bir sözlə, qrantların əldə edilməsində önəmli rol oynayır. Ona görə də dağıdıcı müxalifət “mitinq”lərinə adam toplamaq üçün hər yola - pula, “Facebook” üzərindən bahalı reklamlara, yalan və böhtanlara, ayrı-ayrı çirkin məqsədlərə əl atır və bu, onlar üçün  havadarlarının qarşısında özünütəsdiq cəhdindən  başqa heç bir əhəmiyyət daşımır.