25 iyun 2018 22:10
1718

Bakı Slavyan Universitetində tədbir: “Ordumuzla zəfərə doğru”

İyunun 25-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyinə həsr olunan “Ordumuzla zəfərə doğru” mövzusunda tədbir keçirilib.

BSU-dan bildirilib ki, tədbirdə universitetin rektoru, professor Nurlana Əliyeva müstəqil dövlətçilik tariximizdə müasir Azərbaycanın böyük potensiala malik Milli Orduya sahib olmasından danışıb. Diqqətə çatdırılıb ki, yaranma tarixi 100 il əvvələ - Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edən Milli Ordumuz bu gün Qafqazın ən güclü ordusu statusuna malikdir. Sovet işğalı nəticəsində Milli Ordu ləğv edilsə də, SSRİ dövründə Azərbaycana rəhbərlik etmiş ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ordu quruculuğunda mühüm addımlar atılıb. Rektor deyib: “Ulu Öndərin qayğısı ilə minlərlə gənc keçmiş SSRİ-nin böyük təcrübəyə malik ali hərbi məktəblərinə təhsil almağa göndərilib. 1973-cü ildə Ümummilli Liderin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına ilk hərbi məktəb yaradılıb. Tezliklə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşması tam başa çatdırılıb”.

N.Əliyeva dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan gənclərin Milli Ordu sıralarında daim dövlətin qayğısı ilə əhatə olunduqlarını, hərbi vətənpərvərlik işinin gücləndirildiyini, döyüş ruhunun yüksəldilməsinə diqqətin artırıldığını bildirib. Vurğulanıb ki, ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə ordu quruculuğunu, silahlı qüvvələrin təkmilləşdirilməsini və maddi-texniki bazasının gücləndirilməsini, milli hərbi kadrların hazırlanmasını daim diqqətdə saxlayıb. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi tədbirlər sayəsində silahlı qüvvələrimiz ən son hərbi texnologiyalarla təmin olunub.

Sonra “Ordumuz dayağımızdır” mövzusunda videoçarx nümayişi olunub.

Respublika Veteranlar Təşkilatı sədrinin müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov ölkəmizdə özbaşınalığın, xaosun yaşandığı bir vaxtda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Liderin ordu quruculuğu sahəsindəki əvəzsiz xidmətlərindən danışıb. Diqqətə çatdırılıb ki, Ulu Öndərin həyata keçirdiyi tədbirlər nəticəsində Milli Ordu quruculuğu yeni mərhələyə qədəm qoyub, qısa vaxtda vahid komandanlığa tabe olan nizami ordu formalaşdırılıb. Ümummilli Liderin bu siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin səyləri nəticəsində silahlı qüvvələrimiz hazırda regionun ən qüdrətli ordusuna çevrilib.

Sonda BSU-nun hərbi xidmətə hazırlaşan məzunları “Biz sabahın əsgərləriyik” kompozisiyasını təqdim ediblər, pedaqoji fakültənin tələbəsi Səfiyə Mustafayeva vətənpərvər ruhda şeir söyləyib.