11 iyun 2019 10:14
281

Nikola Yurçeviç: Heyətdə müəyyən dəyişikliklər olacaq

Üç gün ərzində iki oyun keçirmək çətindir. Macarıstan seçməsi ilə oyunun nəticəsi bizi məyus etdi.

Bunu “Avro 2020”nin seçmə mərhələsi çərçivəsində “Bakcell Arena”da Slovakiya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç iyunun 10-da təşkil olunan mətbuat konfransında deyib.

Xorvatiyalı mütəxəssis bildirib ki, komandanın üzvləri ilə söhbət etmişik. Çətin oyun olacaq. Slovakiya millisinin heyəti güclü klublarda çıxış edən futbolçulardan formalaşdırılıb. Bu da komandanın keyfiyyətindən xəbər verir. Buna baxmayaraq, komanda yaxşı nəticə qazanmaq üçün əlindən gələni edəcək. Oyun bizim üçün əhəmiyyətlidir.

"Əgər oyun zamanı futbolçular bacardıqlarını edirlərsə, onlardan narazı qala bilmərəm. Macarıstan yığması ilə oyunu təhlil etmişik. Razı qaldığım və narazı olduğum məqamlar var. Oyunçulara bununla bağlı fikrimi çatdırmışam. Təbii ki, heyətdə müəyyən dəyişikliklər olacaq. Çünki Macarıstan ilə qarşılaşmada iştirak edən futbolçular arasında yorğun olanları var. Son məşqdə onların fiziki durumunu da izləyəcəyəm və bundan sonra heyətlə bağlı qərar qəbul edəcəyəm. Komandama rəqib qapısı qarşısında təhlükəli olmağı tapşırsam da, bu, oyun zamanı “axsadığımız” məqamlardan biridir. Məşqdə qapı istiqamətində çoxlu zərbələr endirsələr də, oyunda bunu etmirlər. Rəqib nə qədər güclü və keyfiyyətli futbolçulardan qurulsa da, sabahkı oyunla bağlı optimistəm”, - deyə N.Yurçeviç əlavə edib.

Millimizin kapitanı Maksim Medvedev deyib: “Macarıstan ilə görüşdə məğlub olduq. Həmin oyunu analiz etdik və səhvlərimizi gördük. Slovakiyanın gücünə bələd olsaq da, biz ən yaxşı oyunumuzu keçirməyə çalışacağıq. Yaxşı nəticə əldə edəcəyimizə inanıram”.

Qeyd edək ki, Azərbaycan-Slovakiya oyunu iyunun 11-də saat 20:00-da start götürəcək.