KÖŞƏ

Sevinc Azadi

“Nikolu inkar et!”

23 iyul 2019 20:20
2566

Ermənistanda yeni hakimiyyətdən xalqın narazılığı gündən-günə artır. Erməni xalqı artıq anlayır ki, Nikol Paşinyan vəd etdiyi yüksək rifahı, demokratiyanı, inkişaf etmiş cəmiyyəti təmin edə bilməyəcək. Əvvəllər Paşinyan xalqa “mən sizin xidmətçinizəm” deyirdi, indi verdiyi bəyanatlara məsuliyyətdən qaçmağa, xalqdan uzaq durmağa çalışır. Belə ki, iyulun 21-də Paşinyan Gümrüdə olub. Baş nazirin gəlişi münasibətilə Gümrü Texnologiya Mərkəzinin ətrafının öncədən blokadaya alınması Gümrü sakinlərini qəzəbləndirib. “Xalqın baş nazirə yaxınlaşmaması üçün Gümrü Texnologiya Mərkəzinin ətrafı tamamilə maneələrlə bloklanıb”. Bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb. Nəşrə görə, Gümrü sakinlərinin çoxu Paşinyana nifrət edir və onu baş nazir kimi görmək istəmirlər: “Əgər maneələr aradan qaldırılmazsa, xalq daha da qəzəblənəcək. Bloklanmış küçələrlə təsadüfi insanlar keçə bilməz. Gümrü sakinlərinin fikrincə, öncədən hazırlanmış adamlar var ki, Paşinyanın simasını qoruyub saxlamaq üçün onlara bu bloklardan içəri daxil olmağa icazə verəcəklər.

Paşinyanın səfərindən əvvəl Gümrünün bir çox küçələrində “Nikolu inkar et” yazıları peyda olub. Bununla da vətəndaşlar Paşinyanın yürütdüyü siyasətlə razı olmadıqlarını ifadə edirlər”, - deyə “Hraparak” vurğulayıb. Bununla bağlı “Facebook” istifadəçisi Anjel Vardanyan da Paşinyanın gəlişindən fotolar paylaşaraq reaksiyasını bu şəkildə bildirib: “Faktiki olaraq Gümrüdə xalq-Baş nazir və xalq arasında maneələr qoyulub. Əslində Paşinyan başa düşür ki, çoxları ondan narazıdır və vətəndaşlara ona yaxınlaşma imkanı verilərsə, bu zaman Paşinyanın əsl siması ortaya çıxacaq, o halda çoxlarının reallıqda onu qəbul etmədiyi məlum olacaq”.

Politoloq Qaqik Qambaryan istisna etmir ki, Paşinyana qəzəbli olan xalq ona “qızmar payız”  hazırlayırlar. Onun sözlərinə görə, hazırda hakimiyyətin reytinqi 80-90 faizdən 40 faizə düşüb: “Boşalan yer isə boş qalmır. Bir vaxtlar hakimiyyətə simpatiyası olanlar mexaniki olaraq digər qüvvəyə dəstək verməyə başlayır”. Onun qənaətincə, hakimiyyət nə qədər çox səhv buraxırsa, cəmiyyətdən uzaqlaşırsa, verdiyi vədləri unudursa, bir o qədər də keçmişlərin nümayəndələri, o cümlədən daşnaklar irəli çıxırlar: “Hakimiyyəti tənqid edir və onun yalanlarını çatdırırlar. Bundan əlavə, tək daxili siyasətdə deyil, xarici siyasətdə də uğursuzluqlar hakimiyyəti çətin duruma salıb. Bu uğursuzluqlar da sözün əsl mənasında Paşinyan üçün “qızmar payız”ı qaçılmaz edir. Narahatçılıqları səsləndiririk ki, Nikol Paşinyan müəyyən nəticələr çıxarsın.”

O da qeyd edilir ki, baş nazir sadə vətəndaşların beynini iqtisadi inqilab, məhkəmə islahatları və həyata keçməsi mümkün olmayan islahatlarla doldurduğu vaxt ölkədə yeni müxalifət formalaşır. Bu qüvvə baş nazirlə ciddi mübarizə aparmağa iddialıdır. Belə ki, bu günlərdə “Daşnaksütyun” “Çiçəklənən Ermənistan” və “İrs” partiyalarının nümayəndələrinin “məxfi aşxam” görüşü baş tutub. Görüş daşnakların təşəbbüsü ilə reallaşıb. Erməni KİV yazır ki, məqsəd parlament və parlamentdənkənar qüvvələrlə ölkədəki siyasi vəziyyəti analiz etmək olub.