20 fevral 2019 10:58
2163

Niyənin niyəsi?

Bir çoxumuzun niyə ilə başlayan cavabsız sualları var. Təbii ki, sualın özü qədər onun cavabı da maraqlıdır. Aparılan araşdırma nəticəsində məlum olmuş çox maraqlı  faktlarla rastlaşırıq:

Niyə idmançılar məşq zamanı ritmik musiqi dinləyirlər?

Musiqi dinləyəndə, məşqlərin  texnikasına  fokuslanmaq və lazımsız fikirlərdən uzaqlaşmaq beyin üçün daha asan olur.

Niyə özümüzü qıdıqlaya bilmirik?

Özümüzü qıdıqlamaq istədikdə beynimiz toxunan hissənin öz bədən üzvümüz olduğunu bildiyi üçün məlumatı “iqnor”, yəni bloklayır. Nəticədə özümüzü qıdıqladıqda qıdığımız gəlmir.

Niyə Niderlanda Hollandiya deyirik?

Ölkənin rəsmi adı Niderland Krallığıdır. Niderland alçaq torpaq kimi tərcümə olunur. Ölkə düzənlik olan sahilyanı ərazidə yerləşir, torpaqların  40 faizi dəniz səviyyəsindən aşağıdadır. Rəsmi dil də Niderland dilidir.  Hollandiya Niderlandın 12 əyalətindən 2-sidir. Şimali və Cənubi Hollandiya. Hollandiya ən güclü və zəngin bölgəsidir. Buradakı şəhərlər də dünyanın  hər tərəfinə üzən nəhəng ticarət  gəmilərinin, pulun və sənətin mərkəzi idi. Dünyaya yayılmış zəngin tacirlər, diplomatlar və alimlər əsasən bu bölgənin sakinləri idilər. Bütün dünya bura Hollandiya, buradan gələnlərə isə hollandiyalılar deməyə başladılar. Niderlandlar ölkələrinə Hollandiya  deyilməsini xoşlamırlar.

Niyə yanaqlarımız qızarır?

Qızartı üzdəki xırda kapilyarların genişlənməsinə görə yaranır. Qan dəriyə axır və üz qızarır. Üzün qızarması narahatlıq göstəricisidir. Bu zaman bədən müdafiə rejiminə keçir. Bədənin idarəsi simpatik sinir sisteminə keçir. Bu tip sinir sistemini də biz kontrol edə bilmirik. Vəziyyətdən çıxmaq üçün  orqanizmi döyüş hazırlığı vəziyyətinə gətirmək lazımdır. Simpatik sinir sistemi orqanizmdə enerjini döyüşə hazırlıq üçün tənzimləyir: nəfəsi və ürək döyüntüsünü sürətləndirir, damarları daraldır, həzm prosesini zəiflədir, göz bəbəklərini  genişləndirir, qanı əzələlərə vurur ki,   hər an dalaşmağa və qaçmağa hazır olaq. Buna görə də əsəbləşəndə, utananda, qorxanda, küsəndə qızarırıq.

Niyə qəpik yığmaq üçün olan daxıllar donuz formasında olur?

Orta əsrlərdə  dəmir  baha olduğu üçün  ev əşyalarını “pygg” adlanan  gildən  düzəldirdilər. Qəpik yığmaq üçün düzələn qaba isə insanlar  “Pygg Bank”  deyirdilər. “PYGG” sözü ingilis sözü olan “pig” sözünə bənzədiyi üçün  daxılın adı “Piggy Bank” qaldı. Bu isə “donuz daxılı” kimi səslənir.

Niyə pəncə düz olduqda hərbi xidmətə aparmırlar?

Çünki bu cür pəncə ilə yerimək çətindir. Düz pəncədən  əziyyət çəkən bir adamın yeriyərək uzun məsafə qət etməsi çox çətin olur. Düz pəncəli ayaq üzərinə  bədənin ağırlığı bərabər yayılmır. Buna görə də ayaqlar tez yorulur. Onların hərbi xidmətdə fəaliyyəti də sağlamlıq üçün ciddi təhlükəyə səbəb ola bilər.

Niyə “Coco Chanel”in  ilk ətri N1 yox, N5 olub?

Koko Şanel Ernest Bodan qadın ətrini yaratmasını xahiş edir. Bo seçim üçün  10 ətir nümunəsini təqdim edir. Koko Şanel bunlardan 5-ci ətiri seçir.  Buradan da ilk ətir yarandı. Qeyd edək ki, Şanelin sevimli rəqəmi “5” olduğu üçün məhz onu seçib.

Niyə yumurta  toyuqdan əvvəl yaranıb?

Yəqin ki, bu sualı eşitməyən çox az insan var: “Yumurta birinci yaranıb, ya toyuq?”  Sualın cavabına təkamül baxımından yanaşdıqda əslində cavab çox asan və sadədir. Əlbəttə ki, ilk yumurta yaranıb, toyuq da yumurtadan çıxıb. Toyuq 10 min il əvvəl təkamül nəticəsində yaranıb. Toyuğun aid olduğu quşlar sinfinin kökü isə 230 milyon il əvvəl yaşamış dinozavrlara  qədər  gedib çıxır. Heyvanlar aləmindəki qurudayaşayanların ilk yumurtaqoyma tarixi isə 340 milyon il əvvələ qədər gedib çıxır. 340 milyon il əvvəldən indiyədək yaşamış quşların  bütün ataları və quşların özü yumurtadan çıxıblar.

Niyə ingiliscə saat deyəndə “o-clock” deyirik?

Bildiyimiz kimi, ingiliscədən tərcümədə saat “clock”dur. Bəs niyə bəzən “o-clock” işlədilir. Mexaniki saatlar məşhurlaşmadan öncə insanlar əsasən günəşə, aya, ulduzlara baxıb vaxtı təyin edirdilər. Əlbəttə ki,  bu tip vaxt təyinetmə metodu mexaniki saatlarla uyğunsuzluq təşkil edirdi.  Bu isə insanları dəqiq vaxtı söyləmək baxımından çətinliyə salırdı. İnsanlar başqa birinə mexaniki saata baxaraq  vaxtı dedikdə “of the clock” yəni saatın göstəricisinə görə vaxt budur. “Of the clock” ifadəsi bu gün  qısalaraq “o-clock” kimi işlədilir.

Niyə eskalatorun əl tutacağı pillələrdən fərqli sürətdə hərəkət edir?

Əl tutacaqları rezindir və üzərinə rezin keçirilmiş təkərlər vasitəsilə hərəkət edirlər. Bu təkərlərin üzərindəki rezin zaman keçdikcə yeyildiyi üçün təkərlərin diametri kiçilir və daha kiçik diametrli təkərlər aşağı sürətlə tutacağı hərəkət etdirirlər, sürət də aşağı düşür.  Təkərlərin rezinlərinin yeyiləcəyini bilən  mühəndislər təkərləri normadan böyük düzəldirlər. Təkər yeni  olanda  daha böyük olur və tutacaq  da daha  sürətlə hərəkət edir. Bir müddət sonra təkər azacıq yeyilir, tutacaq normal hərəkət edir. Daha çox yeyildikcə sürət daha çox aşağı düşür və təkərləri dəyişirlər.

Niyə Bakıda bənövşə rəngli taksilərə “London Taksi” deyirlər?

Hazırkı London taksiləri 1948-ci ildə “Austin”FX3 adı ilə  istehsal edilib və “qara keb”adlandırılırdı. FX3   sonra FX4  ilə əvəz olundu. 1982-ci ildə “Carbodies” şirkəti FX4 modelinin istehsal hüququnu aldı və onun adını dəyişərək “LTI” (London Taxis İnternational” etdi. Yəni ad yarandı  “LTI” Tx4. Bakıdakı taksilər də məhz bu modeldən olan avtomobillərdir.

Niyə köhnə kitablardan qəribə qoxu gəlir?

Kağız düzəldən  ağacın tərkibini əsasən selüloz lifləri  və liqnin təşkil edir. Liqnin kağıza sarımtıl rəng verir, buna görə istehsal prosesində onu aradan qaldırmaq lazımdır. Köhnə texnologiyalar bunu etməyə imkan vermirdi , ona görə də kağız sarımtıl olurdu və tez cırılırdı. Zaman keçdikcə, liqnin  parçalanaraq benzaldehid də daxil olmaqla acı badam qoxusuna  bənzər qoxulu maddələr yaradır. Bizim hiss etdiyimiz qoxu da məhz budur. Müasir kağızda demək olar ki, liqnin yoxdur, buna görə də kitablar zaman keçdikcə nə saralır, nə qoxusunu dəyişir.

Niyə körpələr dünyaya gəldikdə ağlayır?

Buna səbəb qorxudur. Körpə ilk olaraq ananın isti bətnindən  daha soyuq, qeyri-adi bir mühitə düşür. Bunun ardınca isə səslər, toxunuşlar ardınca körpə nəfəs almaq məcburiyyətini hiss edir və nəfəs alır. Bütün bunlara uşaq ağlayaraq  reaksiya verir.

Yaqut Ağaşahqızı, “İki sahil”