14 may 2019 10:45
1538

Niyənin niyəsi...

Bəzi  suallar var ki, özü qədər də  onların  cavabları maraqlıdır. Belə sualları  və cavabları  təqdim edirik:

Niyə qol saatını sol qola taxırıq?

Saat iş zamanı istifadə edilən bir cihaz halına gəldiyindən, sol qola uyğun saat modelləri hazırlamaq məqsədəuyğun idi. Çünki əksər insan sağ əli soldan daha çox istifadə edir. Bir iş görərkən əsas hərəkətlər sağ əl ilə həyata keçirilir. Saata dəyə biləcək zərərin qarşısını almaq üçün saat sol qola taxılırdı. Bundan əlavə, mexaniki qol saatını vaxtaşırı buraraq qurmaq lazım idi, bunu da hamı sağ əllə edirdi. Bu minvalla saatlar sol qola taxılanda rahat olsun deyə sol qola uyğunlaşdırılıb istehsal edilirdi. Bu ənənə saat istehsalçıları arasında dəyişilməz olaraq indiyədək qalmaqdadır. Hazırda saatların əksəriyyəti elektron olduğu üçün sol və ya sağ qola taxmağın heç bir fərqi yoxdur.

Niyə superkley öz qabında  donmur?

Superkleyin tərkibində xüsusi sabitləşdirici bir kimyəvi komponent var. Bu sabitləşdirici komponent superkley molekullarının bir-birinə yapışmasının qarşısını alır və maye halında qalır. Qabdan çıxandan sonra Superkley havada olan nəmlə reaksiyaya girir. Su molekulları elektriklə yüklənir və sabitləşdirici komponenti özlərinə çəkirlər. Sabitləşdirici olmayanda isə superkley donur.

Niyə kompyuterdə yaddaş diski  məhz “C”  hərfi ilə qeyd olunur?

Yüksək qiymətinə görə ilk kompyuterlərdə sərt disklər istifadə edilmirdi. Bunun əvəzinə yaddaş qurğusu kimi disketlərdən istifadə olunurdu. İlk olaraq 5-düymlük disketlər istifadə edilirdi və MS-DOS əməliyyat sistemində bu disket “A” hərfi olaraq təyin edilmişdi. Bir çox kompyuterlərdə iki ədəd belə disk yeri olduğu üçün bunların birincisinə “A”, ikincisinə isə “B” hərfi təyin olunmuşdu. Bir müddət sonra 5 düymlük disketlərin yerini 3,5 düymlük disketlər aldı, “A” və “B” hərfləri indi də bu disketlər üçün istifadə edilirdi. 1980-ci illərin sonlarında satışa çıxan kompyuterlərə artıq sərt disk qoyulmasa başlandı. “A” və “B” hərfi disketlərdə istifadə edildiyi üçün, sərt  yəni  yaddaş diskinə “C” hərfi təyin olundu.

Niyə riyaziyyatda məchul “X” ilə işarə olunur?

IX əsrdə yaşayan riyaziyyat, münəccimlik və coğrafiya sahələrində fəaliyyət göstərmiş Əl-Xarəzminin riyaziyyatda məchulun tapılması araşdırmasından başlayır. Əl-Xarəzmi ilk sadə tənliklərdə Məchulu “X” ilə yox , ərəbcə əşya mənasını verən “ŞEY” sözü ilə qeyd edirdi. Məsələn, iki “ŞEY “ toplananda 6 edirsə, deməli “ŞEY” 3-dür. XII əsrdə Əl-Xarəzminin yazdığı kitablar Avropaya, İspaniyaya gəlib çıxır. Kitab ərəbcə olduğu üçün onu Avropa dillərindən birinə, ispancaya tərcümə etməyə başlayırlar. İspan dilində “Ş” hərfinin qarşılığı “X” kimi yazılır və oxunuşda bu hərf Ş səsi verir. (Xavi - Şavi). Buna görə də “ŞEY” sözünü “XEİ” kimi yazırlar, amma oxunuşda yenə “ŞEY” oxunur. Başqa Avropa dillərinə tərcümə olunduqda isə “XEİ” sözünün ilk hərfini saxlayıb qalanını istifadə etmirlər. Latın əlifbasında yerdə qalan “X” hərfi “İKS” kimi oxunduğuna görə bu dəyərin adı “İKS”  kimi qalır.

Niyə bumeranq geri gəlir?

Təsəvvür edin ki, banan şəklində bumeranqın iki çiyni onun qanadıdır. Təyyarənin qanadları kimi, onların aşağı səthi düz, yuxarı səthi isə qabarıqdır. Bumeranqın bu cür quruluşu rahat uçmaq üçün hava axını yaradır. Bumeranqın bir qanadı digərindən fərqlənir. Bir qanadın iyi səthi içəriyə, digəri isə bayıra tərəf olur. Bumeranqın geriyə dönməsinin əsas səbəbkarı atış üsulu, sürətdən də asılıdır. Bumeranqın başlanğıc sürəti saatda ən azı 10 kilometr, fırlanma sürəti isə saniyədə ən azı 10 dövrə olmalıdır. Bumeranqın bir tərəfi daha münasib olduğu üçün tədricən həmən tərəfə doğru dönür. Bu, velosipedi sükansız sürmək kimidir. Siz hansı tərəfə əyilsəniz, sükan o tərəfə doğru dönür. Bumeranq da havada dairəvi dönərək geri qayıdır.

Niyə dalaqsız yaşamaq mümkündür?

Dalaq orqanizmdəki zəifləmiş qan hüceyrələrini yox edib, yerinə təzə qırmızı qan hüceyrələri istehsal edir və immunitetin güclənməsinə təsir göstərən daxili orqandır. Dalaq xəstələnəndə qan azlığı, halsızlıq, həddindən artıq tərləmə, qarında şişlik, tez yorulma, nəfəs almaqda çətinlik, sol tərəfdə alt qabırğanın altında hiss edilən ağrı kimi narahatlıqlar hiss edirik. Dalaqsız yaşamaq mümkündür, amma immunitet aşağı düşdüyü və orqanizm infeksiyalara qarşı həssas olduğuna görə daha tez xəstələnirik. Dalaq olmadığı halda xüsusi peyvəndlər var, onları mütləq vurdurmaq lazımdır ki, bizi xəstəliklərdən qorusun.

Niyə bəzi  xiyarların üstü tikan-tikan olur?

Yabanı xiyar növlərinin bir çoxu toxumlar yetişməmiş heyvanlar onu yeyə bilməsin deyə tikanlar ilə örtülür. Tam yetişəndən sonra isə tikanlar quruyur və tökülürlər. Tökülən tikanların isə yeri dik formada qalır. Bəzi nəmli tropik iqlimdə böyüyən xiyarlarda isə bu tikan yerlərində ancaq dəliklər olur. Bu dəliklərdən, xiyarın daxilində artıq olan su kənara atılır.

Yaqut Ağaşahqızı, “İki sahil”