06 yanvar 2021 17:36
4854

"Nizami Gəncəvi İli" : Zəngin tarixi-mədəni irsimizin təbliğinə böyük töhfə

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev bildirirdi ki, insanlara şeir qədər, ədəbiyyat qədər, mədəniyyət nümunələri qədər güclü təsir edən, yəni insanların mənəviyyatına, tərbiyəsinə, əxlaqına, fikirlərinin formalaşmasına bu qədər güclü təsir göstərən başqa bir vasitə yoxdur.

Ümummilli Liderin  hakimiyyətinin hər iki dövrünə nəzər salsaq, bu mühüm məqamın şahidi olarıq ki,  daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, ədəbiyyatı,  böyük tarixi keçmişi ilə  qürur duyduğu və gələcək nəsillərin taleyini  düşündüyünə görə  doğma  Azərbaycanı üçün möhkəm baza formalaşdırıb. Nəzərə  alsaq ki, hər bir xalqın varlığı, milli kimliyi ilk növbədə milli-mənəvi dəyərlərində ehtiva  olunur, bu halda ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ilk görüşünü məhz  ziyalılarla keçirməsinin də nə qədər böyük əhəmiyyətə malik, bugünümüzə və gələcəyimizə hesablanmış mühüm addım olduğunu daha dərindən dərk edə bilərik. Ümummilli Lider tariximizə sahib çıxmağı, tariximizin saxtalaşdırılmasına yol verməməyi qarşıya mühüm vəzifə kimi qoymuşdur. Onun milli-mənəvi, dini dəyərlərimizin, dilimizin qorunması, tariximizin öyrənilməsi və gələcək nəsillərə çatdırılması yönümündə atdığı davamlı addımların miqyası genişdir. Ümummilli Lider, eyni zamanda, gənclərə bu çağırışı edirdi ki, tariximizi, ədəbiyyatımızı yaxşı öyrənin, dilimizi, milli-mənəvi dəyərlərimizi qoruyun.

Son 17 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev  2011-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında bu kimi məsələlərə ayrı-ayrılıqda diqqət yönəldərək konkret tapşırıqlarını vermişdir.  “Müstəqillikdən əvvəl bizi millət kimi qoruyub saxlayan milli dəyərlərimiz, milli ənənələrimiz, ana dilimiz, ədəbiyyatımız, musiqimiz olub” söyləyən dövlətimizin başçısı qeyd etmişdir ki,  bu sahəyə dövlət tərəfindən daim diqqət göstərilir. İllik ümumi yığıncaqda Prezident  həmçinin ədəbiyyat üzrə araşdırmaların   davam etdirilməsinin vacibliyini diqqətə çatdırmışdır: "Çünki ədəbiyyatımız dünya ədəbiyyatının inkişafında çox böyük rol oynamışdır. Biz haqlı olaraq bu barədə qürur hissi ilə danışa bilərik."  Cənab İlham Əliyevin Sərəncamı ilə  2019-cu ilin "Nəsimi ili", 2021-ci ilin "Nizami Gəncəvi İli"  elan edilməsində də məqsəd Nəsimi irsinin, Nizami Gəncəvi yaradıcılığının  Azərbaycan xalqının mənəviyyat xəzinəsində rolu və yerini təbliğ etmək, gənc nəslə çatdırmaqdır. Əvvəldə də qeyd etdiyimiz kimi, bu ənənələrin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Dahi klassiklərimiz Ü.Hacıbəylinin, M.Maqomayevin, S.Vurğunun, C.Cabbarlının, M.S.Ordubadinin, Aşıq Ələsgərin yubileyləri məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü  ilə keçirilib, bəzilərinin ev-muzeyləri yaradılıb. Hazırda həmin ev-muzeylərində Azərbaycan xalqının dahi şəxsiyyətlərinin zəngin irsi və yaradıcılığı geniş tədqiq və təbliğ edilir. Dövlətimizin başçısı İlham Əliyevin  2019-cu ili "Nəsimi ili", 2021-ci ili "Nizami Gəncəvi İli"  elan etməsi də Ulu Öndərin bu istiqamətdə gördüyü  işlərin uğurlu davamıdır.

Ümummilli Lider  dünya təcrübəsinə istinadən bildirirdi ki,  yubileylərin keçirilməsi bir tərəfdən yubilyarın xalq, ölkə, dünya qarşısında xidmətlərini bir daha təbliğ və nümayiş etdirmək, digər tərəfdən müasir nəslin ona bəslədiyi hörmət və ehtiramı bildirmək deməkdir.  Dahi şair və mütəfəkkir Nizami Gəncəvinin insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq  anadan olmasının 880 illik  yubileyinin dövlət səviyyəsində qeyd olunması Azərbaycanın zəngin tarixi-mədəni irsinin təbliğinə çox böyük töhfədir. Nizami yaradıcılığı  xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmişdir. Nizami Gəncəvi üçün şəxsiyyətin ən yüksək meyarı insanlıq idi.  Onun qəhrəmanları ədalət, xalqın xoşbəxtliyi, yüksək məqsədlər uğrunda mübarizə aparırlar. İnsan şəxsiyyətinə, insan əməyinə ehtiram şairin yaradıcılığının aparıcı mövzularındandır. Nizami Gəncəvi həm də vətənpərvər şair idi. O, təsvir etdiyi bütün hadisələri Azərbaycanla əlaqələndirməyə, Vətəninin keçmiş günlərini tərənnüm etməyə çalışmışdır. Nizami Gəncəvi yaradıcılığında vətən məhəbbəti doğma xalq yolunda qəhrəmanlıq ideyası ilə birləşir.

Qüdrətli söz ustasının bəşəriyyətin bədii fikir salnaməsində yeni parlaq səhifə açmış ölməz əsərləri bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərir. Korifey sənətkar öz ənənələri ilə seçilən ədəbi məktəbini yaratmışdır. Nizami Gəncəvinin dünyanın ən zəngin kitabxanalarını bəzəyən əsərləri Şərqdə incəsənətin, xüsusən də miniatür sənətinin inkişafına təkan vermişdir.

Dövlətimizin başçısı İlham Əliyevin 2021-ci ilin "Nizami Gəncəvi İli" elan  edilməsi haqqında Sərəncamında da qeyd edildiyi kimi, nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır. Nizami Gəncəvi ömrüboyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaradaraq, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirmişdir. Onun geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoymuşdur. Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan vermişdir.

Nizami dühası hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olmuşdur. Ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülmüş, əsərlərinin nizamişünaslıqda yüksək qiymətləndirilən elmi-tənqidi mətni hazırlanmış, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilmişdir. Nizaminin ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazı yaradılmışdır. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi uğurla fəaliyyət göstərir.

Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə qeyd edilir. Bu mühüm məqam da qeyd edilir ki,  dahi şairin 800 illik yubileyi onun irsinin tədqiqi və təbliğində əsaslı dönüş yaratmışdır. Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyev Nizami irsinə də xüsusi diqqət yetirmişdir. Onun  1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açmışdır. Ölməz sənətkarın 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilmişdir. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilmişdir.

Belə ümumiləşdirmə aparsaq, poeziya dünyasının dahisi Nizami Gəncəvinin  ölməz ədəbi irsi təkcə humanizm, insana məhəbbət, yüksək əxlaq, estetik zövq, tərbiyə və bilik mənbəyi, heç vaxt qiymətini, etik təsirini itirməyən əlvan söz, dərin fəlsəfi fikir, hikmət xəzinəsi olmaqla bərabər, həm də canlı tariximizdir, keçmişimizin ən qaranlıq guşələrinə işıq salan sönməz məşəldir.  Mütəfəkkir şairin  ədəbi irsinin təbliği bütün dövrlər üçün öz aktuallığını qoruyur, ədəbiyyatşünasların qarşısında onun araşdırılıb daha sanballı mənbələrin ortaya qoyulmasını  bir tələbə çevirir. Bu mərhələ orta məktəbdən başlasa da, onun geniş miqyasda inkişaf etdirilməsi üçün hər kəs üzərinə düşən məsuliyyəti yüksək səviyyədə yerinə yetirməlidir.

"Azərbaycan xalqı aciz deyil, onun qəhrəmanlıqla dolu keçmişi var" söyləyən ulu öndər Heydər Əliyevin bu çağırışı bütün dövrlər üçün öz aktuallığını qorumalıdır: "Xalq gərək daim  öz kökünü xatırlasın, tarixini öyrənsin, milli mədəniyyətindən, elmindən heç vaxt ayrılmasın."

Yeganə Əliyeva, "İki sahil"