02 dekabr 2019 17:16
114

Nizami rayonunda təbliğat-təşviqat kampaniyasına uğurla start verildi

23 dekabr 2019-cu il tarixində keçiriləcək bələdiyyə seçkisinin təbliğat-təşviqat mərhələsinə start verilib. Bütün seçki proseslərində olduğu kimi, bələdiyyə seçkisində də xüsusi fəallığı ilə seçilən, ölkənin ictimai-siyasi həyatında aparıcı qüvvə olan Yeni Azərbaycan Partiyası növbəti seçkilərə də yüksək ab-hava ilə başlayıb.

"Xalq üçün" devizi ilə təşviqat kampaniyasına uğurla başlayan Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Nizami rayon şöbəsi də bələdiyyə seçkiləri ilə əlaqədar operativ fəaliyyətə başlayıb.

Qərargah üzvləri, partiya fəalları budəfəki kampaniyanın yüksək səviyyədə həyata keçirilməsi üçün səfərbər edilərək, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq təlimatlandırılıblar.

YAP Nizami rayon təşkilatının fəalları bələdiyyə seçkisində YAP-ın namizədlərinin təşviqat plakatlarını qanunla müəyyənləşdirilmiş yerlərdə yapışdırıblar.

YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva 23 dekabr 2019-cu il tarixində keçiriləcək bələdiyyə seçkisinin təbliğat-təşviqat kampaniyasının yüksək səviyyədə keçirilməsinin vacibliyini söyləyib.

Vurğulayıb ki, prosesin hər bir mərhələsinin uğurla başa çatması nəticələr haqqında tam təsəvvür yaratmağa imkan verir: “İnanırıq ki, seçicilərimizin hər biri 23 dekabr bələdiyyə seçkilərində fəal iştirak edəcək, ölkəmizin hərtərəfli inkişafının davam etdirilməsi naminə YAP-ın namizədlərinə səs verəcək”.

Sədaqət Vəliyeva qeyd edib ki, təşviqat materiallarının yapışdırılması prosesi uğurla başa çatıb, bundan əlavə olaraq ayrı-ayrı bukletlər, təbliğat-təşviqat materialları seçicilərə paylanılacaq. Partiya fəalları YAP-ın seçki proqramı barədə seçicilərə ətraflı məlumatlar verəcəklər.