( Böyük Azərbaycanlı Heydər Əliyevə ithaf )
“Mən öz fəaliyyətimlə göstərmişəm ki, Azərbaycan xalqı istedadlı xalqdır”
Heydər Əliyev
Neçə gün idi ki, Binə hava limanında canlanma hökm sürürdü. Neçə gün idi ki, Bakıya qonaqlar gəlir, qonaqlar qarşılanırdı. Hər gün bir neçə dəfə maşın karvanı hava limanından Bakının mərkəzinə doğru şütüyürdü. Mərkəzdə qonaqlar səliqə-səhmanlı, təmtəraqlı otaqlarda yerləşdirilir və onlara hər cür qayğı, qonaqpərvərlik göstərilirdi.
Dünyanın hər yerindən gələn alimlər, şairlər, ədəbiyyatşünaslar, tanınan, seçilən şəxslər idilər. Onları da Azərbaycanın ən görkəmli qələm ustaları, dövlət və ictimai xadimləri qarşılayırdılar. Müxtəlif dillərdə danışan, müxtəlif görünüşlərdə olan bu insanlar Bakıya Böyük Nizaminin yubileyində iştirak etmək üçün toplaşırdılar. Nizami Gəncəvi yenə dünyanın söz, sənət bahadırlarının fikir dünyasını bura - Bakıya toplamışdı.
Bu gün qonaqların axırıncı dəstəsi Moskvadan gəlirdi. Say etibarı ilə Moskvadan gələn qonaqlar daha çox idi. Axı, dünyanın altıda bir hissəsinə sahib olan ölkənin nümayəndələri də özünə bab olmalıdır. Bu nümayəndə heyətində SSRİ-də yaşayan demək olar ki, bütün xalqların təmsilçiləri var idi. Nümayəndə heyətinə məşhur alim, ədəbiyyat və mədəniyyət tarixçisi Lixaçov Dmitri Sergeyeviç rəhbərlik edirdi.
Qonaqları gətirən təyyarə dövrə vurub enmə üçün ayrılan yerdə dayandı. Xidmətçilər cəld trapı təyyarənin qapısına dayadılar. Qapı açıldı. Əvvəlcə nümayəndə heyətinin başçısı D.Lixaçov göründü. Onun ardınca N.Tixonov, Ç.Aytmatov, S.Sergeyev, O.Süleymanov, S.Baruzdin və b. göründü. Qonaqları ilk olaraq əllərində tər çiçəklər tutmuş uşaqlar qarşıladılar. Sonra qarşılayanların önündə dayanan Mirzə İbrahimov trapdan düşənlərlə bir-bir qucaqlaşır, onları salamlayırdı. Növbə Çingiz Aytmatova çatanda o, Mirzə müəllimi hərarətlə qucaqlayaraq dedi:
- Mirzə müəllim, ulu Nizamiyə əbədi eşq
olsun, bu torpağa eşq olsun. - sonra da əlavə etdi - bu torpağın yetirdiyi böyük simalardan biri olan Heydər Əliyeviçə də eşq olsun. Yaxşı ki, belə insanlar var, onlar bizləri bir yerə toplayırlar.
Çingiz Aytmatovun sözünü eşidənlər öz razılıqlarını bildirdilər. Deyilənlər hamının ürəyindən idi.
Maşın karvanı yubiley iştirakçılarının sonuncu dəstəsini şəhərə aparırdı. Qonaqlar yol boyu ətrafa məftunluqla tamaşa edirdi. 1981-ci ilin payızı qeyri-adi dərəcədə gözəl keçirdi. Günəş hər tərəfi öz qızılı tülünə bürümüşdü. Sanki yer, göy qızıllaşaraq qonaqları təbiət dilində salamlayırdı.
Ön maşında Lixaçov, Ç.Aytmatov və Mirzə müəllim oturmuşdu. Yol boyu Mirzə müəllim qonaqlara son dövrlərdə Azərbaycanda gedən quruculuq işlərindən, elm, ədəbiyyat, mədəniyyət sahəsində görülən əməli fəaliyyətdən ürəkdolusu danışırdı. Bütün bu işlərdə ölkə başçısı Heydər Əliyevin ölçüyə gəlməz xidməti olduğunu deyirdi. O deyirdi ki, Heydər Əliyev sözün həqiqi mənasında respublikada bütün sahələrdə - kənd təsərrüfatında, sənayedə, elm və mədəniyyətdə əsl inqilab yaratmışdır.
- “Qoy ədalət qalib gəlsin”. Heydər Əliyeviçin bu şüarı bütün ittifaqda əsl əks-səda doğurmuşdur. - Bu sözləri qocaman alim Dmitri Lixaçov dedi.
Çingiz Aytmatov onun sözünə qüvvət verərək dedi:
- O yerdəki ədalət var, orada tərəqqi də, inkişaf da vardır. Hələ vaxtıkən mənim adaşım Çingiz xan demişdir ki, mən dünyanı ədalətlə fəth etmişəm. Ətrafımda olan bütün insanlara bacarıq və qabiliyyətinə görə iş tapşırdım və gördüm ki, güc-qüdrət, nizam-intizam da bundadır.
Lixaçov həmkarının sözünü təsdiqlədi:
- Böyük zəka sahibləri həmişə ədalətlə iş görüblər, ədalətlə xalqla rəftar ediblər, xalq da belələrinin adını tarix kitabına qızıl hərflərlə yazaraq əbədiləşdiriblər.
Lixaçovun fikri ilə həm Mirzə müəllim, həm də Çingiz Aytmatov razılıqlarını bildirdilər.
Söhbət elə şirin olmuşdu ki, şəhərə gəlib çatdıqlarını belə bilmədilər. Qonaq evinin qarşısında proqramla tanış oldular. Qonaqlar istirahət etdikdən, qısa gəzintidən sonra saat 20.00-da Azərbaycan KP MK-da Heydər Əliyevin görüşündə olmalıydılar. Hamı saatına baxdı. Görüşə xeyli vardı. Ona görə də proqram üzrə qonaqlar istirahət etdikdən sonra birlikdə Nizami Gəncəvinin heykəli önünə gəlib əklil qoydular. Sonra sahil xiyabanını gəzdilər. Bakının dəniz kənarı parkı xarici qonaqların çox xoşuna gəlmişdi. Onlar böyük maraq və heyranlıqla Xəzərin boynuna mirvari tək sarınmış şəhərə baxırdılar.
Şəhərə tamaşanın ən gözəl yeri Dağüstü Park idi. Buradan Bakının füsunkar çöhrəsi necə də əsrarəngizdir. Qonaqlara Bakının keçmişi və bu günü haqqında məlumatlar verilirdi:
Qonaqlardan kimsə:
- Şəhərdə nə çox tikinti gedir, sizin Bakı lap tikinti meydanını xatırladır.
Bunu eşidən şair Nəriman Həsənzadə izahat verdi.
- Doğru deyirsiniz. Həqiqətən də bizim Bakıda gedən tikinti çox az şəhərdə ola bilər. Bakını “addımlayan şəhər” adlandırırlar. Bu tikinti də Heydər Əliyev yoldaşın xidmətidir. - Sonra şair yeni salınmış mikrorayonlar haqqında ətrafında olanlara danışdı. O, əlini uzadıb yaşıllığa bürünən dağları, təpələri göstərərək sözünə davam elədi:
- Gördüyünüz o yaşıllıqlar, parklar da onun dövründə salınıb.
Moskvalı şair Sergey Sergeyev şair dostunun sözünü təsdiqlədi:
- Nəriman doğru deyir. Mən bu quruculuğu, bu yaradıcılığı öz gözlərimlə görmüşəm. Çünki şahidiyəm.
Kimsə dilləndi:
- Məgər sən bakılısan?
- Hə, hə, - deyə Sergey bərkdən güldü: - Mən Bakının fəxri vətəndaşıyam. Axı, mən böyük Mirzə Ələkbər Sabiri rus dilinə tərcümə etmişəm. O vaxtlar, necə deyərlər bir ayağım Bakıdaydı, bir ayağım da Moskvada. Heydər Əliyeviç heç bilirsiz Bakıda nə qədər heykəllər qoydurub. Bir baxın, buradan Nəriman Nərimanova ucaldılan abidə necə əzəmətlidir.
Bunları eşidən xarici ölkədən gələn qonaq dedi:
- Xalqının tanınmış simalarına abidə ucaldan dövlət başçısı, heç şübhəsiz özünə də abidə qoymuş olur.
Bu deyilən sözlərlə hamı razılaşdı. “Elədir”, “doğrudur” sözləri eşidildi:
Elə bu vaxt xəbər gəldi ki, qəbula getmək lazımdır. Heydər Əliyev MK-da qonaqları gözləyir.
Qonaqlar MK-ya çatanda saat 19.00 idi. Deyəsən görüş bir saat tez başlayırdı.
Heydər Əliyev görüş keçiriləcək salonun qapısı ağzında qonaqları gözləyirdi. Onunla birlikdə Nizami Gəncəvinin Yubiley Komissiyasının üzvləri, Azərbaycan KP MK-nın büro üzvləri də dayanmışdılar. O, qonaqlarla gülər üzlə görüşür, “xoş gəlmisiniz” deyir və salona dəvət edirdi.
Heydər Əliyev qonaqlar, iştirakçılar salonda öz yerlərini tutduqdan sonra içəri keçib öz yerində ayaq üstə dayandı. Onun çöhrəsində yalnız ona məxsus xoş ifadə vardı. Dodaqlarında sevinc təbəssümü bütün aydınlığı ilə görünürdü. O, qonaqlara xitabən sözə başladı:
- Çox hörmətli yubiley iştirakçıları, Sizi bir daha öz adımdan, Nizami Gəncəvi Yubileyi Komissiyası üzvləri adından, bütün Azərbaycan xalqı adından salamlayıram. Sizə - bütün qonaqlara, yubiley iştirakçılarına xoş gəlmisiniz deyirəm.
Salonu alqış sədaları bürüdü.
- Bu gün qonaqlarımız çoxdur. Burada bütün qitələrdən nümayəndə vardır. Onlar uzun yollar qət edib, bizə təşrif gətiriblər. Onlara təşəkkür edirəm. Bu bir daha göstərir ki, Nizami Gəncəvi təkcə Azərbaycan xalqına deyil, bütün dünyaya məxsusdur. Buna biz azərbaycanlılar sevinirik. Açıq deyirəm, qürur duyuruq. Bir ilə yaxındır Azərbaycanda, SSRİ-nin bütün respublikalarında, Moskvada, Leninqradda yubileylə bağlı, elmi konfranslar, ədəbi tədbirlər keçirilmişdir. Tədbirlərin keçirilməsində xidməti olanların hamısına öz razılığımı, minnətdarlığımı bildirirəm.
Sonra o, Nizami Gəncəvi poeziyasının məziyyətlərindən, onun dünya poeziyasında tutduğu mövqedən, “Xəmsə”nin Nizamidən sonra gələn şairlərə göstərdiyi təsirdən ətraflı danışdı. Heydər Əliyev heç nəyə baxmadan danışırdı. Qonaqların, xüsusilə də onu ilk dəfə görən, dinləyən xaricdən gələnlərin marağına səbəb o idi ki, yubiley komissiyasının sədri dərin biliklə ədəbiyyatşünas, şair qəlbli, şair ruhlu bir şəxs kimi danışırdı.
- Nizami təkcə böyük talanta malik şair deyildir, o həm də öz xalqının oğludur. Onun əsərlərində Azərbaycan xalqının ruhu, mənəvi dünyası əsas aparıcı xətdir. Nizami filosof şairdir. Dövrünün elm, sənət bahadırlarından biri idi Nizami. Şair fəlsəfə, məntiq, astronomiya, tibb və s. elmlərə dərindən bələd olmuşdur. Hamınız mənimlə razılaşarsınız ki, Nizami dünyəvi, bəşəri şairdir. Bütün xalqları öz doğma xalqı kimi sevir, hörmət edirdi. O, bütün bəşəriyyəti azad, hər cür istismar və zorakılıqdan azad görmək istəyirdi. Şair dövrünün və gələcək hökmdarları ədalətə, sülhə çağırırdı...
Salonda milçək uçsa səsi eşidilərdi. Hamı ona diqqət kəsilmişdi. O isə danışırdı. Şövqlə danışırdı. Nizami poeziyasının hələ açılmamış sirli dünyasından danışırdı. Fikrini sübut üçün şairin poeziyasından misralar, bəndlər deyirdi. Bu isə güclü yaddaşdan, Allah vergisindən xəbər verirdi. Bəzən hər hansı misranın, fikrin dəqiq tərcümə olunmasını deyirdi. Təkcə demirdi, onu əsaslandırırdı. Poeziyanın başqa dillərə olduğu kimi tərcümə olunub çatdırılmasının çətin olduğunu deyirdi...
Birdən o, saatına baxdı. Saatyarım idi danışırdı. Yekunlaşdırmağı qərara aldı. Fikir zəncirinin həlqələri elə düzülmüşdü ki, onları ayırmaq hələm-hələm asan deyildi. İstədiyini demişdi. Sonra gülümsünərək oturanlara baxdı.
- Mən böyük mütəfəkkir Nizami haqqında çox danışa bilərəm. İndisə söz sizindir. Burada iştirak edən hər bir qonaq danışa bilər.
Son sözlər təvazökarlıq olsa da, oturanlar tərəfindən yaxşı qarşılandı. Salonda canlanma yarandı. Hamı bilirdi ki, Heydər Əliyev kimi danışmaq hər adama nəsib olan şey deyildir ...
Heydər Əliyev çıxışını bu sözlərlə qurtardı:
- Bu bir həqiqətdir. Biz hamımız gedəcəyik bu dünyadan. Nəsillər dəyişəcək. Ancaq Nizami Gəncəvi ev sahibi kimi həmişə qalacaq, poeziya kəhkəşanında əbədi parlayacaqdır.
O əyləşdi. Qonaqlara müraciətlə:
- İndisə söhbətimizi sərbəst aparaq. Kim istəsə danışa bilər. Ancaq - o güldü, - danışmağa vaxt olacaq. Sabah siz Nizaminin vətəni Gəncəyə gedəcəksiniz. İki gündən sonra Bakıda yubiley təntənəsi olacaqdır. Güman edirəm ki, hər şey yaxşı olacaq. İndisə yorulmamısınızsa söhbəti davam etdirə bilərik.
Ona elə gəldi ki, qonaqlar öz yorğunluqlarını büruzə verib dağılışacaqlar. Ancaq belə olmadı. Lixaçov söz istədi.
- Buyurun, buyurun Dmitri Sergeyeviç - deyə Heydər Əliyev dilləndi. Sonra da: - xahiş edirəm, elə oturan yerdə danışaq. Belə daha səmimi olar, deyilmi?
- Sağ olun, Heydər Əliyeviç, - deyə Lixaçov sözə başladı.
- Ən əvvəl mən də öz adımdan və nümayəndə heyətimiz adından Sizə dəvət üçün, belə gözəl qarşılandığımız üçün təşəkkürümüzü bildirmək istəyirəm. Siz bizim yorulduğumuzu soruşdunuz. Nə yorulmaq, canım. Heç, Sizin söhbətinizdən yorulmaqmı olur?! Mən görürəm ki, qonaqlar içərisində ən yaşlısı mənəm. Yoldaş Əliyev yarızarafat, yarıciddi mən bunu çox sevdiyim Mirzə Əjdəroviçə də dedim, indi Sizə də deyirəm, bu il 1981-ci ildir. Bu da ki, Nizami Gəncəvi üçün təqdim yubileyi deyil. - Alim son sözləri səmimi gülüşlə dedi.
Heydər Əliyev onun fikrini göydə tutdu.
- Dmitri Sergeyeviç, Nizami Gəncəvi elə bir dühadır ki, onun yubileyini hər il keçirmək olar.
- Elədir, mən bu sözlə şərikəm. Bu, həm də Sizin böyüklüyünüzə dəlalət edir. Bilirsiniz ki, bizim Leninqrad, Moskva alimləri Yevqeni Bertels, Nikolay Marr və başqaları Nizami haqqında çox yazıblar.
- Elədir, 1941-ci ildə Leninqradın blokadası günlərində ilk dəfə orada Nizaminin 800 illiyi qeyd olunmuşdu. - deyə Mirzə müəllim söhbətə müdaxilə etdi.
- O işin təşəbbüskarı burdadır. Xalqımızın dostu Nikolay Tixonov burdadır. - Heydər Əliyev şairi göstərdi. Sonra da: “Azərbaycan xalqı şair xalqdır” sözləri də ona məxsusdur.
Nikolay Tixonov qoşa əlini sinəsinə qoyaraq - Nizami həm də bizimdir. Şərqdə ilk dəfə rus gözəlinə o dahi tərif verib.
- Mən görkəmli şərqşünas alim Bertelsin Nizami haqqında tədqiqatlarını oxumuşam. Çox dəyərli əsərlərdir. Nizami haqqında o qədər deyilib, o qədər yazılıb ki, yeni söz demək asan deyildir.
- Nizami tükənməz dəryadır. Ora hər baş vuran bir inci tapır. Bunu Şanxaydan gələn şərqşünas Çözi dedi.
- Elədir, elədir, - Heydər Əliyev onun sözünü təsdiqlədi. - Mən Çində olanda gördüm ki, Nizamini orada necə sevirlər.
- Yoldaş Əliyev, Şanxayda bu klassikə heykəl qoyulubsa, bu, təsadüfi deyildir.
Olcas zarafatla dedi:
- Çin qızını elə poetik mən də təsvir etsəydim yəqin mənə də orada heykəl yapardılar.
Olcasın sözünə hamı güldü. Məclis o qədər xoş, o qədər ürəkdən gedirdi ki, vaxtın necə keçdiyinin fərqinə varan yoxuydu. Tez-tez məclisə gətirilən Azərbaycan çayı beyinləri dincəldir, əhval-ruhiyyəni yaxşılaşdırırdı. Söhbətsə səngimək bilmir, getdikcə daha maraqlı, daha şirin olurdu. Nizami dühası bütün dünyanı bu məclisdə birləşdirmişdi. Hərə öz dilində, öz nisanında söhbət açır, yenilməz poeziyanın hüdudsuzluğundan danışırdı.
Ardı var
MUSA QULUZADƏ,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının professoru, tarix elmləri doktoru, Azərbaycan Yazıçılar
Birliyinin üzvü, Əməkdar müəllim
Möhtəşəm ruh, inanılmaz əzm: Qarabağ və Şərqi Zəngəzur dirçəlir, çiçəklənir...