15 yanvar 2019 10:43
396

Norveçdə neft hasilatı azalır

Xərclərin düzgün idarəsi, səmərəliliyin artırılması və digər səylərə baxmayaraq, Qərbi Avropanın ən böyük neft hasilatçısı Norveçin neft hasilatı 2018-ci ildə 2017-ci illə müqayisədə xeyli azalıb və bu ildə 1988-ci ildən bəri ən aşağı səviyyəyə düşəcəyi proqnozlaşdırılır.

Ötən il Norveçin gündəlik hasilatı 2017-ci illə müqayisədə 6,3 % aşağı düşərək, 1,49 milyon barrel təşkil edib. 2019-cu ildə neft hasilatının 4,7% aşağı düşəcəyi, günə 1,42 milyon barrel olacağı gözlənilir.

Neft hasilatının 2020-ci ildən yüksələcəyi güman olunur və bu 2019-cu ildə Şimal dənizində başlanılacaq nəhəng “Johan-Sverdup” layihəsi ilə əlaqələndirilir. 2,1-3,1 milyard barrel neft ekvivalenti həcmində resursa malik “Johan-Sverdup” layihəsi Norveçin tarixində ən önəmli sənaye layihələrindən biri olacaq və layihə üzrə hasilat Norveçin ümumi hasilatının 25%-ni təşkil edəcək.

“Kəşfiyyat işlərinin yüksək səviyyədə davam etməsi Norveç şelfinə marağın böyük olduğunu göstərir. Hazırkı səviyyədə resurs artımı 2025-ci ildən sonra hasilatı yüksək saxlamağa kifayət etməyəcək. Buna görə də daha gəlirli resurs mənbələri kəşf edilməlidir və vaxt gedir”,- deyə Norveç Neft Direktoratlığının rəhbəri Bente Niland bildirib.